![](/uploads/posts/2017-09/thumbs/1504423013_voleyball-1x1.jpg)
Rəsmi telekommunikasiya tərəfdaşı seçildi
“Nar” 20 sentyabr-1 oktyabr 2017-ci il tarixləri arasında Azərbaycan və Gürcüstanda
keçiriləcək qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin
rəsmi telekommunikasiya tərəfdaşı seçildi. Mobil operator eyni anda Bakı və Göygöl şəhərləri,
eləcə də Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil ediləcək voleybol üzrə Avropa
çempionatının təşkilatçıları və iştirakçılarını mobil rabitə – zəng və məlumatların ötürülməsi
(data) xidmətləri ilə təmin edəcək, eləcə də yarışlara texnoloji dəstək xidməti sahəsində aparıcı
provayder rolunu oynayacaq.
Qeyd edək ki, iki il öncə Azərbaycanda keçirilən ilk Avropa Oyunları və bu ilin may ayında
respublikada təşkil edilən IV İslam həmrəyliyi oyunlarının telekommunikasiya tərəfdaşı olmuş
“Nar” ölkədə həyata keçirilən mötəbər idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə
qazanmışdır. Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin
telekommunikasiya tərəfdaşı olaraq “Nar”-ın peşəkar əməkdaşları yarışların əməliyyat
komitəsini yüksəkkeyfiyyətli xidmətlə təmin etməyi hədəfləyirlər. “Nar” bu növbəti idman
bayramının Azərbaycana daha bir uğur gətirəcəyindən əmin olmaqla, bu uğurun qazanılması
üçün əmək sərf etməkdən qürur duyduğunu ifadə edir.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.
“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə
abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar”-ın kampaniya, məhsul və layihələri haqqında nar.az internet səhifəsindən ətraflı məlumat
almaq olar.