![](/uploads/posts/2017-06/thumbs/1498120221_198017_res_00.jpg)
Azərbaycan Müdafiə Nazirliyi bu gün Ermənistan silahlı qüvvələrinin təmas xəttində ordumuzun bölmələrinə qarşı növbəti dəfə pilotsuz döyüş aparatından istifadə etdiyini bəyan edib. Virtualaz.org nazirliyin yaydığı bəyanata istinadən bildirir ki, tətbiq edilən bu döyüş pilotsuz uçan aparatı aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb. “Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaqdır”-bəyanatda bildirilir.
Bu, Ermənistan ordusunun təmas xəttində pilotsuz döyüş aparatından istifadəsinə dair ikinci hadisədir. Hansı ki, bundan əvvəl Müdafiə Nazirliyi düşmənin ilk dəfə ordumuza qarşı pilotsuz uçan döyüş aparatından istifadə etdiyini və həmin PUA-nın aşağı keyfiyyətli olduğunu, nəticədə heç bir ziyan vurmadığını açıqlamışdı. Ermənistan Müdafiə Nazirliyi isə bu açıqlamanı şərh etməmişdi, lakin Ermənistanın pilotsuz döyüş aparatlarına malik olduğunu düşmən ölkədə ilk dəfə Azərbaycan MN-nin bəyanatından öyrənmişdilər.
Təfərrüatlar açıqlanmadığından Ermənistanın hansı tip pilotsuz döyüş aparatı tətbiq etdiyi məlum deyil. Hərbi ekspertlər ehtimal edir ki, Ermənistan özü istehsal etdiyi “Krunk” tipli kiçik pilotsuz aparatlara hansısa formada partlayıcı bərkidə bilərdi və onları döyüşdə sınaqdan keçirməklə təkmilləşdirməyə çalışır. Habelə Ermənistanın sərəncamında “X-55” taktiki PUA-lar var və partlayıcının onlara da bərkidilməsi istisna deyil.
Pilotsuz döyüş aparatlarının döyüş tətbiqini dünyada ilk dəfə Azərbaycan ordusu ötən ilin aprelində həyata keçirib. Həmin döyüşlər zamanı Azərbaycanın İsraildən aldığı “Harop” pilotsuz döyüş aparatları Ermənistan ordusu üçün sarsıdıcı sürpriz olmuşdu. Azərbaycanın İsraildən “Harop”la yanaşı “Green Dragon” tipli, daha böyük dağıdıcı gücə malik döyüş PUA-ları aldığı məlumdur. Habelə ötən ilin aprelindən sonra Azərbaycan özü pilotsuz döyüş PUA-larının müasir hərbi əməliyyatlar teatrında effektivliyini görərək onları öz hərbi zavodlarında istehsal etməyə başladı.
Elə bir gün əvvəl xəbər yayıldı ki, Azərbaycan qanadlarının eni “Boeing-737” təyyarəsinin qanadlarının eni ilə müqayisə olunan yeni “Zərbə-5” pilotsuz döyüş aparatını uğurla sınaqdan keçirib. Lakin bu, “Harop”lar kimi hədəfə çırpılan “kamikadze-PUA” deyil, “hava-yer” tipli dörd raketlə təchiz edilən və hədəfləri vurandan sonra bazaya geri qayıdan döyüş aparatıdır. Hansı ki, hazırda dünyada cəmi bir neçə ölkə belə döyüş aparatına malikdir.
İndi belə məlum olur ki, Ermənistan pilotsuz döyüş aparatlarını həm özü kütləvi istehsal etməyə başlayan, həm belə aparatların geniş arsenalını İsraildən alan Azərbaycanla ayaqlaşa bilmək üçün primitiv üsullarla hansısa pilotsuz aparata mərmi bərkidib sınaqdan keçirir. Deməli ləngimədən Ermənistana əsl pilotsuz döyüş aparatının necə olduğunu bir daha göstərmək lazım gəlir.
F.Məmmədov
Virtualaz.org