Natiq Cəfərli: “Bayramla əlaqqdar dollara tələbat artacaq”
Hazırda valyuta bazarında nisbətən sakitlik hökm sürür.Belə ki, iqtisadçılar iddia edirlər ki, artıq banklarda dollara tələbat azalıb.Banklar əvvəlki dövrlərdə olduğu kimi dollar almağa maraq göstərmirlər.Ancaq bu prosesin yaranması məhz Azərbaycan Mərkəzi Bankının 4 faizli marjanı ləğv etməsinə təsadüf etdi.Marja ləğv edildikdən sonra bankların valyuta mübadiləsində ciddi fərq yarandı.Bəzi banklarda valyuta alqı-satqısında hər 1 dollar üçün 0.15-0.20 manat fərq yaranır.
Bu isə dollar bazarında yaranan aktivliyin azalmasına səbəb oldu.Bəs bu gün banklarda dollara tələbatın azalması əslində nə ilə bağlıdır?Bankların tətbiq etdiyi məzənnə fərqi, yoxsa artıq dollarlaşma prosesinin başa çatması?
“Cümhuriyət” qəzetinə şərhində iqtisadçı-ekspert Natiq Cəfərli bu məsələdə başqa məqamların olduğunu dedi. N.Cəfərli əlavə edib ki, Mərkəzi Bank dollara tələbatı azaltmaq üçün manat qıtlığı yaradır: “Azərbaycan Mərkəzi Bankı manat dövriyyəsini xeyli azaldıb. Keçən illə müqayisədə ən az 2 dəfə azalma var. Ötən il manat dövriyyəsi 12 milyarda yaxın idisə, indi bu rəqəm 6 milyarda düşüb. Bu da banklarda həm də manat çatışmazlığı yaradır.Mərkəzi Bankın bu addımlarının məntiqi aydındır ki, manat döriyyəsi artdıqca dollara tələbat da artacaq və bazara daxil olan əlavə manat kütləsi dollara yönələcək.Ona görə də Mərkəzi Bank manat kütləsini sıxır.Bu isə iqtisadi aktivliyi zəiflədir.Banklar kredit verməkdən imtina edir və buna görə də kreditləşmə çox aşağı səviyyələrə düşüb.Banklar fiziki və hüquqi şəxslərə kredit vermirsə, deməli, iqtisadi aktivlik də zəifdir”.
Ekspert bildirib ki, yanvar, fevral ayları beynəlxalq ticarətdə iqtisadi aktivliyin zəifləməsi ilə müşahidə olunsa da mart ayında çox kəskin sıçrayışlar baş verir: “Çox güman ki, üzümüzə gələn mart ayında da biz bunu Azərbaycanda müşahidə edəcəyik. Çünki, həm bayramlarla əlaqədar idxala tələbat artacaq və bu da dollara tələbatın artacağı deməkdir.Həm də bayram günlərində Azərbaycan vətəndaşlarının bir qismi xarici səfərlərə gedəcəklər.Bu zaman da valyutaya tələbat artacaq.Bunun özü belə banklarda dollara tələbatın aracağı ehtimalını yüksəldir.Mərkəzi Bankın keçirdiyi hərraclarda ciddi dəyişiklər baş vermir.Hətta həftədə 2 dəfə keçirilən hərraclara Mərkəzi Bank 35 milyon dollardan yüksək valyuta çıxarmır.Bu onu göstərir ki, dollara tələbat var. Sadəcə olaraq 4 faizli marjanın ləğvindən sonra banklar istədikləri qiymətə dollar alıb sata bilirlər və banklar alqı-satqı arasında olan fərqdən kifayət qədər gəlir əldə edirlər.Vətəndaşlar da bunu görür və valyutanı dəyişmək üçün daha yaxşı məzənnə axtarır.Bəzi banklarda hətta hər 100 dollarda 15 manat məzənnə fərqi yaranıb.Banklar isə bir müddətdən sonra alış qiymətində müəyyən düzəlişlər etməlidirlər ki, vətəndaşda dollarını satmaq üçün maraq yaransın.Əks halda yenidən bu “qara bazar”ın yaranmasına şərait yaradacaq.“Qara bazar”da daha doğru məzənnə formalaşmağa başlayacaq.Rəqabətli mühit olmasa, valyutadəyişmə məntəqələrinin fəaliyyətinə qoyulan qadağa aradan qaldırılmasa “qara bazar”ın yaranması ehtimalı güclənir.Banklar hal-hazırda kreditləşmədən gəlir əldə edə bilmədikləri üçün yeganə gəlir vasitəsini məzənnə ilə oynamaqda görürlər.Dolları ucuz alıb, baha sataraq bankları ayaqda saxlamağa çalışırlar.Amma bu yanlış yoldur və banklar da bir müddət sonra bunu öz gəlirlərinin və dövriyyələrinin azalmasında görəcəklər”.
Vilayət Muxtar
Cebhe.info