Prezident İlham Əliyev M.Y.Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Yusif oğlu Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verilsin”.
***
Prezident İlham Əliyev A.R.Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilsin”.
***
Prezident İlham Əliyev A.Ə.Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin”.
***
18:59
Prezident İlham Əliyev Ə.A.Zeynallının Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
***
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 338-VQD nömrəli Qanununun tətbiqi məqsədi ilə qərara alıram:
“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339; 2016, № 1, maddə 134) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “artırılması” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” sözləri əlavə edilsin.
2. 1-ci hissədə “artırılaraq” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər” sözləri əlavə edilsin.
3. 1.2-ci bənddə “müəssisələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin.
4. 1-1-ci və 2-ci hissələrdə “müəssisələrində” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilsin”.