Arzu Nağıyev: “İndiki situasiyada etnik məsələlərin qabardılması İrana xeyir vermir”; Zəlimxan Məmmədli: “Bu proseslərin sonu ABŞ-Türkiyə münasibətlərinin vəziyyətindən asılı olacaq”
İranın ərəblər yaşayan Əhvaz bölgəsində bir həftə davam edən etiraz aksiyaları səngisə də, qonşu ölkədəki narahatlıqlar qalmaqdadır. Bir sıra ekspertlər bu arada Güney Azərbaycanda 4 milli fəalla Ana dili günündə ümumilikdə 45 illik həbs cəzasının verilməsini də Tehranın ölkə daxilindəki etnik qrupların gözünü qorxutmaq cəhdi sayırlar.
Ancaq müşahidələr və təcrübə göstərir ki, daxildə cəza tədbirlərinin ağırlaşdırılması heç də gözlənilən effekti vermir. Elə bu günlərdə Ərdəbil küçələrində yeni həbs edilən yerli fəal Həbib Sasaniyanın şəkilləri və “Həbib Sasaniyan azad edilsin” şüarları asılıb. Güney Azərbaycandan olan millət vəkillərinin parlamentdə milli haqların bərpasını, xüsusən də ana dilində təhsil hüququnu tələb etməsi də İran hakimiyyətini rahatsız edir. Ərəblərin üsyan qaldırması şəraitində Azərbaycan toplumun da etirazlara başlaması İran dövləti üçün yaxşı perspektiv vəd etmir. Üstəlik, etnik kürdlərin də hərəkətə keçməsi arzuolunmaz situasiya yarada bilər. Lakin Tehranın narahatlığına təkcə bu kimi amillər səbəb deyil. ABŞ və İsraildən gələn hədələr, ərəb ölkələrinin iştirakı ilə İran əleyhinə koalisiyanın yaradılması İranın qayğılarını artırır. Bu arada Türkiyə və İran arasında gərginliklərin artması da müşahidə edilir. İki ölkənin diplomatları arasında söz müharibəsi Türkiyə və İranın regionda nüfuz uğrunda mübarizə apardığının göstəricisi hesab edilir.
Image result for Arzu Nağıyev
“İran bizim mühüm qonşumuzudr. Biz İranla həmişə dialoq aparmışıq. Lakin bu o demək deyil ki, biz İranın regionda nüfuzunu artırmaq səylərinə əhəmiyyət verməyəcəyik” deyə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin bildirib. (Amerikanın səsi) O, mətbuat konfransı zamanı iki ölkə arasında üstüörtülü şəkildə təhdidlərə nümunə olacaq bir şəkildə İranın ali dini rəhbəri Ayətullah Əi Xameneyinin əsas müşavirlərindən biri olan Əli Əkbər Vilayətinin açıqlamalarına cavab verib. Vilayəti deyib ki, Türkiyə əsgərləri İraq və Suriyadan çıxmalıdır, ya da “onları oradan çıxaracaqlar”.
Bu arada İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” Quru Qüvvələrinin komandanı Məhəmməd Pakpur ölkənin şimal-şərq bölgəsində keçirdikləri üç günlük “Pəyambər-i əzəm” hərbi təlimlərdən və onun nəticələrindən danışıb. “İslam respublikası düşmənlərinə sarsıdıcı cavab verməyə tam hazırdır. Hesab edirəm ki, düşmənlərimiz bizi təhdid etmək fikrindən daşınmalı, bunu başlarından çıxarmalıdır. Onlar bilməlidir ki, bizim təhlükəsizliyimizə qarşı atacaqları hər hansı bir addım qarşısında hərbi qüvvələrimizdən çox dağıdıcı və sarsıdıcı cavab alacaqlar”-o, deyib.
Müsəlman qonşumuz ətrafında və daxilində nə baş verir?
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, hər bir dövlətin zəif bəndindən istifadə etmək bir çox dövlətlərin xüsusi xidmət orqanlarına xas olan metodlardandır: “Məlumdur ki, İranın ərəblər yaşayan bölgələrində neft yataqları da var, ərəblər də mütəmadi olaraq ekoloji problemləri qabartmaqla, etnik qrup olaraq neftdən daha çox yararlanmaq istəklərini bildirirlər. Son vaxtlar bu bölgələrdə havanın, su hövzələrinin çirklənməsi, İraq və Türkiyənin onların suyunun kəsməsi məsələsi də problem kimi hakimiyyətdə olan islahatçılar tərəfindən qabardılır. Təbii ki, bu proseslərdən də siyasi məqsədlərlə istifadə etməyə çalışan qüvvələr, xarici dövlətlər də var. Məlumdur ki, İran Suriya məsələsində Rusiya ilə koalisiya yaratmağa çalışdı və bir müddət yaxınlaşma oldu. İran nəyin bahasına olursa-olsun, Suriyada şiələrin, daha doğrusu, Əsədin hakimiyyətdə qalmasına çalışır, bununla da Türkiyə və bir sıra qərb dövlətlərinə qarşı gedir”. Ekspertə görə, Türkiyə və İsrailin yaxınlaşması da İranı narahat etməyə bilməz: “Türkiyə NATO-unun üzvüdür və heç vaxt İranla eyni müstəvidə iştirak etməyəcək. Bununla yanaşı, İranın ərəb dünyasında iki düşməni varsa, bunlardan biri Səudiyyə, digəri Qətərdir. Hər iki ölkə də Türkiyə ilə çox yaxın münasibətləri ilə seçilir. Üstəlik, ortada ”kürd kartı" var. Nə qədər inkar etsələr də, PKK-nın əsas qolları İran ərazisində də var".
A.Nağıyev bildirdi ki, Trampın İranla bağlı son bəyanatı regionda proseslərin hansı məcraya yönələcəyindən xəbər verir: “İranın ”Amerikanın məhv olması", “İsrailin yer üzündən silinməsi” kimi təhlükəli bəyanatlarla çıxış etməsi yaxşı heç nə vəd etmir. İran düşünürdü ki, Rusiya ilə yaxınlığı Trampın Rusiyaya loyal münasibət sərgiləməsindən asılı olacaq. Bu isə baş vermədi. Nüvə layihələrində Rusiya ilə birgə olsalar da, İran ehtiyatla davranır. İran tarixi ənənələri olan bir dövlətdir və demək olar ki, siyasi məsələlərdə çox təmkinli və ardıcıl siyasət aparır".
Politoloq qeyd etdi ki, indiki situasiyada etnik məsələlərin qabardılması İrana xeyir vermədiyi üçün bu proseslərin qarşısı alınacaq və hətta lazım olsa, kompromisə də gedəcək: “Bundan başqa, son məlumatlara görə, ərəblər yaşayan ərazilərdə artıq valilik idarəsində bir neçə məmur vəzifəsindən azad edilib”.
Image result for Zəlimxan Məmmədli
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə bildirdi ki, İran teokratik rejim olaraq dünyəvi dövlət modelinə uyuşmayan özünəməxsusuluq sərgiləməkdədir: “Siyasi islam kimi istifadə etdiyi ideologiya bölücüdür və bir çox region dövlətləri, o cümlədən Avropa və ABŞ-ın maraqlarına uyğun deyil. İran bu və ya digər səbəblərdən qorxulu dövlət imicindədir və uzun müddətdir əsas gücləri düşündürən bir məkandır. İran eyni zamanda digər millətləri istismar maşınıdır. Böyük Orta Şərq projesində İran arzuolunmaz və destruktiv bir xarakterdə təqdim olunur. İranın Suriya, İraq və digər region ölkələrində tutduğu mövqe əsas güc mərkəzlərinin mənafeyinə uyğun görünmür, həm də türkiyə üçün təhdid mənbəyidir. Son zamanlar İran-Türkiyə münasibətlərində zaman-zaman qabaran gərginlik də deməyə əsas verir ki, İranın dini siyasi alət kimi istifadə etməsi haqda iddia irəli sürək. İran uzun müddət embarqolara məruz qalıb. Tramp administrasiyası bu siyasətin sərtləşəciyinə işarə edir”. Z.Məmmədli Güney Azərbaycan və ümumən İrandakı Azərbaycan toplumunun taleyindən də bəhs etdi: “Unudulmamalıdır ki, İranda 30 milyondan çox təməl haqları təmin olunmamış Azərbaycan türkü və digər millətlərin nümayəndələri var. Gözləniləndir ki, İrana təsir rıçaqlarından biri kimi əzilən etnik kimliklərin haqlarının tanınması prosesinə stimul verilsin. Bir müddət öncə İran parlamentində Türk Fraksiyasının yaranması milli hərəkatın nəticəsi idisə, bu faktor ciddi beynəlxalq dəstək qazana bilər. Artıq parlamentdə ana dili, türk dilində təhsil məsələsinin gündəmə gəlməsi dediklərimə təsdiqdir. Bu mərhələnin dinc, demokratik qaydada liberallaşma şüarlarının qabarması və bunun artan xətt üzrə davam etməsi mümkün görünür. Bu proseslərdə millətimizin iradəsinin daha uğurlu sonuca getməsi Türkiyənin bu prosesdə mövqeyindən və ABŞ-Türkiyə münasibətlərinin vəziyyətindən asılı olacaq”.
Proseslərə Bakının hansı reaksiyanı verəcəyinə gəldikdə, Z.Məmmədli qeyd etdi ki, Azərbaycan Respublikasının açıq müstəvidə bu proseslərə müdaxilə imkanlarını görmür: “Azərbaycanda indiki statik vəziyyətin qorunmasını labüd hesab edirəm. Azərbaycan indiki zamanda bu prosesdə dolayı formada - dostlarının əli ilə iştirak edə bilər. Ölkəmizin açıq müstəvidə prosesə müdaxilə etməsi bizi ciddi təhdidlərlə üz-üzə qoya bilər ki, yaxın, aqressiv qonşularımız bu fürsətdən yararlana və zərbəni bizim üzərimizə yönəldə bilər”.
Cavid TURAN