Əli Əliyev: “İdarəçilik sistemi dəyişməlidir”
Sərdar Cəlaloğlu: “Dövlət “maşını” xarabdır, sökülüb yenidən yığılmalıdır”
Bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələ 26 sentyabrda baş tutacaq referendumdur. Konistitusiyaya ediləcək dəyişikliklərin siyasi proseslərə təsiri qaçılmazdır. Ancaq bu hansı yöndə baş verəcək, onu zaman göstərəcək. Bununla bağlı verilən məlumatlarda bildirilir ki, referendumdan sonra icra hakimiyyətində yoxlamalar aparılacaq və işində qüsur aşkarlanan icra başçılarının işinə son veriləcək, yeni sistem quraşdırılacaq. İcra hakimiyyətlərində aparılan bu yoxlamalar nə ilə nəticələnəcək və siyasi proseslərə nə kimi təsir edəcək?
Qeyd edək ki, bir müddət öncə yerli icra hakimiyyətlərinin ləğv olunması məsələsi də gündəmə gəlmişdi. Bu məsələ ictimaiyyətdə geniş müzakirə olundu, ancaq heç bir addım atılmadı. Əsasən regionlarda əhalinin böyük hissəsi icra hakimiyyətlərindən narazı qalırlar. Bununla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev də mətbuata açıqlamasında yerli icra hakimiyyətlərinin ləğv olunmasının vacibliyini vurğulamışdı: “Prezident öz konstitusion səlahiyyətlərindən istifadə edərək bütün icra başçılarını kütləvi istefaya göndərməlidir.
Onların yerinə işgüzar, xaricdə təhsil almış, müasir fikirli gənclər gətirilməlidir. İslahatın növbəti dalğası kimi isə yerli icra hakimiyyəti orqanları ləğv edilməlidir, həmin gənclər isə yerlərdə prezidentin səlahiyyətli nümayəndələri kimi saxlanılmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətləri isə bələdiyyələrə verilməlidir”.
İcra hakimiyyətlərində total yoxlama
“Cümhuriyət”ə şərhində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev aparılacaq yoxlamaların nəticə verəcəyini hesab etmədiyini dedi. Onun sözlərinə görə, hakimiyyət bütövlükdə idarəçilik sistemini dəyişməlidir: “Bu dəyişikliklər kosmetik xarakter daşıyır. Əgər hakimiyyət vəziyyəti köklü şəkildə dəyişmək istəyirsə məsələyə digər tərəfdən baxmalıdır. İcra nümayəndələri daha çox xalqın içindən seçilməlidir. Əks halda heç bir dəyişiklik, yoxlama, yenilik işə heç bir fayda vermir. Düşünürəm ki, hakimiyyət bütövlükdə idarəçilik fəlsəfəsini dəyişməlidir, ya da mövcud olanı qoruyub saxlamalıdır. Bu cür dəyişikliklərlə nəyəsə nail olmaq olmur. Ümumiyyətlə, idarəçilik aparatı sadələşdirlilməlidir. Onsuz da bu günki dünyanın öz tələbi var. Bu gün neftin qiymətində, iqtisadiyyatın vəziyyətində şişirdilmiş hökumət, yerli strukturlar saxlamaq mümkün olmayacaq. Ona görə də istər-istəməz hakimiyyət ixtisarlara getməli olacaq. Amma bu günki hegomon idarəçiliyin dəyişəcəyini düşünmürəm. Çünki yerlərdə seçkili qurumlar da digər təyinatlı qurumların təsri altında işləyir”.
İcra hakimiyyətlərində total yoxlama
Azərbaycan Demokratik Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu da bu cür yoxlamların əsassız olduğunu dedi. O, hesab edir ki, hakimiyyət öz dayanıqlığını artırmaq üçün islahata getməyəcək: “Bu cür yoxlamaların heç bir əsası yoxdur. Çünki Azərbaycanda hakimiyyətin siyasətini aparan insanlar vəzifəyə gətirilir. Yoxlamalar aparılanda da çıxarılan şəxsin yerinə yenə də mahiyyətçə eyni olan adamlar gətiriləcək. Ümumiyyətlə, əgər bir qurumda qüsur varsa, onu “təmir” etməklə düzələn deyil. Məsələn, bir maşın xarabdırsa, həmin maşını işlədən sənətkarın elə bir rolu yoxdur. O, mütləq zay məhsul buraxacaq. Azərbaycanda da dövlət maşını xarabdır. Bu maşın sökülüb yenisilə əvəz olunmayana qədər Azərbaycanda heç vaxt qüsursuz kadrlar ortaya çıxmayacaq. İcra strukturlarını ləğv etmək olmaz?
Çünki prezident hakimiyyətinin yerli idarə orqanı icra hakimiyyətləridir. İcra hakimiyyətlərinin ləğv olunması prezident institutunun ləğv edilməsi deməkdir. Bunun heç bir əsası yoxdur. Sadəcə Azərbaycanda inzibati ərazi bölgülərini birləşdirib mahal sisteminə keçmək olar. Məsələn, Azərbaycanı 6 mahala: Naxçıvan, Lənkəran, Şimal, Şirvan, Gəncə və Bakı bölmək olar. Hər birinə də bir icra hakimiyyəti vermək olar. Digər tərəfdən də Türkiyədə olduğu kimi valilik sisteminə keçmək olar. Bir neçə rayonu da birləşdirib bir valiliklə idarə etmək olar. Amma indiki konstitusiya ilə bağlı keçirilən referendum da göstərir ki, Azərbaycanda kadr islahatları aparılmır, əksinə, kadr potensialının şişirdilməsi işi gedir. Hakimiyyətdə olan şəxslər öz hakimiyyətini məhz vəzifədə olan qohumlarının hesabına saxlamaq istəyir. Ona görə də, nə qədər şişirdilmiş struktur varsa, o qədər də hakimiyyətin dayaqları var”.
Politika.Az