Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qəbələdə külək yanğını daha geniş əraziyə yayır – nazirlik açıqladı

2-09-2017, 19:22   
Qəbələdə külək yanğını daha geniş əraziyə yayır – nazirlik açıqladı
Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən artıq əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri və xüsusi texnikası cəlb olunub. Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-nin əməkdaşları fədakarlıq göstərərək bütün mümkün olan vasitələrdən istifadə edirlər. Çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək alovu zolağın üstündən ataraq yanğını daha geniş ərazilərə yayır.

Bildiririk ki, Oğuz rayonunun Xaçmaz meşəbəyliyində, Qəbələ rayonu ilə həmsərhəd istiqamətdə baş vermiş yanğını isə lokallaşdırmaq mümkün olub, ilkin müşahidələrə görə yanğın zamanı təxminən 50 hektar ərazidə kol-kos və bir qism ağac yanıb.

* * *17:39

28 avqust 2017-ci il tarixindən Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın davam edir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilmiş məlumatda deyilir.

Bildirilir ki, yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyət (46 nəfər Bakı qarnizonu şəxsi heyəti), 4 ədəd yanğınsöndürmə avtomobili, Mülki müdafiə qoşunlarından 58 nəfər şəxsi heyət, 4 ədəd texnika, Şimal-qərb Regional Mərkəzindən 20 nəfər şəxsi heyət, 4 ədəd texnika, Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürməsi işlərinə cəlb olunub. Eyni zamanda Qəbələ Rayon İcra Hakimiyyətinin və Meşə təsərüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi və 13 ədəd müxtəlif təyyinatlı texnikası cəlb olunub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovhazırda hadisə rayonundadır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

* * *13:21

Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğın 80% lokallaşdırılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

* * *12:00

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, yanğının söndürülməsi üçün nazirliyin bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Eyni zamanda, nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Hadisə yerində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar