Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Uçan boşqab”ların siyasətə təsiri: Onu hətta prezident təyyarəsində də görmüşdülər

11-04-2017, 16:37   


Uçan naməlum obyektlər, başqa adı ilə “uçan boşqablar”. Onlar həmişə insanların maraq dairəsində olub, ancaq barəsində həm də az məlumatın olduğu mövzulardandır. Bu mövzuda nə qədər yazılsa da yenə də informasiyanın çox olduğunu söyləmək olmaz. Bir çoxları “uçan boşqab”ların varlığını, başqa sivilizasiyalarda həyatın olduğunu, UNO-ların Yer insanından daha çox inkişaf etmiş texnologiyaya malik olduğunu bildirsə də, “uçan boşqab”ların sadəcə fantaziya məhsulu olduğuna inananlar da az deyil. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə UNO-larla bağlı araşdırma aparıldığı zaman-zaman müəyyən sənədlərlə də təsdiqlənib.

“Cümhuriyət” qəzeti bu dəfə sizə dünya mətbuatında geniş əks-səda doğuran UNO-larla bağlı maraqlı məlumatları təqdim edir.

(Yazının əvvəlini burdan oxuya bilərsiniz)

UNO-lar haqqında məxfi sənədlər

Söhbət İspaniyanın hərbi dairələrinin gizli arxivindən gedir. Bu arxivdə UNO-larla bağlı da məxfi sənədlər saxlanılırdı. Nazirliyin virtual kitabxanasında (bibliotecavirtualdefensa.es) 1900 səhifəlik 84 hesabat yer alır. Bu sənədər 1962-1995-ci illər ərzində aparılan 122 müşahidəyə əsasən hazırlanıb. Bu hadisələrdən 20-də UNO-lar radarlar vasitəsilə aşkarlanıb. 15 hadisədə isə təyyarələrin iştirakı görünür. 10 olayda isə söhbət “yaxın təmas”dan gedir, başqa sözlə desək, humanoidlərlə görüşdən...

Ufoloqlar nə deyir?

Qapıda dayanan əsgər onu gecə saat 01.20-də müşahidə etdi. Dərhal da rəhbərliyi çağırdı. Hadisə yerinə gələn leytenant və kapral 5 dəqiqə naməlum obyekti müşahidə etməyə imkan tapdılar. Obyekt çox sakitcə şərqdən qərbə doğru hərəkət edirdi. Saniyədə sürəti bir kilometrə bərabər olardı. Birdən-bir UNO-nun düz mərkəz hissəsinə də gur ağ işıq göründü və dərhal da yoxa çıxdı. Sonra bu hal yenidən təkrarlandı. Bundan sonra baş verənlərlə bağlı fikirlər ziddiyyətlidir. Biri UNO-dan rombşəkilli, digər şahid isə üçbucaqlı işığın çıxdığını iddia edir. UNO hərəkət trayektoriyasını dəyişmədi və dərhal da gözdən itdi.

Hesabatlarda əksini tapan bütün hadisələrin ufoloqlara naməlum olduğunu söyləmək olmaz. Bu sənədlər ictimaiyyət üçün məxfi olsa da, mütəxəssislər 2016-cı ilə qədər də nazirliyin arxivində onlarla tanış olmaq imkanı qazanmışdılar. Təbii ki, təşəbbüs ufoloqlardan yox, həmin sənədləri saxlayan nazirlikdən gəlmişdi. Ancaq bəzi hallarda nazirliyə şəxsən müraciətdən ufoloqlar da hansısa araşdırma çərçivəsində sənədlərlə tanışlıq imkanı qazanırdılar. Sənədlərdə yer alan hadisələrin 85 faizə yaxını ufoloqlar tərəfindən araşdırılmışdı.



UNO-lar Kanar adalarında

22 iyun 1976-cı ildə saat 21.27-də Kanar adalarına yaxın yerdə dayanan "Artevida”dan qəribə hadisə müşahidə olundu.Yuxarıda birdən-birə hardan gəldiyi məlum olmayan gur işıq saçan obyekt göründü. Ondan çıxan işıq müşahidə aparmağı çətinləşdirirdi. 2 dəqiqəyə qədər belə davam etdi. Obyekt sanki böyük sarı-göy rəngdə şara çevrildi və bundan sonra öz mövqeyində 40 dəqiqəyə yaxın dayandı. Şardan iki hissə ayrıldı, yuxarı hissə uçdu və gözdən itdi. Digər hissə isə tərpənməz dayanmışdı. Dərhal ufoloqlar hadisəylə bağlı ilkin rəy verdilər. Hadisə baş verən zaman ABŞ-ın sualtı SSBN-632 "Fon Ştoyben” gəmisi “Poseydon” tipli iki rakt buraxmışdı. Bu gəmi prussiyalı zabit Vilhelm fon Ştoybenin adını daşıyırdı, zabit Amerika inqilabında iştirak etmişdi. Raketlər bir-birindən ancaq bir dəqiqə fasilə ilə buraxılmışdı. “Artevida” kapitanı və ekipajının gördüyü həmin raketlərin effekti ola bilər. Mütəxəssislərin söylədiklərinə inansaq, bunun UNO-larla heç bir əlaqəsinin olmadığını düşünmək olardı. Təbii ki, əgər elə həmin gün Qran-Kanariya adasında baş verən qəribə hadisə olmasaydı.

Həkim elə şeylər gördü ki...

Həkim Xulio Padron Leon bildirdi ki, getdiyi taksidən böyük bir şarı müşahidə edib. Həmin şar onlardan cəmi 60 metr məsafədə dayanmışdı və parlaq işıq saçırdı. Yerdən 2 metr məsafədə sanki havadan asılı vəziyyətdə dayanmışdı. Ancaq qəribə burasındadır ki, həkimin UNO gördüyünü iddia etdiyi yerə jurnalistlər hərbçilərdən daha tez getdi. “Avtomobildəki qəbuledici susdu, biz sanki dəhşətli soyuq hiss etməyə başladıq. Maşının sürücüsü hətta, soyuqdan titrəyirdi. Mən gördüklərimə inanmırdım, maşında olanlara bu barədə dedim. Şarın içində 2 böyük fiqur vardı. Biz onları təqribən 20 dəqiqəyə yaxın müşahidə edə bildik. Həm də çox yaxın məsafədə. Şar çox şəffaf idi, içindəkiləri asanlıqla görmək olurdu. İkimərtəbəli ev böyüklüyündə olardı. İçəridə gümüşü rəngdə platformaya bənzər nəsə görürdük, O qədər şəffaf idi ki, ondan baxanda göydəki ulduzlar da görünərdi. İçəridəki hər şey dairəvi formada idi. İçəridə qırmızı cizgili qəribə paltarlı varlıqlar vardı. Onların boyu ən azı 2,8-3 metr idi.

Əllərinin konusvarı olduğunu görürdük. Ancaq barmaqlarını seçə bilmirdik. Üz-üzə dayanmışdılar, əllərini hərəkət etdirirdilər” - deyə həkim danışırdı. Sürücü özünə gələrək uzaq işıqları yandırdı, sanki həmin şar bundan sonra hərəkətləndi, yaxınlıqdakı evlərin damına qədər qalxdı. Bu zaman içəridə şaquli istiqamətdə şəffaf boru göründü, ondan göy rəngli qaz çıxırdı, daha sonra həmin qaz şişərək 20 mərtəbəli ev böyüklüyündə oldu. O böyüsə də, içəridəkilərin ölçüləri dəyişmirdi. Pilotlar, platforma, cihazlar öz ölçüsünü saxlayırdı. Maşındakılar dəhşət içində donub qalmışdılar. Onlar özlərinə gələrək maşından düşdülər və yaxınlıqdakı evlərə tərəf qaçdılar. Evlərdən birində gizlənərək həmin ailə ilə bərabər müşahidə etməyə başladılar. Şar şişməkdə davam edirdi və dəhşətli görüntü yaranırdı. Bir qədər sonra içəridəki qaz, yaxud maye axıntısı dayandı. Obyekt birdən-birə gözdən itməyə başladı və Tenerife adasına doğru getdi. Ondan sanki fit səsi çıxırdı.

Həkimin söylədiyi bu hekayə də ordunun sənədlərinə daxil edildi. Ancaq bir çoxları onu ciddi qəbul etmirdilər, hətta, hekayəni sənədləşdirib Silahlı Qüvvələrin arxivinə qoyanlar da. İnanmamaq şahidlərin doğru deməyəcəyindən qaynaqlanmırdı, sadəcə, belə şeyin ola biləcəyini heç kəs düşünmürdü. Ancaq həkim kifayət qədər ciddi adam idi, eləcə də maşındakı digər sərnişinlərin eyni sözləri təkrarlamasında hansı başqa maraq ola bilərdi ki? Onlar ayrı-ayrılıqda eyni şeyləri dəqiqliyi ilə danışırdılar. Üstəlik, maşındakıların sığındığı evin sakinləri də onlarla bərabər evdən şarı müşahidə etmişdilər. Bu qədər adam nəyin xatirinə yalan danışmalı idi? Həm də, bu iki hadisə niyə sualtı gəminin raket buraxdığı ərəfəyə təsadüf etmişdi?



UNO ispan təyyarəçini ələ saldı

Məxfi sənədlərdə yer alan qəribə hadisələrdən biri də 17 noyabr 1979-cu ildə baş vermişdi. Saat 16.20-də operativ sistem “Peqas” radarlarda naməlum obyekt müəyyən etdi. 25 dəqiqə sonra Los-Lyanos bazasından “Miraj” qırıcıları yola çxıdı.

Ancaq elə bu zaman da obyekt yoxa çıxdı. Təyyarəçi UNO-nun olduğu deyilən isitqaməti tamamilə müəyyən etdi, ancaq orda artıq heç nə qalmamışdı. 10 dəqiqə sonra pilot bazaya qayıtdı. Ancaq ən maraqlısı bundan sonra başladı. "EO-01 nömrəli qırıcı 10 dəniz mili məsafədə gur işıq gördü. “Peqas”ın əmri ilə obyektə tərəf isitqamət aldı. Ancaq maraqlı idi ki, qırıcının hərəkətinə baxmayaraq obyektlə aradakı məsafəni azaltmaq mümkün olmurdu. 10 dəqiqə ərzində hərəkət edən qırıcı sürətini saatda 1160 kilometrə də çatdıra bilərdi. Ancaq obyektə çatmaq mümkün olmurdu və qırıcıya bazaya qayıtmaq əmri verildi. Bu əmrdən sonra təyyarəçi “Peqas”ın radiokanalında uşaq səsləri eşitdi.

Onlar gülüşür və “Ey, necəsiz? Ey. Y” deyir və gülüşürdülər. 30 saniyə gülüş səsləri eşidildi. Hadisədən sonra başlanan araşdırmada müətxəssislərin diqqətini qəribəlik cəlb etdi. “Peqas” dispetçerləri heç bir uşaq səsi eşitməmişdilər. Bənzər hadisələr 80-cı illərdə də oldu və sənədləşdirildi. Ancaq görünən odur ki, hərbçilər heç də bütün hadisələri hələ də açıqlamayıb. Məxfi sənədlərdə 1980-cı il 25 fevralında baş verən hadisə barədə də qısaca yazılıb. Bu hadisənin şahidləri prezident Adolfo Suaresi Almaniyadan ölkəyə qaytaran təyyarənin ekipajı və sərnişinləri idi. Onlar da göydə qəribə rəngli şar görmüşdülər. Ancaq yayılan sənədlərdə bu hadisənin detalları açıqlanmır. Görünür, prezident təyyarəsi olduğuna görə...

UNO-ların siyasətə təsiri...

2016-cı ildə bir çox ölkələrin orduları arxivlərdə UNO-larla bağlı məxfi sənədləri açıqlamağa başladı. Səbəb aydındır. Xüsusilə, seçkilər ərəfəsində bu hadislərin qəzetlərin manşetinə çıxarılması həm də, siyasi sifarişlədir. Əhalinin böyük əksəriyyətinin UNO-lara inandığı ölkələrdə seçkilərdə bu faktlardan da istifadə nəticə verir. Məsələn, namizədlər arxivlərdəki sənədlərin ictimaiyyət üçün açıqlanmasını tələb edir və beləliklə, UNO-larla maraqlanan böyük bir kəsimin rəğbətini qazanır. Amerikada keçirilən son seçkilərdə Donald Tramp və Hillari Klinton da bu variantdan istifadə etmişdi.

Xəzər

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar