Hər iki lider yadplanetlilərin varlığına inanırmış
«Biz kainatda təkikmi?” Uinston Çörçilin 1939-cu ildə yazdığı esse belə adlanırdı. İlk dəfə Çörçilin belə bir essesinin olması barədə məlumatı astrofizik Mario Livio vermişdi. O, “Nature” jurnalında yazırdı ki, Çörçil belə bir esse yazmaqla başqa dünyaların da mövcud olması barədə düşüncəsini ortaya qoyub. Cebhe.info xəbər verir ki, astrofizik esseni ABŞ-dakı Çörçil Muzeyinin direktoru Timoti Rayliyə təqdim etdi. Muzey direktoru da esseni arxivə yerləşdirdi.
Çörçil yadplanetlilərə inanırdı
Məşhur essesində Çörçil bildirirdi ki, insanlar kainatda tək deyillər. O, Marsda həyat ola biləcəyini düşünür və ordakı insanların yer üzünün sakinlərindən texniki cəhətdən daha çox inkişaf etdiyini bildirirdi. Hər zaman yadplanetlilərin mövcud olduğu barədə söylədiklərinə insanlar da, elmi də inandırmağa çalışanlar üçün Çörçilin bu essesi sanki tapıntı oldu. Artıq bütün məşhur ufoloqlar Çörçilin belə şübhə etmədiyi uçan naməlum obyektlərə inanmamaqda heç bir anlam görmürdülər.
Üstəlik, Çörçilin yazdıqları o zamana qədər tamamlanmayan nəyisə ortaya qoyurdu. Bununla belə ufoloqlar başa düşə bimirdilər ki, Çörçil birdən-birə bu mövzu ilə niyə bu qədər yaxından maraqlanıb. Müzakirələr ortaq bir mövqeyə gətirdi - Çörçil yadplanetlilərin varlığına inanırdı. Belə güman edirdi ki, məhz başqa planetlərdə yaşayanların “uçan boşqabları” insanların gözünə görünür.
50 illik qadağa
Britaniya Müdafiə Nazirliyinin bu yaxınlarda açıqladığı sənədlərə əsasən, İkinci Dünya Müharibəsi dövründə görünən “uçan boşqab”larla bağlı dərhal Çörçilə məlumat verilirmiş. Britaniya baş nazirinin şəxsi mühafizəçisi də bu faktları təsdiqləyir. Onun sözlərinə görə, Çörçil, hətta, bu məsələ ilə bağlı fikirlərini Avropadakı müttəfiq qoşunların komandanı Duayt Eyzenhauerlə müzakirə edib. Mühafizəçi bu söhbətin olduğunu şəxsən təsdiqləyib. İki şəxsin arasındakı müzakirə mövzusu isə konkret hadisə ilə bağlı olub. Belə ki, Britaniya kəşfiyyat təyyarəsi Fransadan yola çıxarkən disk formalı metal obyektə rast gəlib.
Təyyarəçi iddia edirdi ki, gördüyü şey heç vəchlə raket ola bilməzdi. Çünki həmin metal “şey” özünü heç də raket kimi aparmayıb, hətta əyləci basirmış kimi hərəkətlər edib. Bu hadisədən sonra Çörçil əmr etdi ki, “uçan boşqab”larla bağlı məlumatlar 50 il müddətində məxfi saxlanılsın. Baş nazir əmrinin səbəbini belə izah edirdi: Bu hadisələr barədə məlumat ictimaiyyətdə təşviş yarada bilər. Eyzenhauerlə görüşdə də məsələ məhz belə qoyuldu və general onu dəstəklədi.
Çörçilin daha bir sirri
1952-ci ildə Çörçil Müdafiə Nazirliyinə bir məktub ünvanladı. Məktubda yazılırdı: ““Uçan boşqab”lar haqqında söylənən cəfəngiyyat nədir? Bütün bunlar nə deməkdir? Həqiqət hardadır? Sizin üçün münasib zamanda mənə hesabat təqdim edin”. Ufoloqlar belə güman edirlər ki, baş naziri narahat edən məqamlardan biri də UNO-larla bağlı rast gəldiyi qəribə hadisə olub. Həmin hadisəyə dair sənədləri 5 il əvvəl tədqiqatçı Devid Klark üzə çıxarıb. Sənədlər Kembric Universitetindəki Çörçil arxivindən götürülüb. Sənədlər Britaniyanın Aviasiya naziri Dunkan Sandizin krallığın Hərbi Hava Qüvvələrinin pilotu Roland Hyuzun da qarışdığı hadisənin araşdırmasına cəlb edilməsini əhatə edir. Serjant Hyuz bildirmişdi ki, 30 iyul 1952-ci ildə Qərbi Almaniya üzərində uçuş edərkən “uçan boşqabı” çox yaxından müşahidə edə bilib. Serjant obyektin onun idarə etdiyi təyyarənın düz yaxınlığında olduğu və parlaq işıq saçdığını iddia edirdi. Bu gümüşü diski yaxından gördüyünü deyən serjant çox əmin danışırdı. Onun qənaətincə, diskin diametri 30 metrə yaxın olardı. Onun üzərinə bombardmançı Lankaster də yerləşə bilərdi.
Nazirin də şübhəsi yox idi ki...
Oldenburqdakı bazaya qayıdan serjant hadisə barədə dərhal raport verir. Hesabatda qeyd edir ki, gümüşü disk onunla bir neçə saniyə birgə uçuş etdikdən sonra sürət toplayaraq birdən-birə gözdən itib. Onun son uçuşunu avibazadakı radarlar da qeydə alıb. Həmin materiallar da diskin birdən-birə görüntüdən yoxa çıxdığını təsdiqləyir. Serjant hesabat verdikdən sonra rəhbərlik dəfələrlə onu dindirir. 23 yaşlı pilotun söylədiklərinə çox ciddi yanaşılırdı. Tezliklə, onun aviasiya naziri Dunkan Sandizlə görüşü təşkil edilir. Nazir görüşdən sonra Çörçilə hesabat təqdim edir: “Mənim heç bir şübhəm yoxdur ki, Hyuz fenomen görüb. Onun gördüklərini ABŞ-da bir çoxları görüb”. Pilotun hesabatı Çörçilin arxivinə düşüb və orada uzun müddət saxlanıb.
UNO-larla iş görən gizli təşkilat
Çörçilin təşəbbüsü əsasında Böyük Britaniyada DI55 birləşməsi yaradılıb. Bu birləşmə “uçan boşqab”larla bağlı bütün informasiyaları toplamaq və analiz etmək vəzifəsi daşıyırdı. Məlumatlar isə əsasən hərbi mənbələrdən əldə edilirdi. DI55-nin araşdırmaları barədə məlumat yoxdur. Ancaq 1985 - 1995-ci illər arasında hazırlanan hesabatlardan birində deyilir: “UNO-ların fəaliyyətini izah etməyə çalışarkən etiraf etmək lazımdır ki, bunun üçün tələb edilənlər hələlik insan düşüncəsindən və fizika qanunlarından kənardır. Görünür, onlar teleportasiya ilə tanışdır, reaktiv qurğularda uçur, insana yad olan güclərdən istifadə edirlər”.
Stalin də UNO-larla maraqlanıb
Rusiyalı mütəxəssis, Ufologiya Komissiyasının rəhbəri Mixail Qreyşteynin sözlərinə görə, Stalinə də dəfələrlə UNO-lərlə bağlı hesabatlar təqdim edilib. 1947-ci ildə tanınmış mütəxəssis Sergey Korolyovu Kremlə çağırdılar. Onu bir otağa müşayiət etdilər, orada çox sayda “uçan boşqablarla” bağlı materiallar var idi. Materiallar əsasən ingilis dilində idi. Qərbdə nəşr olunan qəzetlərdən kəsilmişdi, sovet agentlərinin məlumatları idi. Korolyov alman dilini yaxşı bilirdi. Ancaq digər dillərdən tərcümə üçün şəxslər gətirildi. Materialları öyrənmək üçün cəmi 3 gün vaxt verildi. Nəhayət, mütəxəssis mühafizəçilərə bildirdi ki, o suallara cavab vermək üçün hazırdır. Ancaq onu hec yerə aparmadılar. Gözləməyi əmr etdilər. 15 dəqiqə sonra qapı açıldı və Stalin kandarda göründü. Heç bir ön söz sözləmədən birbaşa mətləbə keçdi:
-Deməli belə, sizin fikriniz nədir?
-Mənim fikrimcə, “uçan boşqablar” potensial düşmənin silahı deyil. Ölkə üçün ciddi təhlükə yaratmırlar. Ancaq UNO-lar özləri mövcuddur və əgər zaman olarsa, onları daha dərindən öyrənmək mümkündür.
-Sağ olun, yoldaş Korolyov. Mən sizdən başqa da mütəxəssislərdən bu barədə soruşmuşdum. Onların da fikirləri oxşardır.
Sergey Pavloviç belə hesab edir ki, Stalinin rəyini öyrəndiyi digər mütəxəssislər Kurçatov, Topçiyev və Keldiş olub...
Xəzər
Cebhe.info