Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyadan diplomatik təhdid: Səfir 29 dekabr təxribatını Azərbaycanın üzərinə atır

14-02-2017, 16:27   


Arzu Nağıyev: “Rusiya bununla seçkiqabağı Sarkisyana dəstəyini nümayiş etdirir”

Rusiya vətəndaşı Sergey Lapşinin saxlanılmasından sonra Kreml Azərbaycana diplomatik təzyiqləri artırıb. Bu təzyiqlər daha çox Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyin artması ilə müşahidə olunur. Eyni zamanda, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Lapşinin azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəklərini bildirmişdi. Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə edilməməsinə görə, Azərbaycan tərəfini ittiham edib: “Beynəlxalq vasitəçilərin razılaşmasına əsasən münaqişə zonasında insidentlərin araşdırılması və ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı mexanizmlər hazırkı ana qədər reallaşdırılmayıb.

Bundan başqa, ötən ilin dekabr ayının 29-da Ermənistanın Azərbaycanla sərhəddində silahlı toqquşma baş verib. Həmin vaxt erməni hərbçiləri həlak olublar, hücuma keçən azərbaycanlı əsgərlərindən biri isə Ermənistan ərazisində öldürülmüşdü” -diplomat belə deyib. Halbuki, həmin təxribatın Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyi sübuta yetirilib. Dekabrın 29-da gecə saatlarında Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu Tavuş əyalətinin Çinari kəndi istiqamətindən Tovuz rayonunun qarşı tərəfdə yerləşən yüksəklikdəki mövqelərinə hücuma keçib. Atışma nəticəsində Ermənistan silahlı qüvvələrinin bir leytenantı və iki əsgəri məhv edilib. Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanovu qətlə yetirən düşmən hərbçimizin meyitini də özü ilə aparmışdı. Ermənistan tərəfi Çingiz Əsgərovun cənazəsini 40 gün saxlanıldıqdan sonra beynəlxalq təşkilatların təkidi ilə Azərbaycana qaytarmağa razılıq verdi.

Bütün bunları bildiyi halda, Rusiya səfirinin Azərbaycanı təxribatçı kimi qələmə verməyə çalışması təbii ki, rəsmi Bakıya yönəlik diplomatik təhdid kimi başa düşülə bilər. Xatırladaq ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Dağlıq Qarabağın Azərbaycanın daxili işi olmadığı barədə qeyri-ciddi fikir səsləndirmişdi.



Politoloq Arzu Nağıyevin fikrincə, İvan Volınkinin açıqlaması təsadüfi deyil və müəyyən siyasi məqsədlərə hesablanıb: “Dağlıq Qarabağ münaqişəsinin həllində əsas açar olan fiqurlardan biri məhz Rusiyadır. Qərbin təzyiqləri artdıqca, Rusiya bu problemin həllində daha maraqlı olmalıdır. Çünki SSRİ-nin xələfi kimi Rusiya varisliyi öz üzərinə götürürsə və yaranmış ocaqları yenidən alovlandırmaq istəmirsə, belə münaqişələrin həllinə çalışmalıdır. Təsəvvür edək ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. Bu halda nə baş verə bilər? Münaqişə aradan qalxsa və Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qaytarılsa, o zaman Ermənistan Qərbə üz tutacaq. Əgər münaqişə qalmaqda davam edərsə, Rusiya bundan siyasi dividend əldə edəcək. Status-kvonu saxlamaq, Rusiyaya loyal rejim kimi Srakisyanın hakimiyyətdə qalmasını təmin etmək Rusiyanın əsas məqsədlərindən biridir. Eyni zamanda, Rusiya Ermənistanın siyasi elitasına dəstəyini göstərmək istəyir.

Bu da belə çıxışlarla nəticələnir. Eyni zamanda, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanın yanında olduğunu, öz hərbi bazalarını qorumaq məqsədilə nümayiş etdirir. 2016-cı il dekabrın 29-da cəbhəınin Tovuz istiqamətində təxribatın Azərbaycan tərəfindən törədilməsi barədə fikir söyləməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrə bir mesaj göndərmək istəyir. Halbuki, Çingiz Qurbanovun nəşi qaytarılanda Ermənistan təxribatın onlar tərəfindən törədildiyini boynuna götürmədi. Necə ola bilər ki, hücum edən tərəf 4-5 nəfər itki verir və bizim bir nəfər əsgərimiz şəhid olur. Düşünürəm ki, bütün bunlar aprel ayının 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə hesablanıb. Onlar aprelin 2-ni də məxsusi olaraq seçiblər ki, bayram etsinlər. Prezident Sarkisyan bu yolla öz elektoratını gücləndirmək istəyir. Ermənistanda seçkiqabağı iki xətt müşahidə olunur. Bunlar Rusiyayönümlü və Qərbyönümlü siyasi xəttlərdir. Rusiyayönümlü qüvvələr separatçılara Dağlıq Qarabağın müstəqilliyini tanıdacaqlarına söz veriblər. Ona görə də bütün bunları bir siyasi gediş adlandırmaq lazımdır”.

Müşfiq Abdulla

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar