![İran masada: Kreml müttəfiqini qurban verəcəkmi?](/uploads/posts/2017-04/1491667098_xfelr3i.jpg)
Qabil Hüseynli: “Rusiya İrandan imtina etməyəcək”
Azər Həsrət: “Rusiya qlobal mənada əlverişsiz vəziyyətdə, sıxıntı içindədir”
ABŞ-ın dövlət katibi Reks Tillerson aprelin 12-də Moskvaya işgüzar səfərə gələcək.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.ABŞ Dövlət Departamenti də Tillersonun aprelin 12-də Moskvaya səfər edəcəyini təsdiqləyib.Məlumata görə Tillerson Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
İran məsələsi masada
Səfər çərçivəsində Suriya və İran məsələlərinin müzakirə ediləcəyi bildirilir.Ehtimal olunur ki, Reks Tillerson Moskvaya bu məsələlərdə Rusiyanın da razı olacağı təkliflə gedir.Belə ki, dövlət katibi Kreml qarşısında Suriya məsələsində ABŞ-ın güzəşt təklifini və bunun qarşılığında öz şərtini irəli sürə bilər.Amerika mənbələrinin iddialarına görə, bu, Rusiyanın İrandan imtina etməsini, yəni, ABŞ-a qurban verməsini nəzərdə tutan təklifdir.Nəzərə alsaq ki, İranın nüvə başlıqları daşıyan ballistik raketlərini sınaqdan keçirməsindən sonra ABŞ-ın bu ölkəyə hərbi müdaxilə edəcəyi gündəmə gəlib, bu baxımdan Tillersonun səfərində bu məsələnin razılaşdırılacağı da istisna olunmur.Ehtimal etmək olar ki, Rusiyanın İrandakı mövqeyindən geri çəkilməsi qarşılığında ABŞ Suriyanı güzəşt “kartı” kimi masaya ata bilər.Amma Rusiyanın bütövlükdə İranı qurban verəcəyi inandırıcı deyil. Ancaq şərt kimi ən az İranın nüvə çalışmalardan tədricən imtina edə, bu da gələcəkdə ABŞ-ın İrana hərbi müdaxiləsi üçün münbit zəmin yarada bilər.
“Amerika yeni blok yaradır”
Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə Rusiyanın ABŞ-ın hansısa şərti qarşısında İranla işbirliyindən imtina etməyəcəyini bildirib. Q.Hüseynli hesab edir ki, Rusiya bundan sonra da İranla strateji əməkdaşlığı davam etdirəcək: “İndiyədək bu iki ölkə arasındakı münasibətlər, xüsusilə, Yaxın Şərq məsələsindəki işbirliyi səmərəli nəticə verib. Rusiya bu məsələdə İranla münasibətləri saxlamağa çalışacaq.Digər yandan Həsən Ruhani yaxın vaxtlarda Moskvada olub.Burada tərəflər arasında strateji əməkdaşlıq müqaviləsinin imzalanması qərara alınıb.Müqavilə hazırlanır.Rusiya indiki şəraitdə də ABŞ-la rəqabətini davam etdirəcək. Amerika yeni blok yaratmağa can atır, bura müxtəlif dövlətləri cəlb etməyə çalışır. Müəyyən mənada buna nail olub. Hesab edirəm ki, Tillersonun hansı təklifi irəli sürməsindən asılı olmayaraq, Rusiya İrandan imtina etməyəcək”.
“Ortaq dil tapa bilərlər”
Siyasi analitik Azər Həsrət “Cümhuriyət” qəzetinə deyib ki, Rusiya və İran arasında əsrlərdir davam edən dostluq münasibətləri var. A.Həsrətin sözlərinə görə Orta Asiya və Cənubi Qafqaz məsələlərində bu iki dövlətin maraqları üst-üstə düşür:
“Bu baxımdan az ehtimal edirəm ki, Rusiya İranı qurban verəcək. Amma nəzərə alsaq ki, Rusiya qlobal mənada əlverişsiz vəziyyətdə, hər tərəfdən sıxıntı içindədir, əsasən də Qərb tərəfdən ciddi formada sıxışdırılır, bu zaman müəyyən güzəştlərə gedilməsini ehtimal etmək olar.Digər yandan ABŞ-ın yeni prezidenti Donald Tramp keçmiş həmkarı Barak Obamadan fərqli olaraq, Rusiyaya daha loyal davranır.Bu baxımdan da Rusiya və ABŞ müəyyən dövr üçün ortaq dil tapa bilərlər.Nəticədə Rusiya İranla bağlı mövqeyindən bir qədər geri çəkilə bilər.Amma Rusiyanın bütövlükdə İranı qurban verməsi, ağılabatan deyil.Çünki bir sıra regional məsələlərdə həmişə bu iki dövlət əlbir olublar.Yəqin ki, gələcəkdə də bu əməkdaşlıq davam etdiriləcək və buna onların ehtiyaclarının olduğu məlumdur”. Analitik qeyd edib ki, Reks Tillersonun səfərində ABŞ - Rusiya münasibətlərinin bir qədər yumşaldılması, eyni zamanda İran və Suriya məsələlərində müəyyən güzəştlərin edilməsi məsələlərinin müzakirə ediləcəyini danışa bilərik: “Lakin bütövlükdə İranın qurban verilərək ABŞ-a yaxınlaşması inandırıcı deyil. Hər kəs bilir ki, ABŞ - Rusiya yaxınlaşması müvəqqəti xarakter daşıyır, bu, zamanla dəyişəcək.Nəzərə alsaq ki, gələcək seçkidə ABŞ-da hakimiyyət başına yeni prezident gələ bilər və o, Rusiya ilə bağlı Ağ Evin ənənəvi siyasətini bərpa edə bilər”.
Mənsur Rəğbətoğlu
Cebhe.info