Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilməsi ehtimalı var
Ulus.Az-ın məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun passivliyi, münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmaması regionda gərginliyin artmasına gətirib çıxarır.
Ermənistan hakimiyyətinin danışıqlar prosesindən yayınması, bu azmış kimi aqressiya və təhdid nümayiş etdirməsi Qarabağda növbəti hərbi əməliyyatları qaçılmaz edir.
Bu günlərdə işğalçı ölkənin zəbt etdiyi Azərbaycanın Ağdam rayonu ərazisində hərbi təlimlər keçirməsi də bunun əyani sübutudur.
Belə vaxtda Rusiyanın vasitəçiliyi ilə nazirlərin yeni görüşünün təşkili və Qarabağ probleminin həlli istiqamətinsə danışıqların Kremlin partnyorluğu ilə reallaşması heç bir nəticə olmayacağını göstərir.
Ulus.Az-ın məlumatına görə, Ermənistanın təhdid xarakterli addımına qarşı Azərbaycan tərəfi də qarşılıq verib.
Xəbərlərdən də aydın olduğu kimi aprelin 16-dan Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Bir neçə gün davam edəcək hərbi təlimlərə 30 min şəxsi heyət cəlb edilib. Prosesləri təhlil edən analitiklər, siyasi şərhçilər hesab edirlər ki, bütün bu qeyd edilənlər müharibə riskini artırır.
Birincisi odur ki, ermənilər keçirdikləri seçkidən sonra hərbi güclərini öz vətəndaşlarına nümayiş etdirir və bununla guya öz yollarından dönməyəcəklərini və Qarabağ kartının əsas olduğunu göstərirlər.
İkincisi isə həqiqətən də müharibə partiyasının hakimiyyəti ələ keçirdiyi bir daha sübut olunur. Bu isə o deməkdir ki, status kvo saxlanacaq.
Azərbaycan ordusu isə plana uyğun şəkildə öz hərbi təlimlərini keçirir və təbii ki, bu həm də ermənilərə sarsıdıcı bir zərbə vura biləcək mesajdır.
Ermənilər dəfələrlərə təmas xəttində deyil, məhz sərhəddə təxribat edərək KTMT-dən dəstək almağa çalışırdı, bu da baş tutmadı.
Əsas məqam odur ki, KTMT -nin üzvü olan dövlətlər Azərbaycanla normal münasibətdədirlər və hər hansı gərginligin artmasında maraqlı deyillər.
Ulus.Az