![](/uploads/posts/2017-07/thumbs/1499162053_erdogan_foto_020717.jpg)
Səudiyyə Ərəbistanı Suriyadan çıxarılır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Görüşdə Türkiyənin müdafiə naziri Fikri Işık, baş qərargah rəisi Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan da iştirak edib. Qapalı keçən danışıqlarda Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınması barədə müzakirələrin getdiyi bildirilir. Bundan başqa, tərəflər Suriyadakı vəziyyəti də müzakirə edib. Suriyada “Fərat qalxanı” əməliyyatının ikinci hissəsinə başlamağa hazırlaşan Ankara üçün Moskvanın mövqeyi strateji əhəmiyyət daşıyır.
Çünki Türkiyənin hərbi əməliyyatlar keçirmək istədiyi ərazilər PYD ilə yanaşı həm də ABŞ-ın və Rusiyanın nəzarətindədir. Türkiyə Silahlı Qüvvələrinin hədəfində Suriyanın şimal-şərqindəki Menbiç və şimal-qərbindəki Afrin bölgələridir. Ankara “Fərat qalxanı-1” əməliyyatını Menbiçin azad edilməsi ilə yekunlaşdırmağa çalışsa da ABŞ-ın Raqqanı İŞİD-dən azad etmək üçün həmin ərazidə əlavə hərbi qüvvələr yerləşdirməsi və kürd terrorçularına silah verməsindən sonra proses yarımçıq dayandı. Hazırda Menbiç bölgəsi demək olar ki, ABŞ-ın nəzarətindədir. Afrin uğrunda isə son dövrlər Rusiya ilə ABŞ arasındakı rəqabət getdikcə artır. Afrin kürd yaraqlılarının əlində olduğu üçün ABŞ həmin bölgəyə nüfuz etməyə çalışır. Buna baxmayaraq, Rusiya Afrinə daxil olacaq hər hansı ABŞ təyyarəsinin vurulacağını bəyan edib. Kremlin bu mövqeyi “Fərat qalxanı-2” əməliyyatı planına əsasən Afrinə silahlı qüvvə yeritməyə hazırlaşan Türkiyənin maraqlarına cavab verir. Əks təqdiqdə, ABŞ Türkiyənin Afrinə daxil olmasının qarşısını almaq üçün Ankaraya təzyiqlərini artıra bilər. Əgər bu məsələdə Türkiyə rəhbərliyi Kremllə razılığa gələ bilsə, nəzərədə tutulan hərbi əməliyyatı həyata keçirmək mümkün olacaq.
YPG silahlıları son günlər Suriyanın Menbiç və Afrin bölgələrini birləşdirmək üçün Təl-Rəfatdan Hələbin şimalına gedən yolu ələ keçirməyə cəhd edir. Bu yol şərqdə Raqqadan başlayaraq qərbdə İdlibə qədər uzanır. Hələbin şimalından Afrinə gedən M4 avtomobil yolu yükdaşımalar üçün strateji əhəmiyyət kəsb edir. Ona görə də Türkiyə PYD-nin qarşısını almaq məqsədilə terrorçuların Təl-Rəfatın şimalındakı mövqelərini haubitsalardan atəşə tutub. Siyasi müşahadəçilər hesab edir ki, Türkiyə də Afrin və Menbiç bölgələrini ələ keçirməzdən əvvəl Təl-Rəfat-Hələb yoluna nəzarətə sahib olmağı planlaşdırır. Bu baş tutarsa, Afrindəki PYD yaralılarının Suriyanın şərqi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaq.
Rusiya ABŞ-ın bu bölgədə hərbi fəallığının qarşısını almaq üçün əraziyə 160 nəfərlik motoatıcı bölük yerləşdirib. ABŞ isə bölgəyə “P-8 Poseydon” döyüş təyyarələri göndərib. Təl-Rəfat-Hələb istiqamətində hərbi fəallıq artmaqda davam edir. 200 km-lik ayırıcı sərhəd zolağı müəyyən edən Rusiya Amerikadan Suriyadakı hədəflərinə yaxınlaşmamağı tələb edir. Rusiya ABŞ-ın Afrinə daxil olacağı halda müdaxilə edən hər bir təyyarənin raketlə vurulacağına dair xəbərdarlıq edib. Ona görə də “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsinə başlamazdan öncə Rusiyanın dəstəyini ala bilməsi Türkiyə üçün ciddi əhəmiyyət daşıyır. Türkiyənin İŞİD-dən azad etdiyi Əl-Bab şəhəri də qeyd edilən yolun üzərində yerləşir. Əl-Babın cənubundakı Əl- Tanif kəndinin cənub -şərqinə Türkiyə, cənubuna isə Əsəd ordusu nəzarət edir. Türkiyə Afrini PYD terrorçularından təmizləyə bilsə, o zaman Menbiç Suriyanın şimalındakı türk Silahlı Qüvvələri üçün ciddi təhlükə yarada bilməyəcək. Afrindən sonra İdlib şəhərinin Türkiyənin nəzarətinə alınması planlaşdırılır.
Atəşə yasaq bölgələrin yaradılmasına dair Türkiyə, ABŞ və Rusiya arasında əldə olunmuş razılaşmaya görə, İdlib şəhəri Ankaranın nəzarətinə verilməlidir. Hazırda həmin ərazidə Səudiyyə Ərəbistanının dəstəklədiyi 9500 nəfərə yaxın müxtəlif silahlı qruplar döyüşür. Həmin ərazilər cihadçılardan azad edildikdən sonra ərazidə Türkiyə və Əsəd-Rusiya qüvvələrindən başqa heç bir silahlı qrup qalmayacaq. İdlibin Türkiyənin əlinə keçməsi ilə Səudiyyə Ərəbistanı bölgədən sıxışdırılıb çıxarıla bilər. Bu da öz növbəsində Türkiyə ilə hərbi müttəfiqlik nümayiş etdirən Qətərin maraqlarına uyğundur. Türkiyə bu məsələdə Rusiya ilə anlaşa bilsə, Qətər böhranına görə İranın da prosesə dəstək verəcəyi şübhə doğurmur. Rusiya isə ABŞ-ın bölgədə təsirinin qarşısını almaq üçün Ankara ilə razılaşmaya gedə bilər. Çünki Moskva NATO müttəfiqləri arasında yaranmış fikir ayrılığından istifadə etməyə çalışır. Ancaq Rusiya bu siyasətin kürdlərlə münasibətlərə mənfi təsir göstərməsini istəmir.
Türkiyə isə anlaşmaya nail olmaq üçün Rusiyadan “S-400” raketdən müdafiə sistemlərini almaq barədə saziş bağlamağa hazır olduğunu bəyan edib. Prezident Ərdoğanın S.Şoyqu ilə görüşündə də bu məsələnin müzakirə olunduğu şübhə doğurmur. ABŞ-ın müdafiə naziri Ceyms Məttsin Raqqanın azad edilməsi üçün ABŞ-ın PYD-yə silah verməkdə davam edəcəyi barədə növbəti bəyanatından sonra Türkiyə prezidenti bu fikri “NATO çərçivəsində əməkdaşlığa sığmayan addım” adlandırıb. Lakin Türkiyə NATO-nun üzvü olduğundan müdafiə sistemi həmin Alyansın standartlarına uyğun formalaşıb. Bu baxımdan, Türkiyənin “S-400” ZRK-dən istifadə imkanları qeyri-real görünür. Türkiyə mediası isə Ankaranın “S-400” raketlərini PYD-dən azad edilmiş Afrində yerləşdirmək niyyətində olduğunu yazır.
Müşfiq Abdulla
Cebhe.info
P.S. Artıq Türkiyə Silahlı Qüvvələrinin bu gün gecə saatlarında Afrinə girdiyinə dair xəbər yayılıb.