"Gənclərin "qanuni oğru" olmaq arzularını başa düşdüm"

6-09-2016, 20:54   



"Bakı Slavyan Universiteti'nin rektoru Nurlana Əliyevanı heç vaxt görməmişəm, adını isə birinci dəfə mozaika söküntüsü ilə bağlı eşitdim. Onun şəxsinə bu qədər vaxt ayırmağımın isə özəl səbəbləri var. Mənim üçün həmişə Universitet və digər tədris ocaqlarının rəhbərləri nazir və digər vəzifəlilərdən üstün olmuşdur. Son dövrlər bu sahədə işləyənlərin əməlləri ilə tanış olduqca gələcəyimizin təhlükədə olduğunu görürdüm. Bu sahədəkilər cəmiyyətimiz üçün intellekt, mədəniyyət nümunələri olmaq əvəzinə toyxana sahibləri, alverçilər, dələduzlar oldular. Əvvəllər bu halın təsadüflər, anlaşılmamazlıqlar nəticəsində olduğunu düşünsəm də bu gün tam ayrı fikirdəyəm. Hesab edirəm ki, bunlar bilərəkdən bu millətin gələcəyini, mədəniyyətini, əxlaqını pozmaq üçün edilir. TV-lərin kütləvi şəkildə mədəniyyətsizlik, əxlaqsızlıq yaymaları barədə çox deyilib, sonda onların adını telekanalizasiyalar qoydular. Bu gün Ali məktəb ocaqlarında baş verənlər isə daha acınacaqlıdır.
Tək, N.Əliyevə nümunəsi kifayətdir. Ən azından səhifələrimdə, instagram'da yazılan minlərlə şərhlərdən görünür ki, bu xanım Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru işlədiyi 26 illik dövrdə oranı əsl bazara çevirib, tələbələrin gəncliyini məhv edib, onların misli görünməmiş nifrətini qazanıb. Rüşvətlər az qala zor hesabına alınıb. Bunu görmək üçün bir neçə saat Facebook və instaqram səhifələrimdə yazılan şərhləri oxumaq kifayətdir. Mozaika biabırçılığından sonra bu xanımın kimliyini hamı gördü, son müsahibəsindən sonra isə nə üçün Azərbaycan gənclərinin "qanuni oğru" olmaq arzularını başa düşdüm. Həmin müsahibədə olan ifadələrin çoxu ali təhsil ocağının yox, oğru dünyasının jarqonu idi.

Bu məsələ bir aydan artıqdır ki, davam edir, bu biabırçılıqları ən azından Təhsil naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bilirlər. Ola bilsin ki, N.Əliyeva vəzifəyə təyin olunanda bu məqamları bilməyiblər, hərçənd ki, şəxsən mən buna da inanmıram. Axı bir aydır Azərbaycan mətbuatı bu barədə yazır, demək bilməmək istisna olunur. Demək ki, adı çəkilən şəxslər baş verənləri, Nurlana Əliyevanın kimliyini bizdən də yaxşı bilir və bütün bunları bir daha deyirəm, gələcəyimizi məhv etmək üçün bilərəkdən edirlər!"

Aslan İsmayılov, tanınmış hüquqşunas
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar