![](/uploads/posts/2017-06/thumbs/1498220352_490-254.jpg)
Bu ilin iyul və avqust aylarında dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycanda kəskin istilər gözlənilir. Artıq Çexiya kimi ölkələrdə işləmək üçün uyğunsuz bir vəziyyət yaranıb. Bununla əlaqədar Çexiyada bir çox sahələrdə işçilərin fəaliyyəti dayandırlıb. Qarşıdakı aylarda Azərbaycanda da havalar isinəcək. Maraqlıdır, Azərbaycanda yüksək temperaturda iş saatının məhdudlaşdırılması ilə bağlı təcrübə olub? Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bu haqda danışaraq bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığından sonra müxtəlif müəssisələr müəyyən tədbirlər görməlidir: “Ümumiyyətlə, yüksək temperaturda çalışıb- çalışmamaq iş şəraitindən də çox asılıdır. Elə iş yerləri var ki, onların sərinləndirici sistemi var. Bu səbəbdən yüksək temperaturun onlara aidiyyəti yoxdur. Söhbət o yerdən gedir ki, orada havanın temperaturunu tənzimləmək mümkün deyil. Ümumiyyətlə, havadan asılı olan iş yerlərində yüksək, küləkli və şaxtalı vaxtlarda iş saatı dayandırılır. Təxirəsalınmayan işlər var ki, bu zaman hava şəraitinin kəskin olmasına baxmayaraq işlər dayandırlmır. Əlbəttə, bu zaman işəgötürən məsul şəxs əlavə tədbirlər görməlidir. Məsələn, işçilərə xüsusi geyimlər, sərinləşdirici içkilər verilir, günün ən kəskin vaxtında iş saatında fasilələr yaradılır. İşəgötürən vəziyyəti elə tənzimləməlidir ki, fiziki şəxsin sağlamlığına ziyan vurulmasın. Azərbaycanda 41 dərəcə temperaturda açıq havada iş dayandırılmalıdır”. Ekspertin sözlərinə görə, hava şəraiti ilə əlaqədar olaraq Azərbaycanda da iş saatının dayandırılması ilə bağlı qərar olsa da, 40 dərəcədən artıq temperaturda asfalt çəkənlər iş başında olub. Yəni, bu xəbərdarlığıa məhəl qoyan olmayıb: “Asfaltda isə havanın temperaturu daha yüksək olur. Təxminən 50-55 dərəcə. İşəgötürən bilməlidir ki, şəxsə dəyəcək zərər görə məsuliyyət daşıyacaq”. Xatırladaq ki, Dünya Meteorologiya Təşkilatı BMT-nin Cenevredə təşkil olunan toplantısında bu yayda temperaturun normadan yüksək olacağını açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova Cebhe.info-ya bildirib ki, ölkəmizdə ən isti aylar isə iyul-avqustdur: “Bu səbəbdən deyə bilmərik hava isti olmayacaq. Çünki ötən illərdə də bu müddətdə maksimal hava şəraiti müşahidə edilib. Mərkəzi aran rayonlarında havanın maksimal temperaturu 35-40 dərəcə müşahidə edilib. Ümumilikdə, yay ayında temperaturun bəzi günlərdə iqlim normasından yüksək olacağı gözlənilir. İyul-avqust aylarında 35-38, bəzi günlərdə 40-41 dərəcəyədək isti olacağı gözlənilir”. Nigar Cahid Cebhe.info