![Qarabağla bağlı kritik müzakirələr ayı – əsas gözlənti](/uploads/posts/2017-09/1504765208_96dfca5dfd16471f30ba1a6ce1ba70d8.jpg)
Sentyabrın 8-də dini liderlər Moskvada bir araya gəlir, növbəti həftə isə XİN başçılarının Nyu-York görüşü olacaq; politoloq: “Lavrov bununla bir daha Rusiyanın açar fiqur olduğunu qeyd edir…”
“Ermənistanın xarici işləri naziri Edvard Nalbəndyanla görüş razılaşdırılsa da, hələlik konkret tarix və yer bəlli deyil. Çox güman ki, bu yaxınlarda bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən təklif alacağam”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra mətbuat konfransında deyib (axar.az).
Nazirin sözlərinə görə, böyük ehtimal görüş BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək: “Bizim hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur. Yeganə lazım olan şey siyasi qərarın olmasıdır. Bu siyasi qərarın əsasında bizim həmişə vurğuladığımız kimi, əsas şərt Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasıdır”.
Qeyd edək ki, sentyabrın 6-da Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü olub. Xüsusilə də Azərbaycan və Türkiyə XİN rəhbərlərinin bir araya gəlməsi Qarabağ məsələsinin ədalətli həlli baxımından mühüm əhəmiyyətlidir. Modern.az-ın məlumatına görə, Azərbaycan və Türkiyə XİN başçılarının görüşündə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyəli inkişafından və müxtəlif formatlarda keçirilən görüşlərin ikitərəfli münasibətlərə verdiyi töhfədən məmnunluq ifadə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və Ermənistanın qeyri-konstruktiv siyasəti barədə məlumat verib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyi fonunda Türkiyənin həmsədrliyə gətirilməsi məsələsi yenidən aktuallaşıb. Bu mənada məsələnin müzakirə olunub-olunmadığı bəlli olmasa da, istənilən halda iki qardaş ölkənin təmaslarında Qarabağ məsələsinin prioritetlərdən olması şübhəsizdir.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bu təmasları yüksək qiymətləndirdi: “Türkiyə dost və strateji müttəfiq olaraq daima Azərbaycanı dəstəkləyən bir dövlətdir və Azərbaycan da öz növbəsində Türkiyə üçün həm iqtisadi, həm siyasi, həm də regionda mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsində, Rusiya ilə münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Məlumdur ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı mühüm əhəmiyyətli bəyanatlar verir və zənnimcə, həm xarici işlər nazirinin, həm də cənab Ərdoğanın səfəri mühüm əhəmiyyətli səfər kimi dəyərləndirilməlidir”.
Bu yerdə xatırladaq ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının Nyu-Yorkda sentyabrın 12-25 tarixlərində keçiriləcək 72-ci sessiyasının gündəliyinə salınıb. Sessiyada Türkiyə prezidentinin də iştirak etdiyini nəzərə alsaq, Azərbaycan və Türkiyənin məsləhətləşmələri xüsusilə zəruridir. Çünki Ermənistan keçən sessiyada olduğu kimi, bu dəfə də məsələnin müzakirəsinə imkan verməməyi hədəfləyib. Sessiya çərçivəsində Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Düzdür, E.Məmmədyarov görüşün vaxtı və yerinin dəqiqləşmədiyini deyib. Ancaq bir sıra dairələr, o cümlədən Rusiya BMT çərçivəsində görüşə üstünlük verir və bu barədə anonslar edilib. Hədəf prezidentlərin növbəti görüşünə nail olmaqdır. Azərbaycan ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi görüşün müsbət nəticələnəcəyinə ümid yeri qoymur.
A.Nağiyev bu haqda danışarkən bildirdi ki, BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş əraziləri, o cümlədən Dağlıq Qarabağla bağlı məsələnin gündəliyə daxil edilməsi mühüm bir məsələdir və bu məsələnin dövlət başçısı tərəfindən həmişə olduğu kimi gündəmdə saxlanması mühüm addımdır: “Məhz BMT-də bu məsələnin, daha doğrusu, ən uzunmüddətli, öz həllini tapmayan münaqişənin müzakirəsi təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin də öz həllini tapmaması gündəmə gətiriləcək və icra mexanizmi müzakirə obyekti ola bilər. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi dünya üçün əhəmiyyət kəsb edən iqtisadi layihələrə mane olan təhlükəsizliyə təhdidlərdən ən başlıcasıdır və bunun dünyaya çatdırılması mühüm önəm daşıyır”.
Sentyabrın 8-də isə Azərbaycan və Ermənistanın dini liderləri bir araya gələcək. Politoloq Arzu Nağıyev xatırlatdı ki, dini liderlərin görüşü Moskvanın təklifi və təşkilatçılığı ilə keçirilir: “Daha doğrusu, Rusiya patriarxı Kirilin təşəbbüsü ilə Şeyxülislam Allahşükür Paşazadə və ermənilərin kotolikosu II Qareqinin görüşü təşkil edilir. Məlum məsələdir ki, Rusiya yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu göstərməyə çalışır və bununla nüfuz sahibi olduğunu göstərir. Bundan başqa, Ermənistan bir ”kilsə dövləti”dir və bundan daima istifadə edir və işğalçı siyasətə təsir mexanizminə malikdir. Bu baxımdan, münaqişənin həllı üçün əhəmiyyəti ola bilər. Azərbaycan tərəfi məhz Şeyx həzrətləri vasitəsilə müəyyən humanist məsələləri, eyni zamanda Dilqəm və Şahbazın məsələsini də qabarda bilər və düşünürəm ki, belə də olacaq. Yəni ümumi gözlənti məhz humanitar addımlarla, o cümlədən əsir və girovlarla bağlı ola bilər”.
Bu arada Rusiya XİN başçısı Sergey Lavrov bir müddət davam edən sükutu pozaraq Qarabağdan danışıb. Onun əvvəlcə Qarabağ münaqişəsinin həll olunmamasına görə Qərbi günahlandırması barədə açıqlaması müzakirələrə səbəb oldu. Həmçinin nazir Dağlıq Qarabağla bağlı ilk dəfə Rusiya adına bir etirafda bulundu. Sitat: “Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir. Həmin bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb. Təəssüf ki, bu bəyannamələr kağız üzərində qalıb. Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”.
Rusiya XİN-in rəhbərinin postsovet ölkələrindəki münaqişələr sırasında Dağlıq Qarabağ konfliktini də əlavə etməsi diqqət çəkir. Ortaya çıxan qənaət budur ki, rəsmi Moskva postsovet məkanında Qarabağ ixtilafı kimi münaqişə ocaqlarını müstəsna olaraq öz maraqlarını təmin eləmək, həmsərhəd postsovet ölkələrinin Qərbə, NATO-ya inteqrasiyasını önləmək üçün yaradıb. A.Nağıyev də bildirdi ki, Lavrov bununla yenə də Rusiyanın açar fiqur olduğunu qeyd edir və son 20 ildə məhz münaqişənin həll edilməməsinin səbəbkarı kimi Qərbi ittiham edir: “Təbii ki, bu da Rusiya-NATO və daha doğrusu, Qərblə olan münasibətlərdən irəli gəlir. Çünki Qərb SSRİ-nin varisi kimi Rusiyadan münaqişələrin yaradıcısı kimi söndürülməsini də tələb edir. Rusiya isə NATO-nun sərhədlərinin məhz bu regiondan keçməsi bəhanəsini daim qabardır”.(musavat.com)