Son zamanlar sosial şəbəkələrin fəaliyyətində yaranan problemlər hər kəsi ciddi narahat edib. Yaranmış vəziyyətlə əlaqədar Whatsapp, Skype, Facebook Messenger xidmətinə alternativ axtaranlar da oldu. Bu isə ölkədə geniş yayılan sosial şəbəkələrin sırasına daha yenilərinin qoşulmasını çərtləndirdi. Bunların sırasında İmo ilə We Chat-ı xüsusi yer tutdu. Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyi nəhayət ki, yaranmış problem etiraf edərk bunu ölkədə son zamanlar keçirilən beynəlxalq tədbirlərlə əlaqədar təhlükəsizlik məsələləri ilə izah etdi. Problem isə hələ də tam həllini tapmayıb.
Maraqlıdır, yaranan problemlər insanlaırn fəaliyyətində hansısa problemlər yaradıbmı?
Jurnalist, sosial media meneceri olan Aygün Quliyeva Cebhe.info-nun sorğusuna cavab olaraq xüsusən Facebook sosial şəbəkəsində yaranan problemlərdən gileylənib. Bu da onun iş tempinə mənfi təsir edib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov isə Whatsapp-da yaranan texniki problemlərdən gileylidir:
“Son zamanlar "Whatsapp" vasitəsilə görüntülü danışıq bağlantısı yaranmırdı. Bu yaxınlarda Azərbaycandan kənarda yaşayan dostumla əlaqə saxlamaq istəyərkən problem yarandı. Əsas problem bu idi. Düzdür, çox az hallarda görüntülü danışığa üstünlük verirəm. Əsasən yazılı nitqə üstünlük verirəm. Instagram sosial şəbəkəsindən daha çox yararlanıram”.
Aktyor yaranan problemlərə görə alternativ variant olaraq İmo-dan istifadə edir.
Əməkdaşımız Vilayət Muxtar da yaranan vəziyyətdən narazıdır:
“Təbii ki, alternativ zəng üsulları var. Ancaq buna baxmayaraq, adıçəkilən şəbəkələrdə zənglərin məhdudlaşdırılması doğru deyil. Çünki faktiki olaraq Azərbaycanda ən çox istifadə olunan məhz Facebook və Whatsapp şəbəkələridir. İnformasiya almaq, ötürmək üçün Facebook çox effektlidir. Doğrudur, bundan digər mənfi məqsədlər üçün istifadə edən şəxslər də az deyil. Bütün bunlara baxmayaraq, yaranan problemlər aradan qaldırılmalıdır. Digər tərəfdən, yaranan problemlər bir çox sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Mətbuat nümayəndələri də fərdi şəkildə öz etirazlarını məhz sosial şəbəkələr vasitəsilə bildirirlər. Ancaq bu yetərli olmur və hesab edirəm ki, olmayacaq da. Azərbaycanda kifayət qədər xəbər portalı, qəzet və digər informasiya resursları fəaliyyət göstərir. Hesab edirəm ki, hər bir media qurumu bu məsələnin üzərinə getməlidir və problemin həllinə nail olmalıdır. Məsələn, biz “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalı olaraq bu məsələnin və internet şəbəkəsində yaranan problemlərlə bağlı gündəlik yazılar dərc edirik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də yaranan problemlər barəsində məlumat vermişik və rəsmi münasibətlərini işıqlandırmışıq. Aidiyyatı qurumlar yaranan bu problemi həll etməlidir”.
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Mansur Priyev də bildirib ki, onların işinin bir hissəsi sosial şəbəkələrdən asılı olduğu üçün yaranan problem onu da narahat edib:
“Bildiyiniz kimi, "BakuBus"da ictimaiyyətlə əlaqələr elə qurulub ki, günün bütün saatlarında sərnişinlərdən, vətəndaşlardan, hətta şəhərimizə gələn qonaqlardan da müxtəlif səpkilərdə müraciətlər daxil olur. Bu müraciətlər içərisində sosial şəbəkələrdən daxil olan müraciətlər də var. Məlumat almaq üçün daxil olan müraciətlər dərhal operativ şəkildə cavablandırıldığı üçün təbii ki, bu şəbəkələrdə olan texniki problemlər, ləngimələr müəyyən gecikmələr yarada bilər. Ancaq şikayət xarakterli müraciətlər qeydiyyata alındığı və araşdırma tələb etdiyi üçün müraciət edən sərnişinlərin digər əlaqə vasitələri də götürülür. Ancaq qəbul etmək lazımdır ki, bütün xidmət sahələrində, eyni zamanda sərnişindşıma xidmətində sərnişinlərlə operativ və sərfəli əlaqə yaratmaq üçün sosial şəbəkələrin rolu əhəmiyyətldir”.
Xaricdə yaşayan həmkarımız Aytən Mürsəlova isə heç bir problemlə rastlaşmadığını, Azərbaycanla sosial şəbəkələr üzərindən əlaqədə hansısa maneyə rast gəlmədiyini bildirib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev də sosial şəbəkələrə görə işində hansısa problemin yaranmadığınıı bildirib.
Nigar Məhərrəm
Cebhe.info