Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sarkisyan Putindən növbəti tapşırıqlarını aldı: Soçidə Qarabağ görüşü

24-08-2017, 14:20   


“Qara dəniz sahilindəki Soçi şəhəri Rusiya prezidenti Vladimir Putin üçün Kremldən sonra ikinci iqamətgaha çevrilib. Putin yay aylarını Soçidəki iqamətgahında keçirir. Görünür, bu yolla Putin həm dincəlir, həm də işlərinə ara vermir. Putin Soçidə müxtəlif ölkələrin prezidentlərini və baş nazirlərini də qəbul edərək onlarla fikir mübadiləsi aparır”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünü şərh edərkən deyib:

“Putin avqustun 3-də Soçidə iki qonağını qəbul etdi. Onlardan biri Ermənistanın prezidenti Serj Sarkisyan, digəri isə İsrailin baş naziri Benyamin Netanyahu oldu. Hər ikisi Putin üçün vacib həmsöhbət idi. Soçidə Netanyahu ilə Yaxın Şərqdəki son durum, İsrail hökumətinin Suriyada baş verənlərə münasibəti müzakirə edildisə, Sərkisyanla iqtisadi və hərbi əlaqələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu müzakirə olundu.

Putinin Sərkisyanla görüşməsində qeyri-adi heç nə yoxdur. Rusiya və Ermənistan strateji müttəfiqdir və deməli, bu iki ölkənin liderləri tez-tez görüşməlidirlər. Sadəcə, bu görüşlərdə Rusiya böyük qardaş, Ermənistan isə kiçik qardaş rolunda çıxış edir. Sarkisyan Putinin nəsihətlərini dinləmək və onları yerinə yetirmək məcburiyyətindədir. Əks halda, böyük qardaş kiçik qardaşı cəzalandıracaq, necə ki, 1999-cu ildə Ermənistan parlamenti silahlıların hücumuna məruz qaldı, parlamentin sədri və baş nazir qətlə yetirildi. Bunun bir daha təkrarlana biləcəyini anlayan Serj Sarkisyan Putini qıcıqlandıracaq addım atmaz. Ermənistanın müasir tarixində prezidentlərdən Levon Ter-Petrosyan bir dəfə Qarabağla bağlı müstəqil qərar vermək istəyirdi, bir neçə gün keçməmiş saray çevrilişi ilə onu devirdilər. Devirənlər birbaşa Rusiyanın adamları idi, içərisində hazırki prezident, o zamanki daxili işlər naziri Serj Sarkisyan da var idi. Kreml Levon Ter-Petrosyanı o zaman öz adamları vasitəsilə ona görə devirdi ki, Ermənistan prezidenti Rusiyanın rəyini nəzərə almadan Qarabağlı bağlı müstəqil qərar verməyə yaxın idi. Eyni ilə Sərkisyan da Qarabağla bağlı və ya NATO, Avropa Birliyi ilə əlaqələr mövzusunda Moskvanın rəyini nəzərə almadan müstəqil qərar verə bilməz”.

Elxan Şahinoğlu son zamanlar “Putin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək” kimi fikirlərin səslənməsinə də münasibət bildirib:

“Tam əksinə, Rusiya Xarici İşlər Nazirliyi son açıqlamalarıyla Azərbaycanı hədəf alıb. Rusiya XİN Kremldən gələn təlimatın əksinə heç zaman Azərbaycan əleyhinə siyasət apara bilməzdi. Xarici işlər naziri Sergey Lavrov nə qədər Ermənistana yaxın mövqe nümayiş etdirsə də, Kremlin çızdığı çərçivədən kənara çıxa bilməz. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Rusiyadan olan gözləntilər şişirdilib. Bunun əvəzinə bəzən Azərbaycan ictimaiyyətinə yanlış mesajlar ötürülür, “Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək”, “Kreml İrəvanı Qərb və NATO ilə əməkdaşlığına görə cəzalandıracaq” və s. Hər dəfə bu cür açıqlamalar səsləndirlir, ardı isə gəlmir. Putin bir müddət əvvəl də azərbaycanlı həmkarı İlham Əliyevi də Soçidə qəbul etmişdi. Həmin görüşdən əvvəl də müəyyən optimist fikirlər irəli sürülürdü. Masa üzərində Qarabağla bağlı dəyişən bir şey yoxdur. Azərbaycan əvvəlkitək öz gücünə arxalanmalıdır. Rəsmi Bakının da Putin-Sarkisyan görüşündən elə bir gözləntisi yox idi. Putinin erməni həmkarını cəzalandırmayacağını Bakı da bilir, sadəcə Azərbaycanın bəzi rəsmiləri hələ də düşünürlər ki, Rusiya Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll edəcək”.

Vilayət Muxtar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar