Türkiyənin FOX TV kanalının yayımı Azərbaycandakı bəzi kabel televiziyalarında dayandırılıb.
Fevralın 22-si axşam saatlarından bu kanalın yayımı Azərbaycandakı analoq, rəqəmsal və IPTV yayım növlərində yoxdur. FOX Türk kanalı digər bir TV kanal ilə əvəz olunub.
Ailə TV bundan yalnız bir cümlə ilə bəhs edir və bunu Milli Televiziya və Radio Şurasının göstərişi ilə izah edir.
Ancaq Şuranın saytında bu barədə məlumat verilmir. MTRŞ-dan məsələyə, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.
Bir gün əvvəl, fevralın 21-i həmin kanalın xəbərlər proqramında Azərbaycanla bağlı süjet efirə verilmişdi. Orada prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse prezident təyin etməsi aparıcının gülüşü ilə təqdim edilmişdi.
FOX kanalının həmin xəbərlər proqramı Azərbaycandakı sosial şəbəkələrdə də qızğın müzakirəyə səbəb olmuşdu. Bəzilər yazırdılar ki, artıq, Azərbaycan gülüş hədəfinə çevrilib.
“Yəqin ki, FOX kanalının yayımı Azərbaycanda dayandırılacaq” – deyə bəzi insanlar da ehtimallarını yazırdılar.