Qüdrət Həsənquliyev: “Azərbaycan tərəfi ciddi şəkildə Rusiyanın Ali Hərbi Məktəblərində təhsil alan şəxslərlə bağlı araşdırmalara başlamalıdır”
“Nə qədər ki, Putinin yanında yarı erməni, yarı rus, Azərbaycana zəhər daşıyan kərtənkələlər var, Rusiya hakimiyyətinin Azərbaycana münaisbəti dəyişməyəcək”. Deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisdəki çıxışı zamanı söylədi.
O, bildirdi ki, hər dəfə prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar artır. Əvvəlki illərdə bir sıra hallarda Rusiya ilə münasibətlərin inkişafı barədə təkliflər verdiyini xatırladan deputat ÜAK-ın ləğvindən xeyli sarsıldığını bildridi.
Q.Həsənquliyev dedi ki, bu günlərdə bir qrup Azərbaycan hərbiçisinin erməni kəşfiyyatına məlumat ötürməsi faktları ifşa olunub: “Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu məsələni diqqətdə saxlamalı, onların istintaqında iştirak etməlidir. Təhlükəsizlik qurumlarının iştirakı ilə Azərbaycanda dinləmələr keçirilməli, məsələ hərtərəfli araşdırılmalıdır. Bu məsələdə Rusiyanın iştirakı məsələsi də öyrənilməli və araşdırılmalıdır. Azərbaycan tərəfi ciddi şəkildə Rusiyanın Ali Hərbi Məktəblərində təhsil alan şəxslərlə bağlı araşdırmalara başlamalıdır. Məlumatlara görə, xüsusi əməkdaşlığa cəlb olunmuş hərbçilərə məhz Rusiya ərazisində maliyyə verilib. Azərbaycan Rusiyadan ən çox silah alan dövlətdir. Biz son illər 5 milyard dollarlıq silah almışıq. Amma Rusiya Ermənistanı dəstəkləyir. Azərbaycan dövləti son qərara daha sərt və qətiyyətli şəkildə öz sözünü deməlidir. Bunun məsuliyyətini isə Rusiyada qərar verənlər daşımalıdır”.
Deputat qeyd etdi ki, indi təkcə Ermənistan hərbçiləri deyil, həm də Rusiya hərbiçiləri Azərbaycan ordusuna qarşı dayanır: “Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əvvəllər olduğu kimi, bu dəfə də prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır”.
Q.Həsənquliyev iclasda sensasion təklif də səsləndirdi: “Tərtərdə baş verən ağır cinayətlər bir daha onu göstərdi ki, biz ölüm cəzasını bərpa edə bilərik”.
Deputat Çingiz Qənizadə Rusiya Ali Məhkəməsinin qəbul etdiyi qərar hələ son deyil, qüvvəyə minməyib: “Yəni məsələyə apelyasiya qaydasında yenidən baxılacaq. Mən belə bilirəm ki, sənədləri hazırlayıb, qərarın ləğvi üçün dərhal hərəkətə keçmək lazımdır”.
Ç.Qənizadə ölkədə mənşəyi məlum olmayan ət məhsullarından da bəhs çəkdi: “Təkcə Daşkəsəndə 7 tona yaxın ət tutulub. Elə dünən polisin köməyi iləBinəqədi rayonu ərazisində vaxtı keçmiş kolbasa məmulatları aşkarlanıb. Ancaq biz bu məhsullara qarşı necə mübarizə aparmalıyıq?”
Deputat dedi ki, belə hallara görə fiziki şəxslərin 200-300 manat cərimələnməsini qanundakı boşluqla əlaqələndirdi.
Deputat Sahib Alıyev də Rusiyada verilən qərara etiraz etdi: “Biz Qarabağ separatçılarının əski parçasının “bayraq” kimi Rusiyada dalğalanmasını gördük. Biz “İsgəndər” raket-komplekslərinin işğalçı Ermənistana verilməsini gördük. Azərbaycanlılar Rusiyaya gəlmə deyillər, orada aborigendirlər, Dərbənd şəhəri qədim Azərbaycan şəhəridir. Təbii ki, Azərbaycan bu addımı cavabsız qoymayacaq. Müəyyən təhsil müəssisələri var ki, Azərbaycan onlarla bağlı addımlar ata bilər”.
Deputat Hikmət Məmmədov dedi ki, hələ proses başa çatmayıb: “Səfərbər olunmalıyıq. Çalışmalıyıq ki, yaxın bir ay ərzində bu qərarın Azərbaycanın mövqeyinə uyğun şəkildə dəyişdirilməsinə nail olaq”.
Spiker Oqtay Əsədov dostluq qrupunun rəhbəri Əli Hüseynliyə məsələ ilə bağlı ciddi bir müraciət hazırlayıb, Rusiyaya göndərməsini tapşırdı. Qeyd etdi ki, parlament sədri kimi özü də Rusiya Dövlət Dumasının rəhbərliyi ilə danışıb, mövqeyini çatdıracaq.
E.PAŞASOY
Musavat.com