Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənistanda müharibə xofu: Savaşa hazırlıq, yoxsa seçki atəşi?

25-02-2017, 21:19   


Natiq Miri: “Azərbaycan ordusuna qarşı hərbi əməliyyatlar keçirməkdən ciddi surətdə çəkinirlər”

Cəbhə xəttində Ermənistanın təxribatı davam edir.Yaxın aylarda Qarabağda yeni hərbi toqquşma olacağına dair ehtimallar artır. Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca ölkədə ictimai-siyasi vəziyyət gərginləşir. Serj Sarkisyan mart ayında hansısa uğura hesablanan addım atmaq istəyir. Bununla da Qarabağda gərginliyi artıraraq, müharibənin başlayacağı haqda xəbərdarlıq anonsları verir.Hətta bir neçə gündür ki, erməni mediasında mülki əhaliyə silah paylanılması ilə bağlı xəbərlər yayılır.Aprel hadisələrinin ildönümü ərəfəsində qarşı tərəf təxribatlar törətməklə, regionda vəziyyəti gərginləşdirmək niyyətindədir.

Bu günlərdə Rusiyadan Qarabağa qorxunc müharibə xəbərdarlığı da gəldi.Belə ki, rus hərbi ekspert Pavel Felgenqhauerin açıqlamasına görə, Qarabağda müharibə qaçılmazdır.Onun sözlərinə görə, regionda vəziyyətin yenidən gərginləşməsi mümkündür.Ancaq bunun nə zaman baş verə biləcəyi dəqiq deyil.Ekspertin qənaətinə görə, tərəflər arasında ciddi danışıqlar olmadığından, Qarabağ cəbhəsində, hətta Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsi ehtimalı həddindən artıq böyükdür.Ekspert hər iki tərəfin hərbi hazırlıq gördüyünü istisna etməyib.



Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Qarabağ cəbhəsində baş verən hərbi təxribatlar yeni hadisə deyil: “Azərbaycan torpaqları işğal olunandan üzübəri 24 ildir ki, bu proses davam edir. Bu cür hərbi təxribatlar düşmən ölkənin hakimiyyətinə lazımdır. Təbii ki, aprel döyüşlərindən sonra Sarkisyan hakimiyyətinin seçki öncəsində razı olmadığı məqamlar var. Söhbət ondan gedir ki, Sarkisyan aprel döyüşlərində itirilmiş mövqeləri qaytarmaq istəyir. Ancaq bunun müqabilində Ermənistan ordusunun hansı zərbəni ala biləcəyi təhlükəsi onları sarsıdır. Hiss olunur ki, onlar açıq Azərbaycan ordusuna qarşı hərbi əməliyyatlar keçirməkdən ciddi surətdə çəkinirlər. Son günlərdə nəinki prezident Sarkisyanın, eləcə də Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın açıqlaması da bunu ortaya qoyur. Bütün bunlar göstərir ki, Ermənistan ordusu seçkiöncəsi hər hansı bir hərbi əməliyyata getməyəcək.Çünki bu hərbi əməliyyatların uğuru şübhə altındadır və bunu Ermənistan hakimiyyəti çox gözəl bilir.Bundan əlavə Ermənistan bu gün itirilmiş mövqeləri qaytarmaq üçün hərbi əməliyyatlara başlayarsa, yeni kəndlərin itirilməsi təhlükəsi ilə üz-üzə qala bilər.Bu cür təhlükədən sığortalanmadıqlarını çox gözəl anlayırlar.Bu təxribatlar münaqişəni canlı tutmaq üçün edilir ki, daim diqqət Qarabağ cəbhəsindədir.Ən azından Azərbaycanın lokal hərbi əməliyyatlar keçirməsinin qarşısını alsınlar.Bununla da Rusiyanın və digər havadarlarının diqqətini cəlb etmək istəyirlər”.

Politoloq qeyd edib ki, bu məsələnin sosial-siyasi tərəfləri də var: “Bu təxribatlar və erməni əsgərlərinin bu təxribatlarda ölməsi həm də daxili auditoriya üçün hesablanıb. Daim Ermənistan ictimaiyyətində Azərbaycana nifrət aşılamaq və böyük bir savaş qorxusu ilə cəmiyyəti xof altında saxlamağa vadar edirlər. Həmçinin, Dağlıq Qarabağda, bilavasitə Kremlin hərbi xidmət orqanlarına xidmət edən xunta fəaliyyət göstərir. Bu cür hərbi əməliyyatlar, təxribatlar nəticəsində yüz milyonlarla pul “silinir”. Eyni zamanda Dağlıq Qarabağ böyük güclər üçün “qara dəlik”dir, buradan böyük pullar gətirə biləcək narkotik satışından da yararlanırlar. Məsələyə yalnız bu yöndən qiymət vermək lazımdır.Fikrimcə, Ermənistan aprel öncəsi hər hansı lokal müharibə etmək fikrində deyil.Çünki bilirlər ki, bunun nəticəsində çox ciddi zərbə alacaqlar.Bu isə Azərbaycana xüsusi bəhanə verəcək ki, ölkəmiz digər kənd və rayonlarını da azad edə bilsin”.

Natiq Miri əlavə edib ki, apreldə lokal döyüş başlayarsa, bunu 3-4 gün ərzində saxlamaq mümkün olmayacaq: “Qarabağ cəbhəsində kəşfiyyat xarakterli hadisələr baş verir ki, hər zaman Azərbaycan ordusu onlara tutarlı cavab verir. Kəşfiyyat xarakterli hadisələrin əslində səbəbi ondan ibarətdir ki, Azərbaycan ordusunun nəbzini yoxlamaq istəyirlər.Yəni, bilmək istəyirlər ki, cəbhə xəttinin hansı ərazilərində Azərbaycan ordusunun hansı nöqtələri var. Onların araşdırmaq və əmin olmaq istədikləri məhz budur. Ermənistan Azərbaycan ordusunun bu gün savaşa hazırlıq gördüyünü və cəbhə xəttində böyük gücün cəmləşdiyini görərək geri çəkilirlər”.

Alçina Amilqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar