Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Generalın istefasında Rusiya izi: “…Elbrus Orucov orada hansı oyunlardan çıxıb”

30-03-2017, 19:41   
Generalın istefasında Rusiya izi: “…Elbrus Orucov orada hansı oyunlardan çıxıb”
Rəhim Qazıyev: “O həmin şəxsdir ki, bütün məhkəmələrdə üzümə dururdu”

Növrəstə Yusifova: “Şuşada olanlar da, əsgərlər də şahid idilər ki, Elbrus Orucov orada hansı oyunlardan çıxıb”

Üzeyir Cəfərov: “Şuşa briqadasında komandir olduğuna görə hamı onu günahlandırırdı”

Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb. İstefaya göndərilənlər arasında Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elbrus Orucov da var. Elbrus Orucov Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi təyin edilib.
Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Elbrus Orucov ordunun beyni hesab edilən idarəyə-Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olundu. Elbrus Orucovun ölkənin baş qərargah rəisi olacağı ilə bağlı mətbuatda xəbərlər də dolaşırdı.

“Elbrus “piyan” idi, yanında da qadın vardı”



Azərbaycanın ilk snayperçi qadınlarından, Qarabağ müharibəsi veteranı Növrəstə Yusifova “Cümhuriyət” qəzetinə Elbrus Orucova qarşı irəli sürülən ittihamın doğru olduğunu deyib. N.Yusifova hesab edir ki, Şuşanın işğal olunmasında Elbrus Orucovun günahları olub: “Həmişə məndən soruşulanda ki, Şuşanın getməsində kimin günahı var? Şəxsən mən əsgər olaraq, Elbrus Orucovu günahlandırıram. Çünki mən onu 1992-ci ilin mayın 4-də İsa bulağının yanında gördüm. Təəssüf ki, onu çox gec mühakimə edirlər. Şəhidlər də, sağ qalanlar da, Şuşada olanlar da, əsgərlər də şahid idilər ki, Elbrus Orucov orada hansı oyunlardan çıxıb. Mən həmin vaxt “Zastava” adlandırılan postda idim. Bura mayın 1-də gəlmişdim. Şuşanın girişinə şlaqbaum qoymuşdular ki, şəhərə artıq şeylər, xüsusilə, spirtli içkilər gətirilməsin, yaxud Şuşadan qarət yoluyla heç nə çıxarılmasın. “Zastava”ya göstəriş verilmişdi ki, avtomobillərdə, yaxud hansısa nəqliyyat vasitələrində şübhəli əşyalar və spirtli içkilər olarsa, müsadirə olunsun.

Bunlar müsadirə edilib, polisə təhvil verilirdi. Səhər mən postda tək idim. Aşağıdan səs eşitdim. Gördüm ki, Həsən adlı əsgərlə Elbrus “piyan” vəziyyətdədir. Yanında hərbi formada bihuş halda bir qadın vardı. Avtomobilin arxasındakı oturacaqda dəmir yeşiyin içində çoxlu araq vardı. Şüşələrin yarısı içilmişdi. İsa bulağından yeyib-içməkdən gəlirdilər. Əsgərin də tapançasını çıxarıb başına dirəyib ki, bu dəqiqə səni güllələyəcəm, məni şəhərə burax. Əsgər də bildirdi ki, komandir tərəfindən göstəriş verilib ki, olmaz. İçkili vəziyyətdə, yaxud içkiylə Şuşaya girmək olmazdı. Elbrus bu vəziyyətdə necə komandirlik edə bilərdi? Camaata deyirdi ki, çıxıb gedin, dağılışın. İnsanları hara qovursan? Onsuz da Şuşa əldən gedirdi. İnsanlara deyirdi ki, gedin, ermənilərə əsir düşün. Sən ayın 4-5-də haradan bilirdin ki, ermənilər Şuşanı işğal edəcəklər? Niyə əsgərləri şəhərdən çıxarırdın? Nə onun özündən, nə də rəftarından heç xoşum gəlmədi. Şuşanın ələ keçirilməsində Elbrusun da günahları vardı, bunu hamı bilir”.

“Qabağına çıxana deyirdi ki, Şuşadan çıxın, şəhəri boşaldın”

Döyüşçü xanım Elbrus Orucovu “vicdansız” adlandırıb: “Belə vicdansızlıq olmazdı. Nə var, nə var 4 qardaşın hamısı polkovnik idi. Olsun da polkovnik? Sən niyə Şuşanı boşaldırsan? Biz mayın 9-da Xankəndində Qələbə gününü qeyd etməliydik. Bütün əsgərlər göstərişlərini almışdılar, məşq edirlər, hazırlaşırdılar. Mayın 4-də isə Elbrus qabağına çıxana deyirdi ki, Şuşadan çıxın, şəhəri boşaldın. Mayın 15-də Bakıda, Ali Sovetin qabağında görüş keçirildi ki, kim sağ qalıbsa, döyüşmək üçün cəbhəyə qayıtsın. Ordu Biləcəridə yığılırdı. Hamı biri-biriylə əlaqə saxlayıb, harada yığışdığımız barədə məlumat verirdi. Yenidən döyüşə getməli idik. Həmin vaxt Elbrus gəlib dedi ki, qadınların burada nə işləri var?! Cavab verdim ki, sən özün Şuşanı verib bura gəlmisən, hələ bir soruşursan “qadınlar burada neynirlər?”, rədd ol, get burdan. Sən hansı könüllülərə komandirlik edirsən? Bəyəm, sən könüllü yığmışdın? Torpaqları ermənilərə verənlər elə elbruskimilər oldu. Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi, cəbhədə də elbruskimilər min hoqqalıqdan çıxırdılar”.

“Şuşanı boşaldıb aradan çıxdı”



Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev “Cümhuriyət” qəzetinə bildirib ki, Elbrus Şuşada briqada komandiri olaraq, indiyədək bu fakta görə məsuliyyətə cəlb olunmadı. R.Qazıyev E.Orucovun məsuliyyətə cəlb olunmaq əvəzində məhkəmələrə və istintaqa şahid kimi cəlb edildiyini diqqətə çatdırıb: “Şuşanın işğalına görə birbaşa məsuliyyətə cəlb olunan müdafiə naziri Rəhim Qazıyev və ikinci adam da Şuşaya könüllü döyüşçü kimi getmiş, heç bir rəsmi əmri olmayan, əvvəldən başqa adla həbs olunmuş Nail Kazımov idi. Bölük komandiriydi, amma rəsmi əmri yox idi. Amma Elbrus Orucov bu məhkəmələrə şahid kimi gəldi. Prokuror da onun vəkili idi. Bu, sifarişli məsələ idi. Nə müdafiə naziri, nə də baş qərargah rəisinin əmri olmadan Şuşa və Laçını döyüş vaxtı tərk edən, bu şəhərləri boşaldan, həmin vaxt polkovnik-leytenant olan Elbrus Orucov bu əməllərinə görə, məsuliyyətdən kənarda qaldı. Amma müdafiə naziri “dahi hakim” Ənvər Seyidovun hökmü ilə ölüm cəzasına məhkum edildi.

Nail Kazımova da 10 il həbs verdi. Bu, “analoqu olmayan” bir iş idi. O da bundan sonra işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması üçün öz “xidmətlərini” göstərdi. Təəssüf ki, Elbrus Orucova sonradan Müdafiə Nazirliyində yüksək vəzifə verildi. O həmin şəxsdir ki, bütün məhkəmələrdə üzümə dururdu. Amma nə qədər vicdanını satsa da, etiraf etdi ki, Xankəndi yolunun minalardan təmizlənməsi əmrini baş qərargah rəisi, həmçinin zirehli texnika və artilleriyanın döyüş mövqeyindən çəkilməsi əmrini də Rəhim Qazıyev verməyib. Amma Şuşanı boşaldıb aradan çıxdı. Elbrus Orucovun dosyesində bir uğurlu əməliyyatı belə yoxdur”.

“Səfər Əbiyev 100 əsgəri qoyub qaçdı”

Rəhim Qazıyev bildirib ki, keçmiş müdafiə naziri Səfər Əbiyev də cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Mənim əmrimlə 20 texnikanı Göytəpədən (o vaxtı adıyla Pirişib qəsəbəsi) Laçın və Şuşa döyüş rayonlarına aparmalı olan o dövrdəki baş qərargah rəisinin müavini (keçmiş müdafiə naziri), polkovnik Səfər Əbiyev Zəngilan və Qubadlı arasında həm texnikaları, həm də 100 nəfər əsgəri qoyub qaçdı. Amma ondan soruşan olmadı ki, niyə qaçırdın? Cinayət işi qaldırılmışdı, amma bunu da ört-basdır etdilər. Təsəvvür edin ki, baş qərargah rəisinin müavini, polkovnik 20 ədəd texnikanı və 100 nəfər əsgəri qoyub qaçır. Belə “analoqu olmayan” məsələlər var”.

“Onu bacarıqlı və savadlı general kimi tanımışam”



Qarabağ müharibəsi veteranı, hərbçi-ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə deyib ki, Elbrus Orucov məhkəmlərdə ifadələrində dəfələrlə Şuşanın getməsində birbaşa məsuliyyətinin olmadığını bildirib.

Ü.Cəfərovun sözlərinə görə E.Orucov özünə qarşı olan bu ittihamların doğru olmadığını sübut edə bilib: “Açıq şəkildə də etiraf edib ki, həmin vaxt orada olan hərbi qüvvələr vahid komandanlığın tələblərinə əməl etməyiblər. Bu vaxt da Elbrus Orucov Şuşa briqadasında komandir olduğuna görə, hamı onu günahlandırırdı. Məhkəmədə barəsində irəli sürülən ittihamlar öz hüquqi əsasını tapmadığı üçün bəraət alıb, sonradan Müdafiə Nazirliyi onu müxtəlif vəzifələrə təyin edib. Bir sıra ölkələrdə attaşe vəzifəsi ilə yanaşı Müdafiə Nazirliyinin Elmi Mərkəzində yüksək vəzifə tutub. Yeni müdafiə naziri onu Döyüş Hazırlığı İdarəsinə rəis təyin etdi. Bu ali baş komandanla razılaşdırılmış bir vəzifədir. Yəni, Elbrus Orucovun bu vəzifəyə təyinatı təkcə müdafiə nazirinin yox, həm də ölkə başçısının razılığı əsasında olub. Mən Elbrus Orucovu savadlı və bacarıqlı general kimi tanımışam. Özü və qardaşları da peşəkar hərbçilərdir”.

Mənsur Rəğbətoğlu

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar