Ehtiyac, yoxsa mənəvi deqradasiya?
Tural İrfan: “Xristianlıq, “Yehova şahidləri” təriqətinə meyilli olanlar daha çoxdur”
Albina Teymurova: “Namaz qılanlar arasında da saxtakarlar var”
Bu gün ölkədə dinindən imtina edənlərin sayında artım müşahidə olunur. Ancaq təəssüflər olsun ki, dinindən imtina edənlərin rəsmi statistikası aparılmır.
“Onlar pulsuz ədəbiyyat paylayırlar”
Dini məsələlər üzrə ekspert Tural İrfan da bu qənaətdədir. Cebhe.info-ya açıqlama verən Tural İrfanın sözlərinə görə, son zamanlar dinindən imtina edənlərin sayı artıb: “Azərbaycanda islamdan imtina edərək digər dinlərə üz tutanların rəsmi statistikası aparılmır. Xristianlıq, “Yehova şahidləri” təriqətinə meyilli olanlar daha çoxdur. Günü-gündən digər dini təriqətlərə maraq artır. Avropada sığınacaq almaq istəyənlər də xristian dinini qəbul etməkdə maraqlıdır. Bu cür dinlərdə kasıb insanlara müəyyən maddi təminat verilir. Belə icmalar arasında əhaliyə pulsuz yemək verən, müəyyən maddi dəstək göstərənlər də az deyil. Məhz bu səbəbdən də, ehtiyac içində olan bir qisim şəxslər dinini dəyişir. Krişna dini ilə əlaqədar olaraq pulsuz ədəbiyyat paylanılır”.
“İslam dini ilə bağlı təbliğat düzgün aparılmır”
Tural İrfanın sözlərinə görə, bu cür təriqətlər arasında bəhailiyə də maraq artıb. Lakin əhalini bu cür dini təriqətlərə meyilləndirən tək səbəb maddiyyat deyil: “Maddi tərəf olmasa belə, digər dinlərə meyillənmə var. Hətta bu gün ateizmə də maraq artıb. Dinlərini tərk edənlərin sayı artıb. Qeyri-islami dinlərə marağın artmasının səbəbi islam dini ilə bağlı təbliğatın düzgün aparılmamasındadır. 11-ci sinfi bitirən birisi peyğəmbəri haqda məlumatlı deyil. Təklif edirik ki, orta məktəblərdə islam dini haqqında müəyyən məlumatlar verilsin ki, sonra bu şəxslər hər hansı dini icmanın təsiri altına düşməsin. Çünki islam dini düzgün qəbul etməyənlər digər dinlərin, təriqətlərin təsiri altına düşürlər. İslamı elmi şəkildə izah etmək lazımdır”. Bu gün dünyadakı məşhurlar sırasında islamı qəbul edənlər az deyil. Lakin ölkəmizdə yaşayan xristianlar arasında islamı qəbul edənlər yoxdur.
12 il öncə islam dinindən imtina edərək xristianlığı qəbul edən Albina Teymurova ilə də söhbətləşdik. O provaslavdır. “Uşaq Evlərinə Qayğı” İctimai Birliyində sədr müavinidir. Həyat yoldaşı, oğlu ilə birgə xristianlığı qəbul edib. Onun xristianlığı qəbul etməsinə səbəb dünyada müsəlmanlarla bağlı aparılan təbliğat, islamın haqsız olaraq “terror dini” kimi təqdim olunmasıdır: “İslam dinindən imtina edərək xristianlığı qəbul etməyim səbəbsiz deyil. Baş verən hadisələrə etiraz əlaməti olaraq xristian dinini qəbul etdim”. Müsəlmanlar arasında yaradılan terror təşkilatlarının başında bir sıra xristian ölkələri dayanır. Məsələn, İŞİD-in arxasında ABŞ dayanıb. Bu fakt öz təsdiqini tapıb. Lakin həmsöhbətimiz bu fikirlərlə razı deyil: “Bu cür düşünməzdim. İŞİD-in hansı xristian ölkəsi tərəfindən maliyyələşməsi ilə bağlı rəsmi məlumat yoxdur”.
“Din dindir, heç biri üstün deyil”
Həmsöhbətimizin sözlərinə görə xristian dininin islamla müqayisədə heç bir üstünlüyü yoxdur. Din dindir: “Ailəmizdə bütün dinlərə hörmətlə yanaşılır. Bir insan dinini dəyişməklə hansı üstünlüklər əldə edir, bunu Allah bilir. Qurani-Kərimdə yazılır ki, namaz qılmayan müsəlman deyil. Namaz qılmırdımsa, demək ki, müsəlman deyiləm. Namaz qılanlar arasında da saxtakarlar var”.
“İncil”, “Qurani-Kərim” haqda məlumatlı olduğunu deyən həmsöhbətimiz bildirib ki, bu kitabda yazılanlara əməl edilmir: “Müsəlman tanıyıb-tanımamasından asılı olamayaraq hər kəsə salam verməlidir, salam Allahın adıdır. Lakin müşahidə eləyin, bu gün tanımadığım adamlardan kiməsə salam versəm, kim salamı alacaq? 10 adamdan ikisi bu salamı alacaq. Onlar da yəqin ki, Avropanı gəzmiş adamlar olacaq. Amma Avropa ölkəsində əksinə, kimə salam versən, xoş əhvalla sizə cavab verər. Hətta siz salam verməsəz, özləri sizlə salamlaşarlar. Bu gün xristianlar “Qurani-Kərim”də yazılanlara daha çox əməl edirlər. “Qurani-Kərim”də yazılanları başdan sonadək oxumuşam. Müsəlmanlar “Qurani-Kərim”də yazılanlara əməl etsə, bütün dünya sülh içində olar. Təəssüflər olsun ki, bəzi müsəlmanlar kitabda yazılanların tam əskini edirlər”.
Ekspert deyir ki, bu gün Azərbaycanda xristianlığı qəbul edənlərin də sayı artıb: “Əvvəlki Papa II İohann Pavel Azərbaycana gələndə burada böyük bir Məryəm Ana Kilsəsi tikildi. Ona qədər Azərbaycanda xristian katoliklərinin sayı 30-40 nəfər idi. Onun Azərbaycana gəlişi ərəfəsində katoliklərin sayının 800-1000 nəfər, səfərindən sonra isə daha da artmasının şahidi olduq”.
Vegetarian krişnaidlər də artır
Azərbaycan Krişna Şüuru Cəmiyyəti ilə də əlaqə saxladıq. Cəmiyyət haqda qısaca məlumat aldıq. İnsanın yaradılışı ilə eyni tarixə malik olan Krişnanın əsli Hindistandan gəlib, onlar vegeteriandır: “Krişnaidlər vegeterandır. Bu gün Azərbaycanda rəsmi olaraq 250-300 nəfər belə vegetarian var. Qeyri-rəsmi rəqəmlər isə daha çoxdur, bəlkə 10 min nəfərdir. “28 May” metrosu ətrafında təzə bir komitə yaradılıb, vegetarianlar komitəsi. Burada ətsiz yeməklərə üstünlük verilir. Avropa ölkələrinin böyük bir qismi, məsələn, elə İngiltərə əhalisinin 25 faizi vegetariandır”.
Azərbaycanda heyvanlara qarşı zorakılığın törədildiyini vurğulayan həmsöhbətimiz qeyd edib ki, bu gün küçələrdə heyvan başı kəsərək ət satmaqla azyaşlılara vəhşilik tərənnüm edilir: “Dünyanın heç bir ölkəsində heyvanın başını səhər tezdən kəsərək mağazanın qabağına qoymurlar. Məsul şəxslər buna cavabdeh olmalıdır. Geridə qalmış İran kimi ölkələrdə bu vəhşiliyə yol verilmir”.
Krişnaid şüuru cəmiyyət, düşüncə, fəlsəfi baxışdır. Burada bir ideoloji baxış var. Yaponlar tək təbiətə sitayiş etdikləri kimi, krişnaidlərin yeganə ideologiyası var. Krişnaidlər hər biri evinin küncündə bir məbəd düzəldərək ona sitayiş edir: “Gün ərzində nə qədər istəsəz, bu məbəd qarşısında meditasiya etmək olar. İslam, xristian, yəhudilik təkallahlı dindir. Krişnaid isə dərin fəlsəfi baxışdır. Krişnaid əbədi varlıqdır, kainat düşüncəsini özündə cəmləşdirib. Krişnaid din deyil, sadəcə olaraq fəlsəfi baxışdır. Təsəvvüf dünyasını, sufizmi oxuya-oxuya bu fəlsəfəni qəbul etmişik”.
Həmsöhbətimiz deyir ki, din kiçik məfhumdur. Krişnaid isə tamam başqadır: “İslam, xristian sərhəd dinidir, krişnaid isə kainatı özündə ehtiva edir. Burda bütün dinlərə etiqad var, Allaha inam var. Onlar heç kimi kafir adlandırmırlar.
Nigar Məhərrəm
Cebhe.info