Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

MTK-ların “kommunal xidmət pulu” bazarı bağlandı: Yeni qiymətlər necə olacaq?

14-06-2017, 17:58   
MTK-ların “kommunal xidmət pulu” bazarı bağlandı: Yeni qiymətlər necə olacaq?

Milli Məclisin növbədənkənar plenar iclasında Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Layihə ilə bağlı Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

O bildirib ki, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir.

Layihədə qeyd olunub ki, Mənzil Məcəlləsinin XV fəsli çoxmənzilli binanın idarə edilməsi ilə bağlı müddəaları (çoxmənzilli binanın idarə edilməsi üsulu, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi, binanın mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunması və s.) nəzərdə tutsa da, çoxmənzilli binanın idarə edilməsi ilə bağlı vahid qaydaların olmaması bu müddəaların həyata keçirilməsində problemlər yaradır.

Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

İqtisadçı-ekspert Vüqar Bayramov Cebhe.info-ya açıqlamasında bildirib ki, uzun müddətdir ki, MTK-larla bağlı məsələ gündəmə gətirilib. Artıq MTK-ların fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar olaraq qaydalar tərtib olunub:

“Əvvəllər binalarla bağlı komitələrin iş prinsipi 6 aya həyata keçirilirdisə, yeni qaydalara görə bu müddət 1 aya endirilib. Sakinlərin iştirakı ilə daha qısa müddətdə MTK-ların formalaşdırılması təşkil edilməlidir. Bəzi MTK-lar bu komitələrin yaradılmasında maraqlı olmadığına görə vətəndaşlardan daha yüksək ödəniş tələb olunurdu. Hər kv.m-ə görə bu qiymət 1 manat 50 qəpik təşkil edirdi. Bu isə vətəndaş üçün aylıq 200 manata yaxın vəsait ödənilməsi demək idi”.

İndi isə aylıq ödənişlər mənzilin yerləşməsi və yararlanan xidmətlərə görə müəyyənləşəcək:

“Birinci mərtəbədə yaşayan sakinlə, 16-cı mərtəbənin sakininin ödənişləri fərqlənəcək. Birinci mərtəbədə yaşayan liftdən istifadə etmədiyi üçün ödəniş etməməlidir. Lakin praktik olaraq bu xidmət haqqını ödəmək məcburiyyətində qalır. Yeni qaydalarla ödəniş məbləğləri tənzimlənəcək”.

V.Bayramovun sözlərinə görə, istənilən halda yeni qaydaların qəbul edilməsi müsbət addımdır. İqtisadçı həmçinin bildirib ki, bu məsələnin MİS-lərlə heç bir bağlılığı yoxdur:

“Düşünürəm ki, bu qaydaların tətbiqinə nəzarət də güclü olacaq. Bununla da MTK-lar və mənzil sahibləri arasındakı problemlər həllini tapacaq”.

Nigar Cahid

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar