Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağ: Döyüş uzun sürəcək?

28-02-2017, 19:08   

Elxan Şahinoğlu: “Atəşkəs mütəmadi şəkildə pozulursa, bu artıq müharibədir”

Zəlimxan Məmmədli:“Zamanın uzanması daha çox Ermənistanın maraqlarına uyğundur”

Son günlər Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs mütəmadi olaraq pozulur. Ötən həftənin sonu cəbhə xəttində hərbi toqquşma baş verdi. Savaş davam edəcəkmi?

“Azərbaycan düşməni məcbur etməlidir”



“Cümhuriyət” qəzetinə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, atəşkəs daim pozulursa, bu o, deməkdir ki, artıq müharibədir: “Ümumiyyətlə, niyə biz atəşkəsə riayət etməliyik? Burada Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından söhbət gedir. Prezidentin və müdafiə nazirinin belə bir açıqlaması var ki, əgər Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayacaqsa, o, zaman düşmən postları və dağıdıcı qüvvələri daim hədəfdə olacaq. Hal-hazırda da düşmən postları hədəfdir və o hədəflər də vurulur. Bu isə o deməkdir ki, müharibə lokal da olsa, faktiki davam edir.

Atəşkəs artıq 2 il bundan qabaq bitib. Bu o deməkdir ki, əgər Ermənistan siyasi hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına masa ətrafında razılaşmasa, Azərbaycan Ordusu onları buna məcbur etməlidir. Azərbaycanın alternativ yolu yoxdur. Ermənistan isə bunlara əməl etmir və buna görə də müharibə davam edəcək və atəşkəs pozulacaq. Ermənilər müharibə üçün daha çox aprel ayından qorxurlar.

Digər tərəfdən apreldə Ermənistan seçkiyə gedir və bu onları qorxudur ki, Azərbaycan hücuma keçər və seçkiləri poza bilər. Amma döyüşlərin artması, genişmiqyaslı hərbi əməliyyatlar hər an baş verə bilər. Yəni, artıq döyüşlərin başlayacağından heç kim sığortalanmayıb. Buna artıq biz də öyrəşməliyik. Bəli, bu zaman biz də itki verəcəyik, amma bu da müharibənin qanunudur”.

“Azərbaycan müharibədən çəkinməməlidir”



Politoloq Zəlimxan Məmmədli isə bildirib ki, torpaqların azad olunmasının mütləq sülh yolu ilə tənzimlənməsini Azərbaycanın iradəsinə zidd hesab edirəm:

“Ərazimiz işğal olunub, insanlarımız öz vətənimizdə köçkündür və maddi-mənəvi sərvətlərimiz dağıdılıb. Beynəlxalq təşkilatların da tanıdığı Azərbaycan ərazisində bu gün düşmən at oynadır. Bu baxımdan müharibə, siyasi və ya diplomatik yolla ərazi bütövlüyümüzü bərpa etmək hüququ bizimdir. Beynəlxalq hüquqda işğal faktı tanınırsa, bunun özü də müharibə üçün zəmin yaradır. Zamanın uzanması isə daha çox Ermənistanın maraqlarına uyğundur. Zaman uzandıqca yeni nəsil formalaşır. Hər itirilən gün isə Azərbaycanın milli maraqlarını təhdid edir. Azərbaycan və Ermənistan ABŞ, Avropa, ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatlar qarşısında münaqişənin sülh yolu ilə həll olunması üçün öhdəlik götürüb. Ermənistan təbii ki, diversiya fəaliyyətini davam etdirərək Azərbaycanı təcavüzkar kimi tanıtmağa çalışır. Azərbaycan isə ərazisi işğal olunduğuna görə öz iddiasını ortaya qoymalıdır. Azərbaycan bu iddianı ortaya qoymur.


Ona görə də aprel və bu günlərdə yaranan qarşıdurmalar kimi epizodlar baş verəcək. Bu gün bütün Azərbaycan bilməlidir ki, torpaqların azad olunması üçün müharibə şansı bizimdir. Bunu artıq dünyaya çatdırmaq lazımdır ki, biz müharibə tərəfdarı deyilik, amma işğal faktının aradan qaldırılmasının alternativ yolu yoxdur. Bu həm də bizim beynəlxalq hüquqda üstün möveyimizdir.
Biz bunu etmədikcə Ermənistan öz havadarları hesabına beynəlxalq aləmdə özlərinə dəstək qazanmağa çalışacaqdır. Hesab edirəm ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün bütün vasitələrdən, o, cümlədən, müharibədən istifadə etməyə çəkinməməlidir”.

Vilayət Muxtar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar