![](/uploads/posts/2017-05/thumbs/1494505638_1465561392_bina851.jpg)
Ötən gündən etibarən Bakıda və Sumqayıtda yerləşən ASAN Xidmət mərkəzilərinə güzəştli şərtlərlə mənzil almaq istəyən 32 mindən artıq vətəndaş müraciət edib, onlardan 17-18 mini müvafiq kateqoriyaya daxil edilmiş şəxslərdir. Bu haqda Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev çıxışında bildirib. S.Nuriyev bildirib ki, müraciət edən bu şəxslər tam bərabər hüquqlara malikdir.
İlkin mərhələdə 2 minə yaxın mənzil ayrılıb. Maraqlı nüans budur ki, 18 minə yaxın vətəndaş arasında bu seçim necə aparılacaq?
Məsələyə aydınlıq gətirmək üçün Cebhe.info MİDA ilə əlaqə saxlayıb. Agentlikdən bildirilib ki, hələlik elektron sistem təsdiqlənməyib. Prezident elektron sistemi təsdiq etdikdən sonra mənzil seçimində ilkin müraciət edən şəxslər bu daşınmaz əmlakın sahibi olacaqlar:
“Hələlik bu müddətdə ASAN Xidmət Mərkəzlərinə daxil olan müraciətlər qeydə alınıb. Onlar sadəcə olaraq bu kateqoriyaya aid olub- olmadıqları üçün müraciət ediblər”.
Başqa sözlə desək, hələlik rəsmi şəkildə müraciətlərə başlanılmayıb. MİDA-dan bildirilib ki, elektron kabinet yaradıldıqdan, növbəti mərhələdə mənzillərin satışı ilə bağlı elan verildikdən sonra daha tez müraciət edəcək şəxslər mənzil sahibi olacaqlar.
Qeyd edək ki, güzəştli şərtlərlə mənzil əldə etmək hüququ olan şəxslər eyni zamanda "Azərbaycan İpoteka Fondu" ASC-nin təklif etdiyi güzəştli ipotekadan da yararlana bilirlər.
Nigar Məhərrəm
Cebhe.info