Rusiya kriminal aləminin “xaç atası” olmağa iddialı əsas namizədlərdən olan Kürd Şakro ləqəbli Zaxari Kalaşovun daha bir rəqibi sıradan çıxıb.
Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, slavyan mənşəli “qanuni oğru” Yuri Piquç yaxalanıb.
Onunla yanaşı yaxın ətrafından olan daha 7 nəfər saxlanılıb. Piquç özü Moskvada ələ keçirilsə də, tərəfdarları Sıktıkvar və Pyatiqorskdə polis tərəfindən saxlanılıb. Aparılan axtarış zamanı qanunsuz silah tapılan kriminal avtoritetlərlə bağlı Komi Respublikasnda cinayət işi açılıb.
Cinayət işinin materiallarına görə, Piquç 1994-cü ildə Komidə cinayətkar dəstə yaradaraq ona rəhbərlik edib. Dəstə indiyə qədər bir çox ağır və çox ağır cinayətlər törədib.
Üzvləri arasında keçmiş idmançılar da olan cinayətkar dəstədə hətta keçmiş xüsusi təyinatlılar da “vuruşub”. Dəstə həmçinin yerli biznesmenlərə himayədarlıq edib və qarşılığında “obşak”a pul toplanıb. Dəstə həmçinin genişmiqyaslı oğurluq, quldurluq, hətta neft məhsullarının oğurluğunu da həyata keçirib.
Qeyd edək ki, Rusiya kriminal aləmində “xaç atası” statusuna ən iddialı namizədlərdən biri kimi Piquçun da adı çəkilib. Onunla yanaşı Rusiyanın “oğru tacı”na Türik ləqəbli Vladimir Tyurinin, Şişkan ləqəbli Oleq İşkanovun və Aleksey Petrov də yiyələnmək istəyir.
Cebhe.info