Elməddin Muradlı:“Məsələnin mahiyyətində cərimə deyil, təhlükəsizlik durmalıdır”
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 12 yaşadək uşaqların avtomobillərdə daşınması zamanı xüsusi oturacaqlardan istifadə etməyən sürücüləri cərimələyəcək. Bu qayda maşının ön və arxa oturacaqlarına şamil olunur. Ekspertlər Yol Polisinin qanunvericilikdə maddə olmayan bu qaydanın tətbiqini əsassız sayırlar. Bildirirlər ki, “Yol hərəkəti” haqda qanunun 56-cı maddəsinin 9-cu bəndinə görə yalnız ön oturacaqda 12 yaşadək uşaqlar daşınarkən xüsusi oturacaqdan istifadə edilməlidir. Arxa oturacaqlarda uşaqların daşınması üçün “avto kreslo” tələb olunmur.
Buna görə də kimisə cərimələmək düzgün deyil. Hətta da arxa oturacaqda daşınan uşaqlar üçün kəmər taxmaq məcburi deyil. Yol Polisi tərəfindən sürücüləri bu qaydaya görə cərimələmək sadəcə dövlət büdcəsini doldurmaq üçün növbəti variantdır. Bunun üçün qanuni əsas olmalıdır. Qanunvercilikdə olan bir boşluq da ondan ibarətdir ki, arxa oturacaqlarda daşına biləcək uşaqların sayı müəyyən olunmayıb. Yəni, istənilən sayda arxa oturacağa uşaq mindirmək mümkündür.
Qeyd edək ki, sürücünün yanındakı sağ ön hissədə xüsusi oturacaq olmadan 12 yaşadək uşaqların daşınmasına görə İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 2-ci bəndində 60 manat cərimə və 3 bal cəza nəzərdə tutulub. Amma arxa oturacaqda bu yaş kateqoriyası üçün hər hansı müddəa yoxdur.
Qanuna əsaslanmayan cərimələr...
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cümhuriyət” qəzetinə bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisinin 12 yaşadək uşaqların avtomobillərdə daşınması zamanı xüsusi oturacaqlardan istifadə etməyən sürücüləri cərimələməsi ilə bağlı açıqlaması düzgün deyil. Çünki “Yol hərəkəti” haqda qanunda bu məsələ ilə bağlı maddə yoxdur: “Ona görə də bu tip açıqlamalardansa, sürücülərə tövsiyyə xarakterli məsləhətlər vermək lazımdır. O məsələ Avropa Avtomobil Federasiyasının nümayəndələrinin Bakıya səfəri zamanı aşkar etdiyi problemləri yol polisinin diqqətinə çatdırandan sonra ortaya çıxıb. Yəni uşaqların oturacaqlarda daşınması məsələsini onlar bir irad və ya həyəcan siqnalı kimi ortaya atıblar. Buna görə də yol polisi belə bir qərar verib. Bu, bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatdır. Hər halda bu məsələdə məntiq də var. Çünki Avropa ölkələrinin hamısında arxa oturacaqlarda da 12 yaşa qədər uşaqların daşınmasında “avto kreslo”dan istifadə olunur. Azərbaycanda bununla bağlı qanunvericilikdə boşluq var. Sadəcə bu günki qanunvericilik tələb edir ki, ön oturacaqda 12 yaşa qədər uşaqlar xüsusi oturacaqlar vasitəsilə daşına bilər.
12 yaşdan sonra təhlükəsizlik kəmərini bağlayaraq ondan istifadə edə bilərlər. Amma ümumi təhlükəsizlik prinsiplərindən yanaşanda bu, vacibdir. İndiki nəsil getdikcə cırlaşır, balacası, şişmanı, çəkisi yuxarı, aşağı olan uşaqlar var. Sırf təhlükəsizliyə görə yanaşsaq, çox vacib məsələlər var ki, onlar qanunvericilikdə tənzimlənməlidir. Elə uşaq var ki, 10 yaşındadır, amma 13-14 yaşındakı uşaq kimi görünür. O uşaq öndə oturub və kəmər də bağlayıb. Yol polisi tutaq ki, vizual şəkildə bunu görsə, necə aşkar edəcək ki, yaş neçədir. Gərək bir-bir hamını saxlayıb uşaqların sayını soruşsun. Bu təkcə yol polisinin işi deyil, bu hər bir valideynin məsuliyyətidir. Anlaşılandır ki, bizim qanunvericiliyimizdə arxa oturacaqda uşaqların mütləq “avto kreslo”da oturmaları haqda qanun yoxdur. Amma Avropada, dünyanın əksər yerlərində bu məcburidir. Yəni onsuz uşaqları daşımırlar. Təhlükəsizlik üçün onlar qanunlarını daha təkmil hazırlayıblar. Azərbaycan da buna getməlidir. Bugünkü gündə avtomobilin arxa oturacağında 10-15 uşaq daşımaq mümkündür, buna görə heç kim heç nə deyə bilməz. Çünki qanunda onunla bağlı hansısa bir müddəa yoxdur”.
Ekspertin sözlərinə görə, müəyyən müddəalar qanunda əks olunmasa belə, təhlükəsizlik məsələsinə görə sürücülərdə və valideynlərdə kifayət qədər məsuliyyət olmalıdır: “Məsələn, 6 yaşlı uşaq kəmərsiz, xüsusi oturacaqsız avtomobilin arxa oturacağında oturub. Saatda 30 km/saatla hərəkət edən zaman sərt döngədə manevr edən avtomobildə uşaq nə hala düşər? Uşaq futbol topu kimi salonda o başa, bu başa yellənir. Yol polisi gəlib valideynə deməli deyil ki, uşağını qoru...Yaxud da 3 yaşında uşaq arxada tək oturub. Piyada keçidinə çatmamış intizamsız piyada yolu keçir. Onu vurub öldürəsi deyil ki? Əyləci qəfil basanda uşaq maşının ön şüşəsindən çölə çıxır. Yol qəzası zamanı 60 km/saat sürətilə hərəkət edən avtomobildə qəfil əyləc basılanda 15 kq çəkisi olan uşağın çəkisi 1 ton olur. Yol hərəkət qaydaları hamı üçün önəmlidir. Çünki o uşaq da böyüyüb bir gün özü də sürücü olacaq. Yol polisi bunları nəzərə alıb bu qaydanı tövsiyə edir. Çox istərdim ki, bu hansısa avropalı Azərbaycana gələndən sonra deyilməzdi. Qanunvericilik imkan verirsə, o çərçivədə mübarizə aparmaq lazımdır. Avropalı ağzını açan kimi sürücünü saxlayıb cərimələmək düzgün deyil. Qanunvericiliyin tələbi varsa, buyurun cərimələyin. Hər bir halda bütün açıqlamalar qanuna əsaslanmalıdır”.
“Avto kreslo”nun qiymətləri “əl yandırır”
Ekspert “avto kreslo”ların qiymətlərinə də toxunub. O, deyib ki, bu oturacaqlar ən aşağısı 150 manatdan başlayır: “Bu oturacaqlar 150 manatdan 350 manata qədər dəyişir. Amma istifadə olunmuşları bir qədər ucuz qiymətə - 60 manata tapmaq olar. Bütün hallarda avtomobilin arxasında uşaqla bərabər valideyn varsa, bir “avto kreslo” kifayətdir.
Mövcud qaydalar çərçivəsində biri kifayət edir. Hansı sürücünün imkanı var ki, gedib 1000 manat verib iki-üç uşağa “avto kreslo” alsın. Hər bir halda uşağı nəzarətsiz qoymaq olmaz. Məsələnin mahiyyətində cərimə deyil, təhlükəsizlik durmalıdır. Hər xırda bir məsələnin ucuzluğuna gedib, insanları narahat etmək, narazı salmaq lazımsızdır”.
P.S. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovdan fərqli olaraq həmkarı Kamran Əliyev Sputnik Azərbaycan-a bildirib ki, arxa oturacaqda uşaqların xüsusi oturacaqlarda daşınmaması üçün xüsusi cərimə tətbiq edilə bilməz: "Bu qayda qanunvericilikdə mövcud deyil, sadəcə tövsiyə xarakteri daşıyır ki, kimsə öz uşağının təhlükəsizliyini təmin etmək istəyirsə, arxa oturacaqda da uşaqlar üçün xüsusi oturacaqlar quraşdırsınlar. Təkrar edirəm, arxa oturacaqda uşaqlar üçün xüsusi oturacaqların quraşdırılmaması ilə bağlı heç bir cəza nəzərdə tutulmur və bununla bağlı sürücü məsuliyyətə cəlb edilə bilməz".
Daha sonra K.Əliyev vurğulayıb ki, uşaqlar üçün oturacağın quraşdırılması minik avtomobillərinin qabaq oturacaqları üçün mütləq şəkildə nəzərdə tutulur: "Minik avtomobilində uşaqlar üçün xüsusi oturacaq olmazsa, 12 yaşa kimi olan uşaqların daşınmasına görə inzibati məsuliyyət var. Sürücü ona görə 3 bal və 60 manat cərimə olunur".
Alçina Amilqızı
Cebhe.info