Bakıda tələbə növbəti dəfə hakim qarşısına çıxarılıb. Buna səbəb tələbənin təhsil aldığı universitetin dekan müavininin ondan şikayətçi olmasıdır. Dekan müavini tələbə tərəfindən təhqir edildiyi, rüşvət almaqda ittiham olunduğu üçün onun cəzalandırılmasını istəyib.
Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılıb.
Bu gün baş tutan prosesdə BDU-nun dekan müavini tələbəsinin həbsini istəyib. Məhkəmədə Zəka Mirağayev fakültənin tələbə və müəllim heyətindən bir neçə nəfərin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Amma vəsatətdə həmin şəxslərin atalarının adlarını, ev ünvanlarını və s. qeyd etmədiyinə görə hakim onların kimliyini müəyyənləşdirə bilməyib. Bu əsasla da vəsatət rədd olunub.
Nigar İsmayılzadənin müdafiəçisi Kamandar Nəsibov iddia edib ki, tələbə dekan müavini haqqında səsləndirdiyi rüşvət ittihamlarını sübuta yetirə bilmədiyinə görə bu cür vəsatətlərlə prosesi uzatmaq istəyir. Vəkil məhkəmə istintaqının yekunlaşmasını istəyib.
Amma tələbənin vəkili Elçin Sadıqov məhkəmənin hələ yetərincə araşdırma aparmadığını, dindirlməsini istədikləri şahidlərin gəlib rüşvət faktını təsdiqləyə biləcəklərini deyərək, istintaqın yekunlaşmasına etiraz edib: "Məsələn, tələbələrin rektorluğa şikayətləri əsasında yaradılmış komissiyanın rəyi burada araşdırılmadan məhkəmə istintaqı yekunlaşmamalıdır. O komissiyanın araşdırmalarında, verilən izahatlarda rüşvətlə bağlı xeyli məsələlər var. Ona görə də biz həmin sənədlərin gətirilib burada araşdırılmasını istəyirdik".
Hakim Azər Tağıyev isə qeyd edib ki, Zəka Mirağayevə öz sübutlarını ortaya qoymaq üçün yetərincə şərait yaradılıb, hətta ötən məhkəmə iclasında vəsatət qaldırıb, dindirilməsini istədiyi şahidlərə çağırış vərəqəsi də göndərilib. Lakin həmin adamlar məhkəməyə gəlməyiblər. Bununla da hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.
Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbənin mətbuata müsahibələrində, yazdığı yazılarda dekan müavininə böhtan atdığını bildirərək, onun məhz həbslə cəzalandırılmasını istəyib: “Bu adam ancaq cəzaçəkmə müəssisəsində ağla gələ bilər. Ora düşəndən sonra əməlinin nəticəsini düşünə bilər. Ona görə də ona cəzaçəkmə müəssisəsində çəkilən cəzanın verilməsini istəyirik”.
Dekan müavinin digər vəkili Sadiq Rəsulov iddia edib ki, Zəka Mirağayev Nigar İsmayılzadəni “İlahiyyat” fakültəsinin adına layiq olmayan şəxs” adlandırmaqla, onu təhqir edib. Ona görə də Mirağayevin CM-nin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib. Nigar İsmayılzadə də vəkillərinin hər ikisinin çıxışı ilə razılaşdığını söyləyib.
Tələbənin vəkili Elçin Sadıqov isə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti məhkəmə iclası iyulun 7-nə təyin olunub.
Xatırladaq ki, Nigar İsmayılzadə Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı “anaxeber” saytında yer almış yazıdakı “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.
İlkin Muradov,
Musavat.com