Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yeni Koreya müharibəsi başlaya bilər

15-04-2017, 20:00   
Yeni Koreya müharibəsi başlaya bilər

Rusiya və Qərb politoloqları bunun reallıqdan o qədər də uzaq olmadığını söyləyirlər
Uzun müddətdən bu yana Koreya yarımadasında sular yenidən isinməyə başlayıb. Çünki Şimali Koreya diktaturasının qarşısında indi onun nüvə sınaqlarına göz yummaq istəməyən supergücün, yəni ABŞ-ın yeni rəhbərliyi dayanıb.

“Yaxın zamanlarda Şimali Koreya növbəti atom sınağını keçirəcək. Bunu Pangiri nüvə poliqonundakı aktivliyi nümayiş etdirən yeni peyk görüntülərindən görmək olar”, - deyə Almaniyanın Frankfurter Allgemeine qəzetinin yazarı Martin Benninqof yazır.

Müəllif poliqonun KXDR-in şimal-şərqində, Rusiya ilə 200 km-lik, Çinlə isə cəmi 100 km-lik sərhəddə yerləşdiyini xatırladır: “Koreyanın şimalını idarə edən Kim sülaləsi ilk diktator Kim İr Senin 105 illiyini bu cür, yəni daha böyük gücdə nüvə silahını sınaqdan keçirməklə, özünəməxsus tərzdə qeyd etməyə hazırlaşır”.

Lakin Şimali Koreya rəhbərliyinin niyyətinin nə dərəcədə ciddi olduğunu anlamaq çətindir. Çünki rejimin əlindəki silahlarla bağlı informasiyalar olduqca məhduddur. Şimali Koreya ordusunun 4 mindən çox tankı, 730 PDM-i, 1 milyondan çox əsgəri mövcuddur. Bu ordu ətraf dövlətlərə, xüsusilə cənub qonşusuna, demokratik Cənubi Koreya Respublikasına kütləvi şəkildə tələfat yetirəcək dərəcədə təhlükəlidir.

Картинки по запросу Koreya müharibəsi

Lakin Şimali Koreya ordusu böyüklüyünə rəğmən hərbi-texniki təchizatı olduqca köhnədir. Bu səbəbdən şimal rəhbərliyi rasional qərar qəbul etməyə məcburdurlar. Əgər onlar birinci hücum etsələr, bu, yarımadanın şimal hissəsini yarım əsrdən çox idarə edən Kim xanədanının sonu demək olacaq.

ABŞ-ı isə ən çox narahat edən məsələ Şimali Koreyanın əlində olan nüvə silahının İŞİD kimi terrorçu qrupların əlinə keçməsi ilə bağlıdır.

KXDR üzrə tanınmış mütəxəssis Rüdiger Frank bu səbəbdən Şimali Koreyaya hücum yerinə iqtisadi imkanlar açmağı təklif edir. Onun fikrincə, canı boğaza yığılan və hər şeyi gözə alan düşmənə qaçmaq üçün çıxış yeri qoymaq daha ağıllı addım olardı.

Cənubi Koreyanın Kukmin universitetinin professoru Andrey Lankov ABŞ-ın Şimali Koreyada güc tətbiqi ilə bağlı 3 ssenarisinin mövcud olduğunu bildirir: “Birincisi ölkənin nüvə və raket obyektlərinə zərbə endirilməsidir. Lakın bu planın zəif yönləri mövcuddur. ABŞ KXDR-in nüvə arsenalının hamısının harada yerləşdiyini dəqiq bilmir. Bilinən yerlərə endiriləcək zərbələr isə şimalın nüvə proqramını sadəcə 10 illiyə təxirə sala bilər. Bu ssenarinin ən təhlükəli cəhəti ediləcək hücumun tammiqyaslı müharibəyə gətirib çıxaracağı ilə bağlıdır.

Картинки по запросу Koreya müharibəsi

Çünki Koreya rəhbərliyi də ABŞ-ın zərbələrini cavabsız qoymayacağını, Amerikanın Yaponiyadakı hərbi bazalarını və Seulu vuracağını indidən bəyan edib. Hədəflər arasında ABŞ-ın Koreya sularına gətirdiyi “Carl Vinson” təyyarədaşıyıcı gəmisi də var.

İkinci variant Kim rejiminin növbəti sınağını həyata keçirəcəyi poliqona zərbə endirməkdir. Bu variantın ən üstün cəhəti Pxenyanın tammiqyaslı savaşa girmə ehtimalının azalacağı ilə əlaqədardır.

Nəhayət, 3-cü variant nüvə sınaqlarında istifadə edilən raketin havada yaxalanaraq vurulmasını nəzərdə tutur. Bu variantın ən müsbət yanı suveren dövlətə hücum etmək bəhanəsinin verilməməsidir. Mənfi cəhəti isə olduqca qeyri-səmərəli olmasındadır. Çünki hər dəfə raket vurmaq mümkün olmayacaq”.

Bəzi ekspertlər Trampın Əfqanıstana atdığı və dünyanın ən güclü qeyri-nüvə bombası sayılan GBU-43 raketini həm də Şimali Koreya rejiminə edilən xəbərdarlıq siqnalı kimi qəbul edirlər.

“Tramp vizual simvolları nümayiş etdirməyi sevən adamdır. Deyəsən, düşmənlərə çoxsaylı siqnallar göndərmək onun xoşuna gəlir. Mən hesab edirəm ki, o, Şimali Koreya rəhbərliyinə də bu yolla “xəbər” göndərməklə, qərarlı olduğunu göstərmək istəyib. Lakin çətin ki, bu, Şimali Koreyaya hücumla nəticələnsin...”, - deyə ABŞ-ın Vaşinqton şəhərində yerləşən “Center for the National Interest” analitik mərkəzinin rəhbəri Harri Kazianis “USA Today” qəzetinə açıqlamasında qeyd edir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar