Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ Qarabağı Rusiyanın caynağından qoparır

30-08-2017, 16:58   

ATƏT-in Minsk Qrupuna ABŞ-dan yeni həmsədr təyin olunub. Bu, Endryu Şafferdir.

Məlumatlara görə Şaffer Vyanada Beynəlxalq Təşkilatlarda ABŞ missiyasında, Kiprdə, Küveytdə, Bəhreyndə, Rusiyada ABŞ səfirliklərində çalışıb. Onun ABŞ Minsk qrupu prosesinə sadiq olduğu və Qarabağ probleminin həllini tapmaqda tərəflərə yardım etdiyi bildirilib. Yəni o, Qarabağ probleminin beynəlxalq qanuna uyğun həllinə tərəfdar olduğunu nümayiş etdirib. Maraqlıdır, yeni ATƏT həmsədrinin gəlişi ilə Dağlıq Qarabağ probleminin həlli prosesində hansısa dəyişikliklər baş verəcəkmi?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, ATƏT-in Minsk Qrupunun köhnə həmsədri Riçard Hoqlandın həmsədrlikdən getməsi ərəfəsində açıqladığı 6 prinsipdən söhbət açmaq lazımdır:

“Mənə elə gəlir ki, təsadüfən səsləndirilmiş hər hansı bir kəşf və yaxud yeni bir yanaşma tərzi deyil. Bu bilavasitə ABŞ Dövlət Departamenti ilə razılaşdırılmış yeni siyasətin təzahürü olaraq ortaya çıxmışdı. Hoqland indiyə qədər həm Azərbaycanda, həm Ermənistanda bütövlükdə ATƏT-in Minsk Qrupu həmsədrlərindən fərqli bir fikir söyləməmişdi. Amma bu dəfə yanaşmada ən azı yeni elementlər var və bunlardan ən əsası da məhz münaqişənin mərhələli həll olunmasıdır. Düşünürəm ki, bu artıq ABŞ-ın Dağlıq Qarabağ probleminə yeni yanaşmasıdır. Bu həm də Ermənistan və Rusiyaya bir mesajdır. Məhz Hoqlandın bu cür açıqlamasından sonra artıq Rusiya da hərəkətə keçməyə başlayıb. Hətta ATƏT-in Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandan olan hərbçisi, yəni baş katibi Xaçaturovun Ermənistana təcili səfər etməsinə dair xəbər yayılıb. Bu səfər çərçivəsində ölkə prezidenti və rəsmilərlə görüşü nəzərdə tutulur. Hesab edirəm ki, Xaçaturov Rusiya dövlətinin mesajlarını İrəvana aparır. Bundan əlavə Ermənistanın prezidenti Sarkisyanın Rusiya prezidenti Putinin son Soçi görüşməsində də bəlli oldu ki, Dağlıq Qarabağ problemində hansısa irəliləyişə doğru fikirlər və ya qərarlar qəbul olunmayıb. Sarkisyan birmənalı etiraf etdi ki, Dağlır Qarabağ məsələsi ciddi şəkildə müzakirə olunmadı. Faktın özü də göstərir ki, Rusiya hələ də Dağlıq Qarabağ problemini həll etmək fikrində deyil”.

Politoloq əlavə edib ki, Hoqlandın fikirlərinin açıqlanmasından sonra Rusiyada bir hərəkətlənmə hiss olunmaqdadır:

“Bu açıqlama təkcə Rusiyanı deyil, həm də Ermənistanın siyasi çevrələrini çox ciddi şəkildə hərəkətə gətirib. Bəli ABŞ-ın yeni təyinatı və bu yöndə yeni siyasət davamlı olarsa, ABŞ Dağlıq Qarabağ problemini Rusiyanın monopoliyasından çıxarıb onu bütövlükdə Minsk Qrupu həmsədrləri çərçivəsində gətirərsə və bu məsələni birlikdə çözmək istəyərsə, bəli onda Qarabağ məsələsinə bir dinamika gələcək. Fikrimcə, müsbət element bundan ibarətdir. Bu Hoqlandın son açıqlamasındandır və onun bu fikirləri təsadüfən kimi qəbul edilməməlidir. ABŞ-ın yeni yanaşmasıdır. Bu ABŞ-ın nəinki Dağlıq Qarabağa, eyni zamanda Cənubi Qafqaza bir yeni yanaşma tərzidir. Ona görə də düşünürəm ki, Dağlıq Qarabağ probleminin məsələsinə çox yaxın bir zamanda bir dinamika gələ bilər. Bu da təcili qaydada danışıqlar prosesini sürətləndirə bilər. Hər bir halda bizim gözləntimiz bundan ibarətdir. Əgər ciddi mənada əsas üzrə danışıqlar olarsa və problemin mərhələli həll çərçivəsində həlli qəbul olunarsa, onda savaşdan qaçmaq mümkün olacaq. Bu mənada da ortalığa konkret nəticələr çıxa bilər”.

Alçina Amilqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar