![Dünyanın ən böyük casus skandalları...](/uploads/posts/2017-05/1494247688_4580cb9a4a4e1a909d68ef9f55bcaa4f.jpg)
Britaniyanın ruslara qarşı əks-kəşfiyyat xidmətinin əməkdaşı rus agentinin özü olubmuş; BMT baş katibinin müavini isə sovet agentlərinin siyahısını amerikalılara verib
Kəşfiyyat və əks kəşfiyyat dövlətin varlığının və təhlükəsizliyinin ən böyük dayaqlarıdır.
Tarix boyu bizlər böyük dövlətlərin döyüş meydanlarındakı qələbələri, ərazi fəthləri, elmi nailiyyətlərinə tanımışıq. Lakin bütün bunların arxasında həmişə dövlətlərin gizli agentlərinin, digər rəqib və düşmən ölkələrin içlərinə yeritdikləri kəşfiyyatçıların əməyi durub. Məhz onların verdikləri məlumat və informasiyalar dövlətləri həmişə rəqibləri önündə bir addım önə çıxarmağa, daha çevik və düzgün qərar qəbul etməyə şərait yaradıb.
Musavat.com xarici mətbuata istinadən tarixin ən görkəmli kəşfiyyatçılarının bəzilərini fəaliyyətindən xülasəni təqdim edir.
Rixard Zorge (1895-1944)
Bunların içində ilk növbədə bakılı Rixard Zorgenin adını çəkmək olar. Zorge II dünya müharibəsi illərində Almaniyanın Yaponiyadakı səfiri Oygen Ottun mətbuat katibi işləyib. Məhz onun sayəsində sovet kəşfiyyatı Yaponiya rəhbərliyinin Almaniya ilə əlaqələri və müharibədəki fəaliyyəti barədə səhih informasiyalara malik ola bilib. Zorge hətta Hitlerin Sovet İttifaqına hücum tarixini gününə qədər, yəni 22 iyunda olacağını Moskvaya çatdıra bilib. Sonradan Yaponiya əks kəşfiyyatı tərəfindən ifşa olunaraq həbs edilən Zorge 1944-cü ilin noyabrın 7-də edam edilib. Maraqlıdır ki, sovet hökuməti uzun müddət onun varlığını inkar ediblər. Yalnız 1964-cü ildə Nikita Xruşşov İv Çampinin “Siz kimsiniz, doktor Zorge” filmini görəndən sorna heyrətə gəlib. Daha sonra Zorgenin uydurulan personaj deyil, həqiqi adam olduğunu öyrənən Xruşşov onunla bağlı işin yenidən qaldırılmasına nail olub.1964-cü ilin noyabrın 5-də isə Zorgeyə Sovet İttifaqı qəhrəmanı adı verilir.
Kim Filbi (1912-1988)
Kim Filbi sovet kəşfiyyatının ən böyük uğurlarından və Böyük Britaniya kəşfiyyat tarixinin ən ağır utanclarından sayılır.
Filbi Britaniya kəşfiyyat və əks-kəşfiyyatının yüksək rütbəli agenti olub.
Tələbəlik illərindən idealı solçu olan Filbi asanlıqla sovet kəşfiyyatının agentinə çevrilib. 1940-cı ildən Britaniya gizli kəşfiyyat xidmətinin (SİS) əməkdaşı olur.
1944-cü ildə isə rusların agenti SİS-in kommunizm və sovet dövlətinə qarşı mübarizə aparan 9-cu idarənin rəisi (!) vəzifəsinə təyin edilir. Yalnız müharibə illərində Filbi Moskvaya 914 səhifəlik material ötürməyi bacarır. 1963-cü ildə ifşa edildikdən sonra SSRİ-yə qaçır və ömrünün sonuna (1988) Moskvada yaşayır.
Konon Molodıy (1922-1970)
Sovet dövlətinin Filbidən sonra Böyük Britaniyadakı ən böyük rezidenti olub. Molodiy 1954-cü ildə Qordon Lonsdeyl adı altında Kanadaya yerləşdirilir. Daha sonra Londona gələn agent burada biznes fəaliyyəti ilə məşğul olur . O, bir neçə şirkətin rəhbəri, hətta milyoner olmağı belə bacarır. Böyük Britaniya hərbi-dəniz qüvvələri ilə apardığı uğurlu iş nəticəsində o, olduqca qiymətli məlumatları Moskvaya ötürməyi bacarır. “Lonsdeyl”in verdiyi informasiyalar sayəsində sovet kəşfiyyatı Qərbin yeni silah sistemləri müfəssəl məlumatlar əldə edib. 1961-ci ilə həbs olunan Konon Molodıy 1964-cü ildə Moskvada tutulan Britaniya kəşfiyyatçısı Qrevil Vinnlə əvəzlənir və vətənə geri dönür. Bundan sonra o, DTK-mnn mərkəzi aparatında işə düzəlir.
Dünya tarixinin ən istedadlı kəşfiyyatçılarından sayılan Konon Molodıyın adına SSRİ-də hətta xüsusi poçt markası buraxılıb.
Klaus Fuks (1911-1988)
Fuks nüvə fizikası sahəsi üzrə alimdir. O, 40-cı illərin sonunda Britaniyanın atom silahının hazırlanması ilə bağlı məlumatları sovet hökumətinə ötürüb.
1969 –cu ildə ADR-ə köçən Fuks burada Nüvə fizikası institutunun direktor müavini vəfisəində çalışır.
Corc Bleyk (1922)
Corc Bleyk (əsl adı Corc Bexar) Britaniyanın kadr kəşfiyyatçısıdır. Koreya müharibəsində SSRİ təhlükəsizlik orqanları tərəfindən ələ alınıb. 10 il ərzində Britaniya SİS-inin əsasən Şərqi Avropada fəaliyyət göstərən agentləri və əməkdaşları haqqında DTK-ya məlumatlar ötürüb. Onun sayəsində sovet hökumtinin məşhur “Berlin tuneli” əməliyyatı (Qərb xüsusi xidmət orqanlarının kəşfiyyat məlumatlarının dinlənilməsi üzrə Berlində qazdığı tunelin aşkar olunması) uğurla həyata keçirilib. ADR-in xüsusi xidmət orqanı “Ştazi”nin general-leytenantı Robert Byalekin tutulmasına yardım göstərib. 1959-cu ildə Polşa kəşfiyyatçısı Mixal Qolonevski tərəfindən ələ verilən Bleyk 42 il həbs cəzası alır. 4 il sonra həbsdən qaçmağı bacaran Bleyk min bir əziyyətlə Moskvaya gəlir və ömrünün axırına qədər burada qalır.
Oldric Eyms (1941)
Oldric Eyms ABŞ MKİ-nin (Mərkəzi Kəşfiyyat Xidməti) SSRİ-yə qarşı əks-kəşfiyyat bölməsində işləyib. Və bu adam sovet hökumətinin ABŞ-dakı əsas kəşfiyyatçılarından birinə çevrilib 1994-cü ilə qədər o, SSRİ, sovet dövləti dağıldıqdan sonra isə Rusiya kəşfiyyatına çalışıb. ABŞ hələ də onu SSRİ-də fəaliyyət göstərən 9 amerikan agentinin ölümündə günahlandırır. Bundan başqa, Oldric Eyms MKİ-nin kəşfiyyat texnikası ilə bağlı qiymətli məlumatları Moskvaya ötürməyə bacarıb. Hazırda ömrünü həbsxanada keçirir.
Boqdan Staşinski (1931)
DTK-nın ən önəmli killer-agentlərindən biri sayılan Staşinskinin adı Ukrayna millətçilərinin qatili olaraq tarixə düşüb. 1957-ci ildə o, AFR-də Ukraynanın emiqrant millətçilərindən Lev Rebeti öldürür. İki il sonra isə o, kalium sianidlə doldurulmuş qaz tapançasından açdığı atəşlə Ukrayna millətçilərinin lideri Stepan Banderanı qətlə yetirir. 1961-ci ildə Qərbi Almaniyaya qaçan Staşinski AFR kəşfiyyatına törətdiyi cinayətləri etiraf edir. Bundan sonra həm AFR, həm də ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlayır.
Bəzi kəşfiyyat məlumatlarına əsasən Staşinski həbsdən azad olunaraq plastik əməliyyat keçirərək Cənubi Afrika Respublikasına köçür. Bu vaxta qədər onun haqqında başqa məlumat yoxdur.
Oleq Penkovski (1919-1963)
Penkovski SSRİ Baş Kəşfiyyat İdarəsində Qərbin agenti olub. O, ifşa olunana qədər sovet dövlətinin ballistik raketləri və raket yanacağının tərkibi ilə bağlı 7,5 min səhifəlik dəyərli kəşfiyyat məlumatlarını ABŞ və Britaniya kəşfiyyatına ötürməyi bacarıb. Penkovski bu informasiyaları müharibə illərində adyutantı olduğu Sovet İttifaqı Raket qoşunları komandanı marşal Sergey Varentsovla yaxınlığı sayəsində əldə edib. 1963-cü ildə keçirilən və bütün dünyaya nümayiş etdirilən məhkəmədə edam cəzası alıb və güllələnib.
Dmitri Polyakov (1921-1988)
Polyakov da QRU-nun olduqca yüksək rütbəli (general-mayor) zabiti olub. O, hətta sovet hərbi kəşfiyyatının Çin bölməsinə rəhbərlik edib. 1961-ci ildən isə MKİ və FTB ilə əməkdaşlıq etməyə başlayıb. ABŞ təhlükəsizlik orqanları ilə ilk təmasında rusların ABŞ-da fəaliyyət göstərən 6 şifrəci kəşfiyyatçısının adını verib. Polyakovun sayəsində ABŞ kəşfiyyatı Sovetlərin 19 qeyri-leqal xüsusi kəşfiyyatçısı, 150 xarici agenti, habelə SSRİ xüsusi xidmət orqanlarının 1500 əməkdaşı haqqında məlumatlar əldə edib (!). 1980-ci ildən pensiyaya çıxan Polyakov yalnız 1987-ci ildə, Oldric Eymsin verdiyi məlumat əsasında ifşa edilib. Dmitri Polyakov vətənə xəyanət ittihamı ilə təqsirli bilinərək məhkəmə qərarı ilə 1988-ci ildə güllələnib.
Arkadi Şevçenko (1930-1998)
Şevçenko sovet diplomatı olub. SSRİ xarici işlər naziri Qromıkonun himayəsi ilə diplomatik pillələrdə uğurla irəliləyən Arkadi Şevçenko 70-ci illərdə BMT baş katibinin müavini vəzifəsinə qədər yüksəlib. 1975-ci ildən başlayaraq o, Kremldəki daxili ziddiyyətlər barədə ABŞ kəşfiyyatına müntəzəm olaraq məlumat verməyə başlayıb. 1978-ci ildə ifşa olunacağını bilən Şevçenko həmin il sığınacaq üçün müraciət edir. O, Sovet İttifaqının ABŞ-da fəaliyyət göstərən agentlərin siyahısını hamısını MKİ-yə satır.
Oleq Qordiyevski (1938)
Qordiyevski SSRİ DTK-nın 1-ci Baş İdarəsinin (xarici kəşfiyyat) əməkdaşı olub. O, hələ SSRİ-nin Danimarkadakı səfirliyində işləyərkən Britaniya Mİ-6-sı ilə əməkdaşlıq etməyə başlayıb. 1982-ci ildə SSRİ-nin Londondakı səfirliyində müşavir vəzifəsində də çalışır. 1985-ci ildə isə Böyük Britaniyanın sovet dövlətinin agenti olan bu adam SSRİ- kəşfiyyatının Londonda 1-ci rezidenti kimi işləyir! O, DTK-nın Qərbin böyük dövlətlərində çalışan bütün rezidentlərinin adlarını ingilislərə satır. Daha sonra dövlətə xəyanət şübhəsi ilə Moskvaya çağırılan Qordiyevski oradan qaçmağa bacarır. Onun haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir.
Musavat.com