Kərkük və tarixi türkmən bölgələrinin ən azı yaxın perspektiv üçün kürdlər və İraq arasında bölünmədən xilas olması türkmən xalqı üçün qazancdır, yerdə qalanlar detallardır
Son günlər hər kəsin cavab axtardığı sual Kərkükün taleyi və ümumilikdə cərəyan edən son olaylarla bağlıdır. Çünki bilindiyi kimi, Kərkük tarixən bizə yaxın, soydaş hesab etdiyimiz insanların yaşadığı bölgədir. Ancaq artıq neçə illərdir bu bölgənin başı üzərindən qara buludlar əskik olmur.
Məlumat üçün bir daha xatırladaq ki, İraq mərkəzi hökumətinə tabe olan Kərkük şəhəri və eyni adlı vilayət 2014-cü ildə İŞİD bölgəni işğal edərkən kürdlərlə toqquşmalardan sonra kürd muxtariyyəti qüvvələrinin, yəni peşmərgənin nəzarətinə keçib. 2017-ci il oktyabrın 15-də İraq mərkəzi hökuməti kürd administrasiyası qüvvələrinin İraq mərkəzi hökumətinə bağlı olan, ancaq İŞİD sonrası kürdlərin nəzarətində qalan bölgələrin geri alınması əməliyyatı başladıb. Əməliyyatın məqsədi kürdlərin nəzarətində olan federal əraziləri geri almaq və bununla da referendumla siyasi iddiasını ortaya qoyan Bərzanini cəzalandırmaq olub.
Türkiyə və İranın siyasi, diplomatik dəstək verdiyi bu əməliyyat yaxşı hazırlanıb və mərkəzi hökumətə aid 50 min nəfərlik polis, antiterror birləşmələri, ordu və “Həşdi Şabi” könüllüləri Tuzhurmatdan və Kərkük vilayətindən başlayaraq şimala doğru zəbt olunmuş İraq ərazilərindən peşmərgələri çıxarıb. Əməliyyat demək olar ki, qansız baş tutub, bəzi bölgələrdə anlaşılmazlıqlardan çıxan toqquşmalarda 25 peşmərgə öldürülüb. İraq ordusunun məlumatına görə, kürdlər tərəfindən zəbt olunmuş torpaqlar artıq peşmərgədən tamamilə təmizlənib.
Bu, Kərkük əməliyyatı adlandırılan əməliyyatın zahiri və necə deyərlər, texniki göstəriciləridir. İndi isə gələk bu əməliyyatın əhəmiyyətinə. Əvvəlcə ondan başlayaq ki, bu əməliyyat Türkiyədə və Azərbaycanda böyük rezonans doğurdu. Çünki 25 sentyabr referendumundan sonra narahatlıq vardı ki, bölgədə yeni kürd dövləti yaranarsa, türkmənlərin ciddi zərbə alacaq, mövqelərini itirəcəklər. İraqda həm mərkəzi hökumətlə yaxın olan türkmən camiəsi, həm də Ərşad Salihinin rəhbərlik etdiyi İraq Türkmən Cəbhəsi açıq şəkildə bəyanat yayaraq, qonşu ölkələrə müraciət edərək dəstək istədilər. Kərkükün kürd dövlətinin tərkibində qalması və ümumiyyətlə, kürd dövlətinin yaranması türkmənlər üçün faciə kimi qəbul olunurdu.
Bu səbəbdən də İraq ordusunun Kərkük əməliyyatı və şəhərin yenidən mərkəzi hökumətin tərkibinə keçməsi böyük qələbə kimi qarşılandı. Kərkükə daxil olan İraq qüvvələrini türkmənlər alqışlarla qarşıladılar. Ancaq nədənsə sonrakı günlərdə Kərkük əməliyyatı ilə bağlı tərs yozumlar gəlməyə başladı. Hazırda Türkiyədə və qismən Azərbaycanda bu əməliyyat barədə əvvəlkinin 180 dərəcə əksinə olan şərhlər yayılır. Başlıca tezis və ya antitesiz isə təbii ki, İrandır.
Türkiyə mediasında da bəzi yazarlar və siyasi xadimlər bu prosesdə İranın qazandığını, İrana bağlı “Həşdi Şabi” qüvvələrinin əməliyyatın avanqardı olması, o cümlədən İran ordusunun generalı Qasim Süleymaninin bölgədə olduğu və əməliyyatı idarə etməsi barədə iddialar irəli sürürlər. Önəmli xətt də ondan ibarətdir ki, bu prosesdə qazanan İran olub, Türkiyə isə itirib. Xüsusən də “Həşdi Şabi” faktorunu qabartmaqla (halbuki bu qruplaşma əməliyyatda aparıcı rol almayıb – K.R.) bu əməliyyatı İranın maraqlarına xidmət edən, Tehranın qazancı kimi yozmaq cəhdləri var.
Aydın məsələdir ki, İranın İraqda maraqları var və bu maraqlarını qorumaq üçün çalışır. İran uzun illərdir ki, İraqda mövcuddur. Bunun da bir sıra səbəbləri, iki ölkə xalqı arasında dini-məzhəbi bağlar, tarixi əlaqələr, qonşuluq münasibətləri var. Yəni bu əlaqələr bu gün yaranmayıb, illərdir vardı. Hətta Səddam Hüseyn zamanında, müharibə illərində belə bu bağlar qopmadı. Amerikalılar İraqı işğal edib Bağdadda hakimiyyət quranda işğala qarşı ilk silahlı müqavimət qrupları yarandı. O zaman bu işin başında general Qasim Süleymani vardı, İraqda idi, amerikalılarla kəşfiyyat müharibəsi aparırdı. Ona görə də Kərkük əməliyyatından bir gün qabaq Cəlal Talabaninin məzarı başında dua oxuduğu yerdə şəkillərinin yayılması da o bölgəni tanıyanları təəccübləndirmədi. Amma bizim mövzumuz İranın bu əməliyyata təsiri ilə bağlı deyil. Türkiyə Kərkük əməliyyatına qarşı çıxsa belə bu, İranın oradakı fəaliyyətlərinə təsir etməyəcəkdi. Üstəlik indi elə bir tarixi şərait yetişib ki, orada Türkiyə və İraqın, eləcə də Azərbaycanın (səbəbi aşağıda qeyd olunacaq – K.R.) maraqları üst-üstə düşdü.
Konkret Kərkük əməliyyatına gələk. Bu əməliyyatda hansı qüvvənin iştirak etməsi, şəhərə bayrağı kimin sancması bu prosesin zahiri tərəfidir. Əvvəlcə ondan başlayaq ki, İraqda ordu, polis və antiterror qoşunlarından ibarət silahlı qüvvələrinin ümumi sayı 400 min nəfərə yaxındır. 2014-cü il İŞİD Mosulda yerli valinin xəyanəti nəticəsində İraqın ikinci böyük şəhərini işğal etdi. Ordu demək olar ki, dağıldı, şimal bölgəsindəki qüvvələr pərən-pərən oldu. İŞİD Bağdada doğru irəliləyib paytaxtın 150 kilometrliyinə gəlib çatmışdı.
Bu zaman Ayətullah Sistaninin çağırışı ilə səfərbərlik elan edildi və İraqda daha əvvəl mövcud olan silahlı birliklər bərpa olundu, yeni könüllü briqadalar yarandı. Bütün bunlar ümumi bir ad “Həşdi Şabi” – xalq könüllüləri adı altında birləşdi. Burada İraqın bütün etnik və məzhəbi qruplarından silahlı dəstələr təmsil olunur. Yeri gəlmişkən, Kərkük əməliyyatına rəhbərlik edən komandir Fazil Cəlil əl-Bərvari də kürd idi. O cümlədən “Həşdi Şabi” tərkibində yezidi kürd briqadaları, sünni tayfa silahlı təşkilatları, o cümlədən türkmənlər təmsil olunur. “Həşdi Şabi”nin 52 və 16 saylı briqadaları tamamilə türkmənlərdən ibarətdir. 2014-cü ildə Tuzhurmatı və Telaferi şəxsi silahları ilə müdafiə edən türkmənlər sonradan “Həşdi Şabi”yə daxil olub türkmən briqadaları qurdular. Yeri gəlmişkən, bu briqadalar Tuzhurmatı və Kərkük bölgəsindədir. Yəni, “Həşdi Şabi” dedikdə həm də türkmənləri nəzərə almalıyıq.
Və nəhayət, Kərkükün mərkəzi İraq hökumətinin nəzarətində olması büzüm üçün nədən önəmlidir? Məsələ ondadır ki, Kərkük şəhəri və eyni adlı vilayət İraq dövlətinin inzibati sərhədləri daxilindədir. Ancaq kürd dövləti yaranarsa və iddia etdikləri kimi, Kərkükü əllərində saxlasaydılar, o zaman İraqda ən ağır zərbə soydaşlarımıza dəyəcəkdi. Çünki İraqdakı kiçik türkmən azlığı iki dövlət arasında həm ərazi, həm də əhali olaraq bölünəcəkdi. Bu isə növbəti assimilyasiya olunma və tarixi torpaqlarında yox olmaları təhlükəsi vardı. Necə ki, məhz ötən əsrin ortalarından sonrakı siyasi, hərbi vəziyyət nəticəsində türkmənlər Kərkük şəhərində 3-cü etnik qrupa çevriliblər. Kərkük və ümumilikdə türkmən bölgəsi İraq və kürd dövləti arasında bölünərsə, bu zaman türkmənlərin sayı və təsiri daha da kiçiləcək.
Ancaq vahid İraqın tərkibində qalmaları zamanla türkmənlərin öz torpaqlarında güclənmələri və gələcəkdə mədəni və hətta siyasi muxtariyyət əldə etmək hüququ əldə edə bilərlər. Yeri gəlmişkən, İŞİD işğalına qədər bölgədəki türkmənlərin öz dillərində məktəbləri, mədəniyyət fəaliyyətləri olub. Bu etnik qrupun bölünüb parçalanmaması, əksində kompakt yaşayıb yaşadıqları bölgədə təsirli gücə çevrilmələri üçün onların vahid İraqın tərkibində qalamaları mühüm şərtdir. Əksə təqdirdə kürd dövləti yarandıqdan sonra türkmən bölgələrinin və əhalisinin bir qismi yeni dövləti ərazisində qalacaqsa o zaman tarixi türkmən torpaqları və bütöv bir mədəniyyət yox olacaq. Bu səbəbdən də Kərkükün Bağdad mərkəzi hökumətinin əlində qalması türkmənlər və bütövlükdə bu prosesin bu şəkildə yekunlaşması bölgə üçün müsbət hadisə oldu.
Çünki onsuz da ciddi etnik, dini münaqişələrdən əziyyət çəkən Yaxın Şərqdə yeni dövlət yaranması bölgədə etnik separatizm və bölünməni alovlandıracaq. Bütün bunları nəzərə alanda və ölkə olaraq separatizmdən əziyyət çəkdiyimizi də nəzərə alanda indiki variantda baş verənlər bizim də xeyrimizədir.
Kənan Rövşənoğlu, musavat.com