Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazirlik-işbaz “anlaşması”:Ağır xəstələrə keyfiyyətsiz dərmanlar verilir

28-04-2017, 13:28   


Ağır xəstələrə keyfiyyətsiz dərmanlar verilir

Sərdar Cəlaloğlu: “Azərbaycana gətirilən geyim, qidalar kimi dərmanlar da keyfiyyətsizdir”

Aydın Əliyev: “Keyfiyyətsiz dərmanların satışının qarşısı alınmalıdır”

Bu gün dünyada ən geniş yayılan xəstəliklərdən biri də şəkərli diabetdir.Daha çox genetik olaraq yaranan bu xəstəliyə kömək üçün müxtəlif adda dərmanlar istehsal eidlir.Bu cür dərmanlar Azərbaycanda pulsuz olaraq xəstələrə paylanılır.Diabeton-MR, Siafor kimi belə dərmanlar ucuz başa gəlir.Ekspertlər də bu qənaətdədir.Məhz bu səbəbdən də dərman xəstənin şəkərini aşağı sala bilmir.Yəni, xəstəyə heç bir köməyi dəyməyən bu cür dərmanlar yalnız orqanizmin müəyyən hissəsində fəsadların yaranmasına xidmət edir.



İxtisasca həkim olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında bu cür dərmanlaırn keyfiyyətsizliyindən danışıb. O bildirib ki, ölkəmizdə satılan bu cür dərmanların 40 faizi bəlkə xəstəyə hansısa yardım göstərə bilər. O Azərbaycanla digər Avropa ölkələrində satılan diabet, həmçinin digər dərman preparatlarının keyfiyyətində ciddi fərqlərin olduğunu vurğulayıb: “Azərbaycana gətirilən geyim, qidalar kimi dərmanlar da keyfiyyətsizdir. Diabet xəstələri üçün nəzərəd tutulan dərmanlar da bu cür keyfiyyətsiz preparatlar sırasındadır.Avropa ölkələrində istənilən qida, dərman hökumətin təşkil etdiyi ekspertizadan keçirilir.Ölkəyə gətirilən istər yeyinti məhsulu olsun, istərsə də texniki vasitə olsun keyfiyyət göstəricilərinə cavab vermirsə, geri qaytarılır.Çünki bu məhsullar vətəndaşların səhhəti üçün ciddi təhlükə mənbəyidir.Təəssüflər olsun ki, bu gün yerli dərman, həmçinin də qida bazarında arzuolunmaz mənzərə müşahidə edilir.Ölkəmizə gətirilən diabet dərmanları da səhhətimiz üçün ciddi təhlükədir.Bu gün apteklərdən aldığımız dərmanın 40 faizinin müəyyən mənada təsiri varsa, qalan hissəsi təhlükə mənbəyidir.Məsələn, daha geniş yayılan “Parasetamol” dərmanının xəstəyə heç bir təsiri yoxdur.Digər Avropa ölkələrində satılan bu dərman 15 dəqiqə ərzində xəstəyə təsir edirsə, Azərbaycanda satılan eyniadlı dərmanın heç bir faydalı tərəfi yoxdur.İkinci, üçüncü dərəcəli ölkələrə bu cür dərmanlar gətirilir”.

“Onkoloji xəstələr üçün nəzərdə tutulan dərmanlar da keyfiyyətsizdir”

S.Cəlaloğlunun sözlərinə görə, xüsusən də diabet xəstələri üçün gətirilən bu cür dərmanlar insan psixologiyasına, fəaliyyətinə mənfi təsir edir. O bu qənaətdədir ki, nəinki diabet, o cümlədən də digər xəstəliklər üçün nəzərdə tutlan dərmanların 90 faizi keyfiyyət göstəricisinə cavab vermir: “Gərək vətəndaşa münasibət dəyişilə. Vətəndaşa münasibət dəyişilərsə, xəstə keyfiyyətsiz hesab etdiyi dərmana görə məsul şəxsi məhkəməyə verib, dava aça bilər. Baxın, görün, Azərbaycanda belə bir təcrübə varmı ki, keyfiyyətsiz hesab edilən dərmanı ekspertizadan keçirək, daha sonra bu iddia təsdiqlənərsə, məhkəməyə müraciət edilə. Təəssüflər olsun ki, bu gün məhkəmələr də hökuməti müdafiə edir.Məhkəmələr hakimiyyətin nəzarəti altındadır.Bu cür yararsız məhsulların nəticəsində yararsız düşüncələr, davranışlar ortaya çıxır.Bu gün nəinki diabet xəstələrinə aid olan dərmanlar, o cümlədən də qan təzyiqi olan pasiyentlər üçün istehlaka təqdim edilən bu cür preparatlar da keyifiyyətsizdir.

Bu gün heç onkoloji xəstələr üçün nəzərdə tutulan dərmanlar da təsirə malik deyil.Ümumiyyətlə Azərbaycanda satılan dərmanların 90 faizi beynəlxalq standartlara cavab vermir.Hətta qonşu Türkiyədə də Aərbaycandakı mənzərə yaşanır.Türkiyənin bir xəstəxanasında aparılan araşdırma zamanı bəlli oldu ki onkoloji xəstəxananın aptekindəki dərmanlar bu xəstələrə heç bir müsbət təsir etmir, faydası yoxdur.Dövlət gərək keyfiyyətə nəzarət eləsin”.

Azərbaycan bazar iqtisadiyyatına uymadığı üçün yerli bazarın yaranması da bizim əleyhimizə olacaq.S.Cəlaloğlu belə deyir.Səbəb də Azərbaycanda rəqabətli mühitin olmamasıdır.Qiymətlər yüksək olsa da, keyfiyyət aşağıdır. Bazar iqtisadiyyatının tələbi budur ki, azad mühitdə keyfiyyət qalxır, qiymətlər tələb-təklifə uyğun olaraq tənzimlənir: “BMT-nin genosid haqqında ümumi qətnaməsi var. Orda müddəaların birində belə bir bənd yer alıb ki xalqının sosial-iqtisadi durumunun pisləşdirilməsi genosid hesab edilir. Bu cür yararsız dərman preparatlarının ölkəyə gətirilməsi genosid kimi dəyərləndirilməlidir”.

S.Cəlaloğlunun sözlərinə görə, keyfiyyətə nəzarət edilməməsi hökumətə sərfəlidir: “Hökumətə sərf edir ki, aşağı qiymətə daha keyfiyyətsiz dərman preparatı alsın. Çünki məhsulun keyfiyyəti aşağı, qiyməti də aşağı olur.Nəticədə ölkə bazarında yüksək qiymətlərlə külli gəlir əldə edilir”.

“Bu dərmanları özümüz istehsal etməliyik”

Respublikanın baş farmakoloqu Aydın Əliyev də deyilənlərlə razıdır. Məhz bu prosesin nəticəsidir ki, bu gün Azərbaycanda dərman xəstəlikləri yaranır. Yəni, xəstə müalicə olunmaq üçün içdiyi dərmandan zəhərlənir, orqanizmində daha böyük fəsadlar ortalığa çıxır: “Dünyada ən ağır xəstəliklərdən biri də diabet xəstəliyidir. Son zamanlar digər ölkələrlə yanaşı Azərbaycanda bu cür xəstələrin sayı artır.Əlbəttə, xəstəliyin miqyasının genişlənməsində genetik amillər də mühüm rol oynayır.Stress, həyəcan, qorxu da bu arzuolunmaz xəstəliyin yaranması üçün mənbə hesab edilir.Bu cür xəstələrdə daha çox rast gəlinən problemlərdən biri də qan-damar sisteminin pozulmasıdır.Damarlar zədələnir, xəstənin görməsində ciddi problemlər yaranır.Düzdür, Azərbaycanda bu xəstələrə dövlətin himayəsi var, pulsuz dərmanlar, aparatlar verilir.Dərmanların keyfiyyəti məsələsi dəfələrlə müzakirə predmeti olub.Daha çox yayılmış, ağır xəstəliklər üçün nəzərdə tutulan dərmanları özümüz istehsal etməliyik.Bu cür keyfiyyətsiz dərmanların satışının qarşısı alınmalıdır.Çünki bu cür dərmanlar keyfiyyətsiz olduqda xəstənin səhhətində daha ciddi problemlər, dərman xəstəlikləri ortaya çıxır.Bu gün Azərbaycanda belə dərman xəstəlikləri adi xəstəlikdən daha çoxdur.Azərbaycanda da biznes dünyası sağlam olmadığı üçün çoxlu qara qüvvələr, monopoliyalar var”.

A.Əliyev deyir ki bu gün Azərbaycanda diabet xəstələri üçün verilən dərmanın keyfiyyəti başa düşüləndir. Yeganə çıxış yolu budur ki, şəkər xəstələri özlərinə həkim olsun, səhhətlərini nəzarətdə saxlasınlar: “Bu xəstələr ilk növbədə həkimlərindən məsləhət alsınlar, şəkərlərini normada saxlamağa çalışsınlar, qidalarına, sinir sistemlərinə nəzarət etsinlər. İşlədiyi mühit də ona əlavə gərginlik yaratmamalıdır”.Qeyd edək ki, hazırda dünyada 415 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir.

Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər.Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial-tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir.Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2040-cı ilədək diabetdən əziyyət çəkənlərin sayı 642 milyona çata bilər.Azərbaycanda isə 212 577 nəfər diabet xəstəsi rəsmi olaraq qeydiyyatdadır. Bu il üçün dövlət büdcəsindən şəkərli diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat vəsait ayrılıb. 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyyələrinə görə, noyabrın 14-ü Dünya Diabet Günü kimi qeyd edilir.Noyabrın 14-ü Fredirik Bantinqin anadan olduğu gündür.

Bu görkəmli insan Çarlz Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoyublar. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib.

Nigar Məhərrəm
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar