Bu gün Bakı-Sumqayıt yolunda baş verən və 5 nəfər gəncin ölümü ilə nəticələnən dəhşətli qəza Azərbaycanın nəqliyyat sistemindəki problemləri bir daha göz önünə sərdi. Bir daha hər kəs səhər sağlam şəkildə çıxdığı evinə axsam geri dönə bilməməyin necə real bir qorxu olduğunu xatırladı. Səbəb isə avtomobili düzgün idarə edə bilməyən, 5-10 qəpik irəli düşmək üçün sərnişinlərin həyatını riskə atan sürücülər oldu.
Musavat.com-un müxbiri bu hadisənin ardınca sözügedən mikroavtobusların əsas dayanacağı olan “20 Yanvar” dairəsinə yollanıb. Burada uşaqdan böyüyə hər kəs hadisənin şokunu yaşayırdı. Hər gün istifadə etdikləri marşrutda belə bir hadisənin baş verməsi onlara da dərs olub.
Hadisədən xəbər tutan sürücülər və sərnişinlər bir qədər narahat idilər. Sərnişinlərlə söhbət zamanı məlum oldu ki, həmin mikroavtobuslardan istifadə ediblər və sürücülərin avtomobili necə “idarə etməsinə” də bələddirlər. Deyirlər ki, bu cür “canavar”ları xəttə buraxdıqdan sonra belə bədbəxt hadisələr gözlənilən idi. Bu səbəbdən də bəzi sərnişinlər hətta marşrutlarını dəyişməli olublar. Sürət həddini aşan zaman sürücü ilə mübahisə edib, avtobusu yolda saxladıb düşənlər də olub.
Onu da öyrəndik ki, “20 Yanvar” metrostansiyasının çıxışında fəaliyyət göstərən mikroavtobuslar digərlərindən nisbətən ucuz işləyirmiş. Bu səbəbdən daha çox müştəri yığırmışlar. Misal üçün, Avtovağzal ərazisindən yola düşən marşrut avtobusları Sumqayıta 1 nəfər sərnişini 60 qəpiyə aparırsa, bu mikroavtobuslar 50 qəpiyə aparır. Həm də qeyri-qanuni fəaliyyət göstərdikləri üçün tez-bazar müştəri yığıb, yola çıxırlar. Maddi durumu aşağı olan insanlar da bu marşrutlarla getməyə çalışır.
Musavat.com-un müxbiri Bakı Beynəlxalq Avtovağzalında olub, Sumqayıta gedən marşrutların sürücüləri ilə həmsöhbət olub.
Sürücülər bildirib ki, mikroavtobusların bu cür qeyri-qanuni fəaliyyəti yeni deyil: “Avtovağzal” ərazisində 30-a yaxın marşrut var. Onlardan 10-u “Nasosnu”ya işləyir. Qalanları Sumqayıta və qəsəbələrinə gedir. Sürücülərin hamısını da tanıyıram. Burada fəaliyyət göstərənlər 30-40 il stajı olanlardır. Məlum qəzada işləyən sürücü isə gənc olub. Həm də xətdən kənar işləyirmiş. Yəni qeyri-qanuni... Əsasən “Ford” markalı mikroavtobuslardır və onlar “Avtovağzal” ərazisinə daxil olmurlar. Qeyri-qanuni şəkildə fəaliyyət göstərirlər, nəticədə bu cür bədbəxt hadisələr baş verir. Yeni qanun çıxarıblar ki, 65 yaşından yuxarı olan şəxslər sürücü işləməsin. Gəncləri işə alanda da belə hadisələr baş verir. Allah həlak olanların ailələrinə səbr versin, ağır dərddir”.
10 ildir ki, Bakı-Sumqayıt sərnişindaşımasında çalışan Rafiq İsakov vəziyyəti belə izah etdi: “Bu vəziyyət çoxdandır ki, davam edir. Sürücülük vəsiqəsi olmadan, heç bir icazə sənədi olmadan marşrut avtobusu idarə edənlər barədə çox eşitmişdik. Nəinki şəhərlərarası, qəsəbə daxilində sərnişindaşımada çalışan o qədər sürücü var ki... Qəza törədən marşrutlar da “20 Yanvar” metrostansiyası ətrafında fəaliyyət göstərib. Həmin mikroavtobusu burada tanıyan yoxdur. 16 nəfər tutumu olan avtobusa 20-30 sərnişin yığıb aparırlar. Qrafik olmadığından sürücülər yarışa çıxırlar. Elə hesab edin ki, sizin bir mikroavtobusunuz var, heç bir icazəsiz yola çıxıb, sərnişin daşıyırsınız. Bir sözlə, əsas prinsipləri odur ki, tez çatım daha çox sərnişin yığım, çox qazanım. Həmin yolda sürət həddi maksimum 90, minimum isə 60 km göstərilib. Buna baxmayaraq radardan bir qədər kənarlaşan kimi sürəti artırırlar. Biz də isə əksinədir, sürücülər əmək haqqı ilə çalışır. Hamımızın standart maaşımız var, çox işləsək də, az işləsək də dəyişmir. Sərnişinlərə bilet satırıq. Əlavə olaraq, Bakı-Sumqayıt yolundan götürdüyümüz sərnişinin faizini alırıq. Hər bir marşrutun üzərində nömrəsi olmalıdır. Bunlarda belə olmayıb. Sumqayıta işləyən avtobuslar hamısı “Hyndai” markalı, standartlara cavab verən nəqliyyat vasitələridir”.
Musavat.com-un əməkdaşına danışan Bakı Avtovağzalı Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev də həmin marşrutun avtovağzal ərazisində fəaliyyət göstərmədiyini təsdiqlədi. Bildirdi ki, həmin marşrut “20 Yanvar” ərazisində fəaliyyət göstərir. Avtovağzal ərazisində belə bir mikroavtobus qeydiyyatda olmayıb.
Məğrur Mərd,
Musavat.com,
Fotolar müəllifindir.