Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

13 ağır şərt və cəmi 5 gün vaxt... BÖHRANIN SONU NECƏ OLACAQ

29-06-2017, 13:35   


Fars körfəzinin ərəb dövlətləri tərəfindən Qətərə qarşı irəli sürülmüş 13 şərtdən ibarət tələbə əməl etmək üçün ayrılmış vaxtın bitməsinə 1 həftədən də az vaxt qalıb. Əgər Qətər həmin tələbləri yerinə yetirməsə bu ölkəyə qarşı körfəz ölkələri tərəfindən tətbiq edilmiş iqtisadi və siyasi sanksiyaların daimi xarakter alacağı ehtimalı getdikcə artır.

Həmin 13 şərti irəli sürən Səudiyyə, BƏƏ, Bəhreyn və Misir tələb ediblər ki, Qətər terrorçuluğun maliyyələşdirilməsini dayandırsın, Qətər isə həmin ittihamı qətiyyətlə rədd edir. Körfəzi ölkələri eləcə də Qətərdən İranla əlaqələri məhdudlaşdırmağı, “Al Jazeera” yayım şirkətini bağlamağı tələb ediblər. Habelə Qətər “Müsəlman qardaşlığı” təşkilatı ilə bütün əlaqələri kəsməli, həmin dörd ölkənin terrorçuluğa görə axtardığı bütün şəxsləri təhvil verməlidir.

Əks təqdirdə Qətəri daimi təcrid gözləyəcək. Qətər isə bu tələblər qarşısında baş əymir."Qətər bizə müsbət cavab vermir", - Birləşmiş Ərəb Əmirliyinin hökümət sözçüsü Ömər Ğobaş deyib. “Düşünürəm ki, sonda hər şey Qətərlə əlaqələrin kəsilməsilə bitəcək"-o əlavə edib.



Körfəz Əməkdaşlıq Şurasından (GCC) Qətər dərhal xaric edilməsə də, bu məsələ müzakirə mövzusu olacaq.Görəsən, bu ixtilaf hərbi münaqişəyə çevrilə bilərmi?

"Bizim tərəfimizdən belə bir hərəkət olmayacaq. Biz Qətərlə iqtisadi, siyasi və hətta ictimai əlaqələri kəsəcəyik"-BƏƏ rəsmisi deyib.

Qətərə qarşı irəli sürülmüş tələblərə əməl etmək müddəti iyulun 3-də bitir. "Bu möhlət bitəndən sonra artq Qətərin Körfəz Ərəb ölkələri sıralarına qayıtmasına marağımız olmayacaq", - BƏƏ hökümət sözçüsü vurğulayıb.

Qətər, qüdrətli Körfəz Ərəb qonşuları tərəfindən səfil bir dövlət elan ediləcəyi halda, Səudiyyənin köhnə və daimi rəqibi olan İran tərəfə üzünü döndərə bilərmi? "Təəssüf ki, Qətər uzun müddətdir ki, İranın və bir çox sünni ekstremist qruplarının əlindədir, Biz bu riski nəzərə alırıq. Lakin bu belə olsa, ən azı, bölgədəki durum aydınlaşacaq, dost-düşmənimiz tanınacaq"-BƏƏ rəsmisi deyib.



İran və Türkiyə ikisi də, Qətərin siyasi İslamı dəstəklədiyini bölüşür və hər ikisi də çətin vəziyyətə düşmüş bu Körfəz dövlətinə yardıma səy göstərirlər. Türkiyənin Qətərdə hərbi bazası var. Ərəb koalisiyası həmin bazanın bağlanmasını tələb edib. Türkiyə artıq hava yolu ilə Qətərə zirehli texnikasını gətirərək Dohada həmin texnikanın nümayişini keçirib. Ankara Qətərə yüzlərlə əlavə qoşun göndərə biləcəyinə eyham vurub.

Bu səbəbdən Bəhreyn, Qətəri "hərbi eskalasiyada" ittiham edib. Burada Körfəz regionunda bir narazılıq duyulur ki, mübahisədən böhrana çevrilmiş bu məsələ bütün regionun iqtisadiyyatını dağıda bilər. Qərbdə bəziləri üçün bu böhran kral sülaləri arasında lazımsız bir çəkişmə kimi görünə bilər.



Ömər Ğobaşın fikrincə, bu, "vəziyyəti tam yanlış başa düşmək" demək olardı. "Bu, monarxiyalar arasında çəkişmə deyil. Bu, ciddi münaqişə və cəmiyyətimiz üçün dönüş nöqtəsidir… Bu, bizim prinsipial mövqeyimizidr - Qətər kimi ölkələr tərəfindən İslamın mənfi versiyalarını dəstəkləyənlərə qarşı mövgeyimiz", - BƏƏ hökümət rəsmisi bildirib.

Hazırda Küveyt, tərəflər arasında vasitəçilik etməyə çalışır, amma bu səylər hələlik nəticə verməyib.Lakin hamı anlayır ki, axırda məsələnin həlliABŞ-dan asılı olacaq. Pentaqonun Qətərdəki Əl-Udaid hava qüvvələri bazasında 11,000 qulluqçu var. Həmin bazadan ABŞ-ın Yaxın Şərqdə keçirdiyi əməliyyatlar idarə olunur.Qətər ABŞ və Britaniyanın müttəfiqidir. ABŞ Qətərə $12 milyard dəyəri olan müqavilə əsasında müasir F-15 hərbi təyyarələrini satmaq barədə qərar verib.

Bu böhran davam etdikcə, ABŞ-ın rəhbərliyi altında özünü İslam Dövləti adlandıran qrupa qarşı aparılan hərbi kampaniyanın gələcəyi daha qeyri-müəyyən hal alır. (BBC)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar