Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Suriya savaşında yeni oyunçu: NATO ölkəyə müdaxilə edə bilər

14-04-2017, 20:05   


ABŞ prezidenti Donald Tramp Suriyadakı amansız vətəndaş müharibəsinə son qoymağın, terrorçuları məğlub etməyin və qaçqınların öz evlərinə qayıtmasının vaxtının çatdığını bəyan edib. Ağ Ev-in başçısı bu açıqlamanı NATO-nun baş katibi Yens Stolteneberlə görüşdən sonra verib. Suriyadakı böhranı həll etmək üçün NATO ilə ilə birgə fəaliyyət göstərməyin vacibliyinə işarə edən prezident Tramp deyib:

“Biz Əsədin qorxunc silahlardan istifadə edərək həyata keçirdiyi qətliamların qınanmasında NATO üzvü olan ölkələrin və müttəfiqlərimizin göstərdiyi dəstəyə görə təşəkkür edirik. Kiçik və yardıma möhtac uşaqların, körpələrin daxil olduğu günahsız, dinc insanların kimyəvi silahlarla qətlə yetirilməsi insan həyatına dəyər verən bütün millətlər tərəfindən pislənməlidir”. ABŞ dövlət katibi Reks Tillerson Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib ki, ABŞ-ın mövqeyi Suriyada Bəşər Əsəd rejiminin sona yaxınlaşmasından ibarətdir. “Bizim mövqeyimiz belədir ki, Əsəd rejimi sona yaxınlaşır, bunun günahkarı özləridir, səbəbi isə davranışları və bir neçə il davam edən müharibədir”- Tillerson belə deyib. O əlavə edib ki, Rusiya “bu reallığı anlamaqda Əsədə kömək edə bilər”. ABŞ-ın dövlət katibi bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin hərəkətləri tezliklə onun hakimiyyətinin sonunu gətirəcək. Tillerson, eyni zamanda Rusiyanı Əsədə "bu reallığı dərk etməkdə" köməklik göstərməyə çağırıb.

Suriya federallaşır

ABŞ prezidentinin Suriyadakı müharibəyə son qoyulması məsələsini NATO-nun baş katibi ilə müzakirə etməsi Şimali Atlantika Alyansının yaxın vaxtlarda Əsəd rejiminə qarşı hərbi əməliyyatlara başalayacağını deməyə əsas yaradır. Əgər NATO qüvvələri Suriyaya daxil olarsa, Bəşər Əsəd hakimiyyətinə qısa müddətdə son qoyulacağına şübhə yoxdur. Ancaq ABŞ əməliyyatlara başlamazdan əvvəl bu mövzuda Rusiya ilə anlaşma əldə etməyə çalışır. Çünki Rusiya Suriyada əsas geosiyasi güc mərkəzi olmaqla yanaşı, Əsəd rejiminin mövcudluğunu təmin edən aktorlardan biridir. Moskvada aparılan danışıqlar Rusiyanın qeyd edilən məsələdə ABŞ-a güzəştə getmək istəmədiyini göstərir. Rəsmi Vaşinqton isə Rusiyanın cavabından asılı olmayaraq, istənilən halda Suriyada hərbi əməliyyatlara başlayacağını bəyan edib. Sadəcə olaraq, Rusiyanın bu prosesə dəstək verməsi Suriyada hakimiyyətin dinc şəkildə ötürülməsini təmin edə bilər. 2017-ci ildə Bəşər Əsədin prezidentlik müddəti başa çatır. Rusiya onu növbəti seçkilərə qatılmaqdan çəkindirməklə Suriyanın yeni hazırlanmış konstitusiya layihəsinə uyğun keçid hökumətinin formalaşmasını təmin edə bilər. Əks təqdirdə, post-Əsəd dövründə Suriyada sabitliyin bərpası məsələsi açıq qalır. Bəzi siyasi ekspertlərin fikrincə, ABŞ-ın hərbi müdaxiləsi artıq Suriyanın unitar dövlət olmayacağını təsdiqləyir.

Yaxın Şərqdə müstəqil Kürdüstan dövlətinin yaradılmasına çalışan ABŞ İraq və Suriyanın parçalanmasında maraqlıdır. Ən yaxşı halda isə Suriyanın federativ dövlətə çevrilməsi planı işə salına bilər. Bu halda Suriya dövləti ələvilər, sünnilər və kürdlərdən ibarət federativ subyektlərdən təşkil olunacaq.


İkinci vacib məsələ Suriyada atəşkəsin təmin edilməsinə dair razılaşmaya nail olmuş Rusiya, Türkiyə və İranın bölgədədki gələcək hərbi-siyasi fəaliyyəti ilə bağlı yaranan suallara cavab tapılmasıdır. Rusiyanın Suriyanın Latakiya bölgəsində qazandığı geostrateji mövqe Aralıq dənizinə çıxışını təmin edir. Həmin ərazidə Rusiyanın yerləşdirdiyi “S-300” və “S-400” raketdən müdafiə sistemləri ABŞ-ın Aralıq dənizi regionundakı uzaqmənzilli raketlərindən müdafiə olunmaq üçün nəzərdə tutulub. Ona görə də Moskvanın Suriyada NATO-ya güzəştə getməsi strateji mövqelərindən geri çəkilməsi kimi qiymətləndirilir. Nəhayət, bir neçə ildən sonra ABŞ-ın Əsəd rejimini devirməsi qərarı Ankarada sevinclə qarşılanıb. Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Mayk Pensə zəng edərək bu prosesə hər cür dəstək verməyə hazır olduqlarını bildirib. Ancaq Ərdoğan iqtidarı Suriyanın Əsəd rejimindən sonrakı siyasi taleyi ilə bağlı ABŞ-a dəstək verməyə hazır görünmür. Çünki rəsmi Ankara Suriyanın nə parçalanmasını, nə də federallaşmasını istəmir. Hətta NATO qüvvələrinin Əsədi hakimiyyətdən devirdikdən sonra Türkiyə silahlı qüvvələrindən Suriyanın şimal ərazilərini tərk etmək tələbini irəli sürəcəyi istisna edilmir. Türkiyə isə buna bir şərtlə razı olmaq niyyətindədir. Suriyanın şimalında kürd dövləti və ya kürd federal muxtariyyəti yaradılmasın. Suriyada Əsəd rejiminin əsas dəstəkçilərindən biri olan İran isə ABŞ-ın başlatdığı müzakirələrdən kənarda qalıb. Siyasi proqnozlara görə, Suriyada Əsəd rejiminin devrilməsi İranın Yaxın Şərqdən çıxarılması prosesinin başlanğıcı olacaq. Hətta ABŞ-ın Əsəd ordusuna məxsus hərbi bazalarıının ardınca, İranın əsas müttəfiqlərindən olan “Hizbullah” terror təşkilatının Suriyadakı hərbi obyektlərini də vura bilər.

Əsədin “qələmi qırılıb”


Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, Bəşər Əsədin hökmranlığına son qoyulması barədə beynəlxalq ictimaiyyət artıq qərarını verib:

“Aprelin 10-11-də “Böyük yeddilər”in İtaliyada keçirilən sammitində də Suriya böhranına son qoymağın vaxtının çatdığı qeyd edilir. Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməsindən sonra Suriyada hərbi əməliyyatların aparılması qaçılmaz görünür. ABŞ-ın dövlət katibi Reks Tillersonun Moskva səfərinin nəticələri Rusiyanın bu məsələdə heç cür güzəştə getmək niyyətində olmadığını göstərir. Lakin Suriya məsələsi ABŞ prezidenti ilə NATO-nun baş katibi arasında müzakirə edilirsə, deməli zərurət yaranacağı təqdirdə Şimali Atlantika Alyansı da prosesə müdaxilə edə bilər”.

Politoloq onu da bildirdi ki, Rusiyanın ABŞ-la razılaşmaya nail olması Suriya böhranının daha asan həllinə şərait yaranmasını təmin etmiş olar. Belə ki, Rusiya Bəşər Əsədin təhlükəsizliyinin təmin edilməsi və keçid hökumətinin qurulmasında təminatçı tərəf kimi çıxış etmək imkanına malikdir. İran isə bu prosesdən kənarda saxlanılır. Sülhəddin Əkbər hesab edir ki, NATO və ya ABŞ Suriyada hakimiyyəti dəyişərsə, yeni formalaşan hökumət beynəlxalq hüquqi normaları çərçivəsində Türkiyədən silahlı qüvvələrini geri çəkməyi tələb edə bilər.

Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar