Son günlər devalvasiya narahatlığı yenə artıb
Politika.Az xəbər verir ki, insanları milli valyutanın taleyi maraqlandırır.
Hamını bir sual düşündürür: manatı nə gözləyir? Hətta hökumətin daxilində bununla bağlı qeyri-müəyyənlik mövcuddur. Ən azı maliyyə blokunda Mərkəz Bankla Maliyyə Nazirliyi arasında həmişəki fikir ayrılığı qalmaqdadır.
İqtisadçı-ekspert Samir Əliyev Politika.Az-a deyib ki, 3 ay ərzində yumşaq devalvasiyanın şahidi olduq: “Manat bu müddətdə dəyərini 9% itirdi. Hətta neftin bahalaşması manatı xilas edə bilmədi.
payız devalvasiyası gəlir
Sentyabrdan başlayaraq yeni şərait yaranır. Təəssüf ki, manatın sabitliyi təmin edəcək şərait yoxdur. Hətta Mərkəzi Bank valyuta hərracına 600 milyon dollar çıxarıb bankların tələbatını tam ödəsə belə zəmanət yoxdur ki, növbəti hərracda yeni tələbat yaranmayacaq”.
Ekspertin fikrincə, səbəb sadədir: “Ölkədən rəsmi və qeyri-rəsmi şəkildə kapital axını mövcuddur. Ölkəyə isə həmişəkindən dəfələrlə az dollar gəlir. Ölkəyə valyuta gətirən kanallardan ancaq biri - Neft Fondu işləyir.
Mərkəzi Bank xeyli vaxtdır bazarda iştirak etmir və hələki azalmış ehtiyatlarını qoruyur. Digər kanal olan SOCAR-ın başı öz problemlərinə qarışıb. 92 markalı benzinin idxalı SOCAR-a ayda təxminən 40 milyon dollara başa gələcək və istisna deyil ki, həmin vəsait bazardan götürüləcək.
Ona görə də əsas yük Neft Fondunun üzərinə düşür. Hər bir halda yumşaq devalvasiya siyasəti davam etdirilməlidir. Çünki kəskin devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb”.
Politika.Az