![](/uploads/posts/2017-06/thumbs/1497096112_uzn_1453455318.jpg)
Putindən dağıdıcı müharibə xəbərdarlığı:Qalib kim olacaq?
“Showtime” telekanalı Oliver Stounun Rusiya Prezidenti Vladimir Putinlə söhbəti əsasında çəkdiyi 4 seriyalı film barədə bir reklam çarxı buraxıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, amerikalı rejissor Oliver Stouna müsahibə verən Vladimir Putin həmin çarxda təsdiqləyir ki, Rusiya ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında mümkün açıq hərbi münaqişədə sağ qalan olmayacaq. Rejissor maraqlanır ki, əgər Rusiya - ABŞ qarşıdurması qızğın hərbi fazaya keçəcəyi təqdirdə, bu savaşdan kim qalib çıxa bilər? “Mən fikirləşirəm ki, sağ qalan olmazdı” - deyə, Putin suala belə reaksiya verib. Rusiya prezidenti həm də qeyd edib ki, Moskva və Vaşinqton arasında münasibətlərin dəyişəcəyinə ümidini itirmir:
“Ümid hər zaman var - nə qədər ki, bizi “ağ başmaq”da qəbirstanlığa aparmayıblar”.
Yeni dünya müharibəsi astanasında
“Soyuq müharibə”dən sonra ilk dəfədir ABŞ və Rusiya arasında müharibə ehtimalı bu qədər yüksəkdir. Ukrayna böhranının ortaya çıxmasıyla rəqiblərin Şərqi Avropada güclənən silahlanma yarışı, Baltikyanı, Skandinaviya və Balkan dövlətlərinə artan Rusiya təhdidləri, həmçinin 6 ildir Suriyada aydınlaşmayan mövqelər savaş riskini artırır. Xüsusilə, son günlərdə Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı yüksələn təzyiq faktiki olaraq, tərəfləri qarşı-qarşıya qoyub. Böhranın iki ölkə arasında müharibəyə səbəb olacağını deyən analitiklərin sayı da çoxalır. İmpiçment riski qarşısında qalan Amerika prezidenti Donald Tramp ruspərəst dövlət başçısı ittihamından yaxa qurtarmaq cəhdləri də buna əsas verir
“Nüvə qiyaməti”
Sosioloq və analitiklər mümkün Rusiya - ABŞ müharibəsini “Qiyamət savaşı”, yaxud “Nüvə qiyaməti” adlandırırlar. Ehtimal etmək olar ki, Putinin “heç kəs burada sağ qalmayacaq” xəbərdarlığı da buradan qaynaqlanır. “Soyuq müharibə”dən sonra tərəflər nüvə silahlarının azaldılmasıyla bağlı anlaşsalar da hələ də arsenallarında dünyanı dağıdacaq qədər atom bombaları var. Məsələn, Amerikanın 448 nüvə başlığı yerləşdirilmiş qitələrarası ballistik raketi (KABF) döyüşə hazır vəziyyətdə Rusiyaya nişanlanıb. Rusiyanın da buna cavab olaraq, öz nüvə arsenalını Amerikaya istiqamətləndirdiyini bilmək çətin deyil. ABŞ-ın ümumilikdə döyüşə hazır vəziyyətdə olan 7700 nüvə başlığının olduğu bildirilir. Son hesabatlara görə, bunların 1950 ədədi KABF-lara, eyni zamanda sualtı gəmilər və təyyarələrə yerləşdirilib, ehtiyatda da saysız başlıq var. Rusiyanın nüvə arsenalında 8500 başlığı var və bu sahədə rəqibi ABŞ-dan üstündür. Lakin bu silahların yalnız 1800-ü döyüşə hazır vəziyyətdədir. Amma analitiklər tərəflər arasında nüvə müharibəsinin bütün dünyanı məhv edəcəyini nəzərə alaraq, bu ehtimalın aşağı olduğunu deyirlər, bunu “dəlilik” adlandırırlar. 1948-ci ildə Berlində, 1956-cı ildə Macarıstanda, 1961-ci ildə Kubada, 1968-ci ildə Praqada və bir sıra hallarda Yaxın Şərq ölkələrində gedən müharibələrdə üz-üzə gələn rəqiblər heç vaxt nüvə silahlarına əl atmayıblar. Lakin Putin son müsahibələrindən birində dünyanın nüvə müharibəsinin astanasında olduğunu deyərək şok effekti yaratmışdı.
Hücum istiqamətləri
Müharibədə hansı növ silahların iştirak edəcəyi o qədər müzakirə olunan mövzu olmasa da ABŞ-ın Suriyaya açıq müdaxiləsi və Ukrayna böhranı ətrafında yaranmış son gərginlikdən sonra qorxulu müharibə məsələsi yenidən gündəmə gəlib. Hesab olunur ki, Birinci və İkinci Dünya Müharibəsi kimi Üçüncü Müharibə də Şərqi Avropadan - Ukrayna üzərindən başlaya bilər. Səbəbi məlumdur, çünki müharibə Şərqi Avropada başlasa, ABŞ NATO-nun qitədəki bütün imkanlarından istifadə edə biləcək. Rusiyanın isə bundan fərqli olaraq, qitədə dəstək verəcəyi müttəfiqi yoxdur. Rusiyanın da bir üstünlüyü var ki, bu da Krımla bağlıdır. Yarımada Rusiyanın Qara dənizdəki donanmasının qalasıdır və buradan regiona nəzarəti əldə saxlamaq mümkündür. Lakin ABŞ və NATO-nun 48 ölkədə ümumilikdə 600-ə yaxın hərbi bazası var. Rusiya demək olar ki, hər tərəfdən müttəfiqlərin mühasirəsindədir. Üstəgəl, ABŞ-ın özünün öz ərazilərində və okaenlarda, adalarda 4461 hərbi bazası var və bunlar da savaş vaxtı poliqonda olacaqlar. Qarşıdurma vəziyyətində Almaniyadan Rusiyanın Qərbinə, Qətər və Dieqo Qarsiya bazalarından Cənubuna, Yaponiya və Cənubi Koreyadan isə Şərqinə hücum edə bilər. NATO-dakı müttəfiqləri Fransa və İngiltərənin də Rusiyaya yaxın hərbi bazaları var.
Rusiyanın üstünlüyü
Rusiyanın Suriya, Qırğızıstan və Ermənistandan başqa heç bir bölgədə hərbi bazası yoxdur. Xidmətdə olan 845 min əsgəri, 2.5 milyon isə səfərbərlik əmri gözləyən ehtiyat hərbçisi var. Professor Qaleotti müharibədə Rusiyanın ən çox Qara dəniz donananmasına ümid edəcəyini deyir. Lakin o, bu donanmanın zəif olduğunu, hətta, İtaliya donanmasının təkbaşına Rusiyanın bu dənizdəki hərbi birliklərini məhv edəcəyini iddia edir. ABŞ-ın xidmətdə olan 1.4 milyon, ehtiyatda isə 850 min hərbçisi var. Şübhəsiz ki, ABŞ müharibədə əsasən, digər dövlətlərdəki hərbi bazalarına və NATO-dakı müttəfiqlərinə arxalanacaq. Nəzərə alsaq ki, NATO Takitiki Qüvvələrinin (NRF) döyüşə hazır vəziyyətdə 20 minə yaxın əsgəri var, bu zaman Rusiya poliqonda çətin anlar yaşaya bilər.
Mütəxəssislərə görə, müharibədə Rusiyanın əsas qalası Sevastopol olacaq və bu baxımdan ABŞ-ın ilk olaraq buranı vuracağı ehtimal olunur. NATO və ABŞ-n arsenalındakı radar, raket və elektronik avadanlıqları bölgəni darmadağın etmək gücündədir. Lakin Rusiya qırıcılarının manevr imkanları da yüksəkdir. “Financial Times”in mütəxəssisi Çarlz Klover Rusiya təyyarələrinin ABŞ-ın bu sahədəki texnikalarından daha güclü olduğunu deyir. Digər yandan Rusiyanın arsenalındakı “S 300” və “S 400”-lərin dünyada analoqu yoxdur, bu çapda ən yaxşı raketlərdir. Rusiya Hərbi Hava Qüvvələrindəki zəif yerlərini bununla kompensasiya edə bilir.
“Pirr qələbəsi”
Başqa sözlə, tərəflərdən hansının güclü, yaxud zəif olmasından asılı olmayaraq, belə bir müharibə dünyanı sona doğru itələyə bilər. Çünki istənilən məğlub tərəf digərindən qisas almaq üçün nüvə silahlarına əl ata bilər ki, bu zaman da Putinin dediyi kimi, sağ qalan olmayacaq. Dünya praktikasında belə bir təcrübə var. İkinci Dünya Müharibəsində “Perl Harbor”un məhv edilməsi ilə Yaponiyaya məğlub olan ABŞ bunun qisasını ağır şəkildə aldı. Naqasaki və Xirosimaya atom bombaları atan Amerika yüz minlərlə insanın ölümünə səbəb oldu. Belə bir halın Rusiya - ABŞ müharibəsində təkrarlanacağı istisna deyil. Yəni, bu müharibədə məğlub və qalib olmayacaq, məğlubiyyətə bərabər qələbə (“Pir qələbəsi”) qazanan olacaq. Sosioloqlar müharibədən sonra bu hadisəni yazacaq tarixçilərin də qalmayacağını, hamının öləcəyini deyirlər.
Mənsur Rəğbətoğlu
Cebhe.info