![](/uploads/posts/2017-09/thumbs/1504608377_1504607719_suret02.jpg)
Keçmiş baş nazir Surət Hüseynov gündəmdə “sabun köpüyü” kimi buxarlandı. S.Hüseynov özü ilə gətirdiyi cazibə və ajiotajı elə bir həftə içərisində havaya buraxdı.
Onun müsahibələri və sosial şəbəkələrdə fotoları artıq müxtəlif siyasi mülahizələrə, seçkiqabağı rus projesi axtarışına çıxmağa səbəb olmuşdu.
Siam.Az-ın Siyasət Bürosu yazır ki, 90-ların siyasi meyiti olan S.Hüseynovun qəfil “zühur” eləməsinin mənasız bir proses olduğu üzə çıxdı.
Onun nə Azərbaycana gəliş, nə siyasətə qayıtmaq, nə seçkilərdə fəallıq etmək planı var. Elə Kremlin siyasi ssenarisində də ona rol verilməyib.
Moskva üçün də çoxdan siyasi meyitə çevrilmiş bir personaj olan sabiq baş nazirin Abbas Abbasov qədər də nüfuza malik olmadığı aydınlaşdı.
Sadəcə, yay fəslində mövzu qıtlığı zamanı jurnalist tapıntısı olan S.Hüseynov 1-2 müsahibə ilə qeybə çəkildi.
Hərçənd, iqtidara yaxın bəzi KİV-lər onun üzə çıxmasından əl-ayağa düşərək haray-həşir qoparmağa, təhlillər yazmağa başlamışdılar.
Guya S.Hüseynov Rəsul Quliyev və ya Abbas Abbasov kimi qayıtmağa hazırlaşır, Rusiya tərəfindən təlimatlandırılıb.
Bu siyasi taftologiya və qısamüddətli eyforiyanın ömrü az çəkdi, S.Hüseynov obrazı ətrafında yaradılmış bədii dumanlı ssenari fıs çıxdı.
Hər halda Kreml başbilənləri o qədər zəif texnoloqlar deyillər ki, seçkiqabağı hakimiyyətin qarşısına Azərbaycanın ictimai rəyində çoxdan dəfn edilmiş S.Hüseynovu çıxarsınlar.
Onun neçə-neçə kadrları, “5-ci kolon”dakı missionerləri var və zərurət yaranarsa Moskva ideoloqları onları arsenalda nümayiş etdirərdilər.
Beləliklə, S.Hüseynovun rus layihəsi olması blefdən başqa bir informasiya yükü olmayan proses idi. Söz yox, onu seçkilər ərəfəsində kiçik obraz verməklə səhnəyə çıxara biləcəkləri istisna edilmir.
Amma sabiq nazir o dərəcədə qorxaqlaşıb ki, indi həyatının qalan hissəsini sakit yaşamaq istəyir.
Odur ki, hakimiyyət kluarlarında da, S.Hüseynovun özü də hansı proseslər cərəyan etdiyini əla bilirlər. Amma...
Siam.Az-ın Siyasət Bürosu yazır ki, bu işdə bir əmma var. Ondan ibarətdir ki, hakimiyyət daxilində köhnə qvardiyanın vəziyyəti ürəkaçan deyil.
Bu halda ənənəvi komanda yeniçərilərə qarşı mübarizədə, yəni seçkiqabağı prezident İlham Əliyevə təzyiq göstərmək üçün S.Hüseynov kimiləri fəallaşdıra bilər.
Naxçıvan qruplaşmasının zəifləməkdə olan mövqeləri seçkiöncəsi yenidən möhkəmlənə bilər.
Necə ki, 2013-cü il seçkiləri ərəfəsində Novruz Məmmədov, Vahid Əliyev, Məhərrəm Əliyev triosu Prezident Aparatına gətirildi və PA rəhbəri Ramiz Mehdiyevin komandası revanş götürdü.
O dövrdə iqtidarın içərisindəki islahatçı qanad indiki kimi möhkəmlənə bilməmişdi. Ona görə də 2013-də Mehdiyev komandası qalib gəldi.
2018 seçkiləri isə 5 il qabaqdan çox fərqlənəcək. Bu baxımdan hakimiyyətdə müxalifətə çevrilmiş klan yenə revanş arzusundadır.
Xüsusən də, referendumdan sonra köhnə qvardiyanın dayaqları çox sarsıldı və Naxçıvan qruplaşması gələn ilki seçkinin həlledici olduğunu dərk edir.
Belə bir mürəkkəb siyasi səhnədə keçmiş siyasətçilərin, Surət Hüseynov də daxil olmaqla ayrı-ayrı sabiqlərin xortlaması istisna edilmir. Onlara daxildən süni nəfəs verməklə seçkilərdə siyasi peşkalar kimi istifadə edə bilərlər.
Lakin S.Hüseynovun ardından Rusiyanın adamı kimi tanınan digər bir şəxsin - eks-prezident Ayaz Mütəllibovun da onu dəstəkləyən açıqlamalar verməsi şübhələri artırıb.
Söhbət ondan gedir ki, regiondakı indiki mürəkkəb şəraitdə və xüsusilə 2018-ci ilin prezident seçkilərinə təxminən 1 il qalmış Rusiyanın əlaltıları kimi xarakterizə olunan şəxslərin fəallaşması müəyyən mətləblərdən xəbər verir.
Sabiq baş nazirin sükutu pozaraq, verdiyi son müsahibədə AXC-Müsavat hökumətini hədəfə almasına, ən ağır təhqir formasında ittihamlar səsləndirməsinə ölkə daxilindəki müxalif qurumlardan yalnız Milli Şura susdu.
Halbuki qurumun rəhbərliyində AXC-Müsavat hökuməti dövründə yüksək vəzifələrdə çalışmış kifayət qədər insanlar var.
Təkcə Əbülfəz Elçibəy hakimiyyətində dövlət katibi postunu tutmuş, AXCP sədri Əli Kərimlinin adını qeyd etmək kifayət edir.
Amma MŞ niyə susdu, bax, bu yenidən qurumun Rusiyaya jest etməsi ehtimallarını gücləndirir.
Azərbaycan xalqı istiqlalın nə demək olduğunu yaxşı başa düşür. Amma bu o demək deyil ki, ”beşinci kolon"un “gizli qvardiyası” yoxdur. Var, təbii ki... Amma indi nəbz yoxlaması baş verir.
Ölülər, vurulmuş, ifşa olunmuşlar danışdırılır, cəmiyyətin reaksiyası öyrənilir. Ona görə də hətta siyasi meyit saydığlarımızın da canlanmalarına ciddi diqqət ayrılmalıdır.