Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xalq cəbhəsi və İslam: İŞİD Milli Şuranı niyə terror edəcəkdi? - Analiz

30-10-2017, 16:38   


Xalq cəbhəsi və İslam: İŞİD Milli Şuranı niyə terror edəcəkdi? - Analiz-ÖZƏL Azərbaycan hakimiyyəti siyasi rəqiblərinin əksəriyyətini “meyit”ə çevirib. Bu gün ölkə daxilində müxalif-iqtidar qüvvələr arasındakı resursları müqayisə etmək belə absurddur.
Siam.Az yazır ki, iqtidar bütün komponentlərdə müxalifəti üstələyib. İndi nə 2003, nə 2005-ci il deyil. Azərbaycan xalqının mübarizə əzmi də qırılıb.
İnsanlar ruhdan düşüb, inamı sarsılıb, liderlər və təşkilatlar isə yenilənmir, ənənəvi müxalifətə etimad azalıb.
Lakin siyasi mənzərə və durğunluq fonunda hakimiyyətin yeganə olaraq Milli Şura ilə məşğul olduğunu söyləmək olar. Milli Şura 2013-cü ildən bəri 5 ilə yaxındır ki, mövcudluğunu qoruyub saxlayır.
Bu qurum AXCP və Əli Kərimlinin resursları və çiyinləri fəaliyyət göstərən platformadır. 2013-cü ildən sonra MŞ-nı tərk edən partiyalar passiv yol seçdilər.
MŞ isə cəbhəçilərin avanqardından təşkil olunaraq indiyə qədər müxalif qüvvə kimi özünə saxlamağı bacarıb.
Ancaq 2015-ci ildən sonra cəbhəçilərlə yanaşı islamçılar da MŞ-nın ikinci əsas elektoratı olmağa başladı.
Xüsusən də Hacı Talehin həbsindən sonra və onun Əli Kərimliyə məhkəmədən verdiyi ismarıclar dindarları cəbhəçilərlə bir çətir altında topladı.
Beləliklə, hakimiyyət Milli Şurada iki ideoloji qüvvə - xalq cəbhəsi və islamçılarla mübarizədədir.
Hər iki elektoratı təmsil edən liderlər son mitinqlərdə tribunadadır - cəbhəni Əli Kərimli, dindarları Rövşən Əhmədli.
Komandanın balanslaşdırıcı liderləri isə - Cəmil Həsənli, Gültəkin Hacıbəylidir. Hər ikisi vaxtilə hakimiyyətlə əməkdaşlıq etsələr də, parlamentdə təmsil olunsalar da, bu gün Əli Kərimli ilə bərabərdirlər.
Ancaq mitinqdə nə C.Həsənli tərəfdarları var, nə G.Hacıbəylinin sistemin içindən qoparıb transfer edə bildiyi elektorat. Yalnız iki güc - cəbhəçilər və islamçılar Milli Şuranın vitrinidirlər.
Ona görə də MŞ-nın bundan qabaqkı mitinqlərindən birində İŞİD bayrağı dalğalandıran təxribatçı var idisə, sonuncu mitinqini partlatmaq istəyən İŞİD-çilər öldürüldü. Bu, çox böyük təzaddan xəbər verirdi.
Ancaq sual olunmadı ki, vəhabilər MŞ-nın mitinqində niyə terror eləməyi planlaşdırıblar. Axı onların müxalifətlə nə problemi var idi?
Şərq ölkələrində İŞİD hökumət adamlarına qarşı terror edir, hücum planlaşdırır, hakimiyyətlərlə döyüşür. Düzdür, teraktlar da var ki, sivil insanlar tələf olub. Ancaq əsas hədəf hökumət rəsmiləri olur.
Azərbaycanda bir neçə həftə qabaq Milli Məclisi, nazirlikləri partlatmaq istəyən vəhabilərin zərərsizləşdirilməsi haqda xəbərlərin ardınca İŞİD-in bu dəfə müxalifəti terror etmək istədiyi üzə çıxdı.
Əvvəla, bu ayrı məsələdir ki, İŞİD nəinki sərhədlərimizdədir, içimizə sızıb. Yəni, rəsmən İŞİD-ə qarşı mübarizə getdiyi görünür.
Digər tərəfdən, analitiklər rəy bildirmədilər ki, xəvariclər Milli Şuradan nə tələb edirmiş...
Təbii ki, bu hadisənin yeganə bağlılığı MŞ-dakı dindarlar ola bilər. Cəbhəçilərlə vəhabilərin toqquşması məntiqdən çox uzaqdır. Dindarların isə çoxunun şiə təriqətli olduğunu nəzərə alsaq, vəhabilərin niyyəti anlaşılır.
Düzdür, hakimiyyət “bir güllə ilə iki dovşan” vurdu: həm xof yaratdı, həm uğurlu anti-terror əməliyyatı apardığını nümayiş etirdi, həm də Milli Şuranın ekstremist, radikal təşkilat olduğunu ictimai rəydə oturuşdurmağa cəhd etdi.
Milli Şuranın mitinqlərində Hacı Abgül, Tale Bağırzadə, Elçin Qasımov, Hacı Zülfüqar, Abbas Hüseyn, Mövsüm Səmədov, Ruhulla Axundzadə, Eldəniz Məmmədov, Hacı Sərdar Hacıhəsənli, Səid Dadaşbəyli və digər çoxsaylı dindar məhbuslara azadlıq tələb edilir.
Hakimiyyət spekulyativ siyasətlə həm də Qərbə göstərir ki, onların dəstək verdikləri Milli Şura “yaşıl inqilab” istəyən adamların müdafiəsinə qalxır.
İqtidar mesaj verir ki, Avropa təşkilatları və Qərb sekulyar dəyərlərdən imtina edən şəxslərin müdafiəsinə qalxan müxalif təşkilatla əməkdaşlığı əslində, dayandırmalıdır. Lakin hələlik bu reseptlər işləmir. Çünki mitinqlərdə həm də Avropa Birliyinin bayrağı dalğalanır. Bu isə o deməkdir ki, 2018-ci il seçkilərində də hakimiyyətlə Milli Şura mübarizəsi davam edəcək.
Siam.az
Şamxal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar