Nazirlər Kabineti pensiyaya gedir: deputatlar da dilə gəldi - təfsilat

24-08-2016, 15:00   
Nazirlər Kabineti pensiyaya gedir: deputatlar da dilə gəldi - təfsilat


Nazirlər Kabinetinin funksionallığını itirdiyi artıq rəsmi şəkildə təsdiqlənir. Dövlətin sosial-iqtisadi layihələrində, reformaların həyata keçirilməsində tətikləyici rolu olmayan Nazirlər Kabinetinin fəaliyyətinə xitam verilməsi üçün ciddi zərurət yaranıb

Politika.Az xəbər verir ki, artıq ölkə rəsmiləri də Nazirlər Kabinetinin islahatların önündə getmədiyini və əksinə, tormozlayıcı funksiyanı yerinə yetirdiyini etiraf edir. Bu günlərdə deputat Əli Hüseynli açıqlamasında qeyd edib ki, NK islahatların önündə getməyib.

Əslində, bunu illərdir ekspertlər, siyasətçilər dilə gətirirdi və hakimiyyətin daxili siyasətində ciddi əngəl olan quruma çevrildiyini açıqlayırdılar. İqtisadçı alimlərin hakimiyyətə təqdim etdiyi təkliflər paketində də çıxış yolları göstərilib.

Amma qocalar evinə çevrilmiş Nazirlər Kabineti ilə bağlı hər hansı praqmatik siyasət yürüdülmədi.

Artıq dövlət rəsmilərinin, iqtidar mediasının NK barədə söylədikləri deməyə əsas verir ki, ölü qurum arxivə göndəriləcək. Buna hazırlıq gedir və sentyabrın 26-da keçiriləcək referendumdan sonra vitse-prezidentlik institutun yaradılması Nazirlər Kabinetinin səlahiyyətlərini sıfıra endirəcək.

Politika.Az xəbər verir ki, millət vəkili Hikmət Babaoğlu bu mövzuda danışıb. Deputat deyib ki, bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir: “Bu prosesdə Nazirlər Kabineti ilə bərabər vitse-prezidentlik institutu da olacaq. Onlar bir-birinin təkrarı deyil. Nazirlər Kabinetinin bu vaxta qədər ölkə iqtisadiyyatında, ölkənin idarə olunmasında, islahatların aparılmasında lokomotiv olub-olmaması da müzakirə məsələsi deyil.

Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu müqayisə oluna bilməz. Bu baxımdan biz məsələnin daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik”.


Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar