ABŞ-ın aparıcı qəzetlərindən olan “Nyu-York Tayms”da 4 il əvvəl dərc edilən analiz Yaxın Şərqin necə şəkilləndiriləcəyini açıq formada göstərir.
Publika.az xəbər verir ki, 2013-cü il 28 sentyabr tarixində dərc olunan analizdə Yaxın Şərqdə 5 dövlətin yerində 14 dövlətin yaranacağı izah olunurdu.
“Yaxın Şərqin xəritəsi yavaş-yavaş yenidən çəkilə bilər” başlıqlı yazıda Səudiyyə Ərəbistanı, Yəmən, Suriya, İraq və Liviyanın parçalanacağı bildirilib. Nəşr həmçinin xəritə üzərindən yaranacaq yeni dövlətlərin sərhədlərini verib.
“Nyu-York Tayms”ın Yaxın Şərq proqnozuna görə, İraqın şərqində bir kürd, mərkəzində sünni, paytaxt Bağdadın cənubunda də bir şiə dövləti qurulacaq.
Suriyada isə prezident Bəşər Əsədin təmsilçisi olduğu nüseyri azlığın sahil xəttində müstəqil dövlət quracağı, şimalda kürdlərin yaşadığı muxtar bölgənin ortaya çıxacağı və mərkəzi hissələri də özünə daxil edən geniş bir sünni dövlətin yaranacağı 4 il əvvəlki yazıda proqnozlaşdırılmışdı.
Təhlilə görə, Suriyadakı vətəndaş müharibəsi Yaxın Şərqin taleyini dəyişdirəcək proseslərin başlanğıc nöqtəsi olacaq. Yeni xəritə yalnız Yaxın Şərqə təsiri ilə kifayətlənməyəcək, eyni zamanda beynəlxalq arenadakı iqtisadi əməkdaşlığı, enerji marşrutları, təhlükəsizlik razılaşmaları və siyasi tarazlıqları da dəyişdirəcək.
Xatırladaq ki, daha əvvəl Türkiyənin “Yeni Şəfəq” nəşri ABŞ-ın 2018-ci ilin ikinci yarısında İraq və Suriya ilə bağlı həyata keçirmək istədiyi planı barədə yazmışdı. Nəşrə görə, ABŞ Şimali İraqda peşmərgəni, Suriyada isə PYD-ni (PKK-nın Suriya qanadı hesab edilir - red.) legitimləşdirmək üçün iki ölkədə 7 yeni dövlət elan etməyə hazırlaşır.
Ömər Dağlı