![](/uploads/posts/2017-04/thumbs/1492698614_put-qafqaza.jpg)
Vətəndaşlığı ləğv edilən terrorçular Cənubi Qafqaza göndərilir
Rusiya Dövlət Duması “Vətəndaşlıq Haqqında” Qanuna dəyişiklik etməyə hazırlaşır. Qanunun 22-ci maddəsinə təklif edilən yeni bənd terrorçuluq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyası vətəndaşlarının bu statusdan məhrum edilməsini nəzərdə tutur. Qanuna görə, ittiham üzrə məhkəmənin hökmü ilə terror törətmiş şəxsin cinayəti bərabər tutulacaq. Sankt-Peterburq metrosunda baş vermiş terror aktının Rusiya vətəndaşı olması böyük ehtimalla sözügedən hüquqi sənədin gündəmə gəlməsində mühüm rol oynayıb.
Terrorun həm təşkilatçısının, həm də icraçının Mərkəzi Asiya kökənli olması görünür, Rusiya rəhbərliyinə ölkədəki müsəlman miqrantların, xüsusilə də Mərkəzi Asiya ölkələrindən olan şəxslərin vətəndaşlığına yenidən baxması üçün əsas yaradıb. Ancaq Rusiyada terrorçuluq fəaliyyəti ilə məşğul olan müsəlman vətəndaşların böyük hissəsi Şimali Qafqazda yaşayır. Aparılan son araşdırmalar Rusiyada sayına görə, ikinci ən çox radikal islamçıların Mərkəzi Asiyadan olduğunu göstərir. Qeyd edək ki, hazırda Rusiya Federasiyasında 20 milyon nəfərə yaxın müsəlman yaşayır.
2016-cı ildə Rusiyada daimi yaşayış izni alan miqrantların sayı 135 min nəfərdən 210 min nəfərə qədər artıb. Onların arasında Özbəkistandan gələnlər 46 faizə birinci yeri tutur. Bununla yanaşı keçən il, 17,2 min nəfər özbək öz vətəninə qayıdıb. Mərkəzi Asiya ölkələri arasında taciklərin Rusiyaya axınının artması müşahidə olunur. 2016-cı ilin yanvar ayına olan məlumata görə, Rusiyadakı tacik miqrantların sayı 862 min 321 nəfər təşkil edib. 2016-cı ildə Tacikistandan 19,4 min nəfər miqrant daxil olub. 2016-cı ilin əvvəlində Rusiyada işləyən və yaşayan Qırğızıstan vətəndaşlarının sayı 553 min 910 nəfər olub. Ancaq il ərzində qırğız miqrantların sayında 2 fazi artım qeydə alınıb. Rusiya vətəndaşlığı olan qırğızların statistikasına bura əlavə etsək, daha böyük göstərici əldə etmək olar.
Ona görə də Mərkəzi Asiyadan olan terrorçuların vətəndaşlığının ləğv edilməsi onların öz ölkələrinə immiqrasiyası üçün genişmiqyaslı prosesə təkan verə bilər. Bu Rusiyada yaşayan və Mərkəzi Asiyadan olan müsəlmanlara qarşı təzyiqlərin artması ilə yanaşı, eyni zamanda həmin ölkələrdə terrorizmin yayılması üçün stimul yarada bilər. Bu isə Rusiyaya yaxın gələcəkdə terrorizmlə mübarizə adı altında Mərkəzi Asiyaya hərbi müdaxilə üçün tutarlı arqumentə çevrilmiş olar. Analoji təhlükəni Azərbaycana da aid etmək olar. Doğrudur, Mərkəzi Asiya dövlətləri ilə müqayisədə Rusiya Federasiyası vətəndaşı olan azərbaycanlıların arasında terrorçunun olması faktı hələ təsdiqini tapmayıb.
Onlar daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olan leqal miqrantlardır. Ancaq Rusiya yeni qanunla Şimali Qafqazdan olan terrorçuları və radikal islamçıları vətəndaşlıqdan məhrum edərsə, o zaman, onların məkan baxımından gedə biləcəyi ən yaxın müsəlman ölkəsi Azərbaycandır. Hətta, Rusiyanı tərk edib Yaxın Şərqə getmək məcburiyyətində qalan Şimali Qafqazlı Rusiya vətəndaşları da Azərbaycan ərazisindən istifadə etməli olacaq. Azərbaycanda İŞİD, “Əl-Qaida” kimi silahlı qruplaşmalara meyilli qeyri-ənənəvi dini cərəyanların xeyli tərəfdarlarının olduğunu nəzərə alsaq, Rusiyadan qovulan terrorçuların Cənubi Qafqazdakı həmkarları ilə ünsiyyət qurmaq imkanı asanlaşar. Bu da teroroçuluğun və radikal islamçılığın Azərbaycanda yayılması üçün potensial təhlükə yarada bilər. Vəziyyətin belə inkişafı isə Rusiyaya terrorizmə qarşı mübarizə adı altında Azərbaycana hərbi təcavüz üçün təhlükəli əsas yaratmış olar.
Müşfiq Abdulla