Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kral sarayı ölkəni NATO-ya aparır

11-11-2017, 19:34   



Səudiyyə Ərəbistanında noyabrın 5-dən şahzadələr, nazir, nazir müavinləri, keçmiş nazirlər və iş adamlarının "korrupsiya və rüşvət iddiası" ilə həbs edilməsindən sonra ölkənin zənginləri pullarını ölkə xaricinə çıxarmağa çalışır. Həbslərin davam edəcəyi barədə məlumatlar artır. Yaxın vaxtlarda vəliəhd Məhəmməd bin Salmanın kral taxtına oturacağı gözlənildiyindən həbs edilənlərin azad olunması ehtimalı demək olar ki, yoxdur.

Yeni kralın seçilməsindən sonra isə Səudiyyə Ərəbistanında liberal islahatların başlanacağı, ölkədə mülayim İslama keçiləcəyi, teokratik rejimdən mərhələli şəkildə imtina olunacağı xəbər verilir. Bəzi məlumalara görə isə, Səudiyyə Ərəbistanında aparılacaq demokratik islahatlar uzaq perspektivdə bu ölkənin NATO-ya inteqrasiyasına hesablanıb. Daha doğrusu, söhbət NATO-nun Yaxın Şərqə doğru genişlənməsindən və Qətər, İordaniya, Küveyt kimi ərəb ölkələrini də əhatə etməsindən gedir. Ona görə də Səudiyyə Ərəbistanında baş verən dəyişikliklər dalğasının Fars Körfəzi regionundakı digər ərəb dövlətlərinə yayılacağı istisna olunmur.



NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, ərəb ölkələrinin siyasi, iqtisadi və hərbi həyatında ABŞ-ın birbaşa iştirakı Səudiyyə Ərəbistanında dəyişikliklərlə müşahidə olunur. Politoloq onu da bildirdi ki, şahzadələrin və nazirlərin ABŞ kəşfiyyatından alınan məlumatlar əsasında həbs edilməsi ehtimalı böyükdür: “Səudiyyə Ərəbistanında baş verən proseslər uzaq perspektivə hesablanmayıb. Bu, klanların da savaşı ola bilər. Həmin şahzadələr növbəti hakimiyyət üçün real təhlükə və təhdid ola bilər. Digər tərəfdən, həbs olunan şahzadələr və varlı şəxslərin bir çoxunun ABŞ-ın 1 nömrəli terrorçu hesab etdiyi və 2001-ci il sentyabrın 11-də Ümumdünya Ticarət Təşkilatının binasının partladılmasının əsas təşkilatçısı olan Üsəma bin Ladenlə əlaqədə olmuş adamlardır. Hətta həmin şəxslərin Əfqanıstan yaxınlığında Üsəma bin Ladenlə görüşməsi barədə ABŞ xüsusi xidmət orqanlarının məlumatı var. Son günlər həyata keçirilən həbslər də bu proseslə bağlıdır. Eyni zamanda, Səudiyyə Ərəbistanındaki olaylar ABŞ prezidenti Donald Trampın 2017-ci ilin may ayında Ər-Riyada səfəri zamanı qəbul olunan bir qərardır.

Prezident Tramp ərəb ölkələrinə, həmçinin körfəz ölkələrinə Səudiyyə Ərəbistanını lokomativ olaraq göstərir. Bu, həm də Qətər, Küveyt kimi ölkələrə bir mesajdır. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanında demokratik proseslərin başlanacağından xəbər verir və bildirmək istəyir ki, bizi dinləmək istəməyən dövlətlər məhvə məhkumdur, Amerika bu coğrafiyanın tək sahibidir. Yaxın Şərqdə Rusiyanın da müəyyən manevrlər etməsinə baxmayaraq, əsas söz sahibi ABŞ-dır. Səudiyyə Ərəbistanında baş verənlər əslində Qətərə ünvanlanmış mesajdır. Çünki Qətər coğrafi mövqeyinə görə çox böyük strateji əhəmiyyətə malikdir. Qətər İrana xeyli yaxın məsafədə yerləşir. Bu iki ölkə arasında qırıcı təyyarələrin hava məsafəsi 45-50 dəqiqədir. İranın da Qətəri istəməyərək, lakin dəstəkləməsinin əsl səbəbi bununla bağlıdır. Səudiyyə Ərəbistanında cərəyan edən proseslərin də tərkib hissəsi həmin məsələ ilə əlaqədardır. Lakin ABŞ-ın ərəb coğrafiyasında möhkəmlənməsinin bir neçə metodu var ki, onlardan biri də strateji və hərbidir. NATO-nun ərəb və körfəz ölkələri ilə əməkdaşlığa dair xüsusi proqramı var. Görünür, ABŞ NATO-nun genişlənməsində maraqlıdır.

Bu genişlənmə davam edəcək. Ərəb ölkələrinin NATO-ya dəvət edilməsi hələlik real görünməsə də xüsusi bir xətt üzrə, konkret siyasi proseslərlə bağlı ayrıca bir sənəd imzalana bilər. Bəlkə də bu sənəd artıq imzalanıb. Səudiyyə Ərəbistanının ABŞ-dan 110 milyard dollardan artıq silah, qırıcı təyyarə və hərbi texnika alması bu əməkdaşlığın detallarından biridir. Əslində, həmin silahların Səudiyyə Ərəbistanına satılmasından daha çox ABŞ hərbi bazasının dolayısı ilə orada yerləşdirilməsindən gedir. Bu silahların istifadəsi, texniki təchizatında amerikalı mütəxəssislər iştirak edir. Yəni ABŞ həm silah satır, həm də o dövlətlərə öz hərbçiləri ilə daxil olur. Bu siyasət Rusiyanı narahat edir. Ancaq ərəb coğrafiyasında gedən proseslərin ssenarisi Amerikada yazılır. Səudiyyə Ərəbistanında gedən proseslər isə daha çox Qətər üçün hesablanıb. Qətərə çatdırmaq istəyirlər ki, biz sizi sıxdığımız üçün öz daxilimizdə təmizləmə aparırıq”.

Qeyd edək ki, 2011-ci ildə Tunisdə başlanan və bir neçə ölkədə diktatura rejiminin devrilməsinə gətirib çıxaran “Ərəb baharı” inqilabları demokratik sistemlərin yaranmasına gətirib çıxartmadı. Ona görə də Səudiyyə Ərəbistanında başlanan proseslər demokratik dəyişikliklərin daxildən islahatlar yolu ilə həyata keçirlməsi kimi də başa düşülə bilər. Fərrux Məmmədovun fikrincə, monarxiya üsul-idarəsinin mövcud olduğu ərəb ölkələrində hakimiyyət dəyişikliyinin baş verəcəyi real olmasa da, son hadisələr islahatların tətbiqinə hesablanıb: “Burada mesaj açıqdır. İsmarıc bundan ibarətdir ki, ABŞ bu coğrafiyada hər zaman mövcud olub və olacaq. Önəmli olan sizin aparacağınız islahatlardan bizim xəbərdar olmağımız və bu prosesdə iştirak etməyimizdir. Sizin formalaşdıracağınız hər bir islahat Amerikanın xarici siyasət strategiyasına uyğun olmalıdır. “Ərəb baharı”nın baş verdiyi ölkələrə Amerika demokratiya gətirmək fikrində olmayıb. Çünki ABŞ bilir ki, həmin xalqların 1500-2000 illik bədəvi-mədəni keçmişi var. Oraya Qərb demokratiyası ilə daxil olmaq mümkünsüzdür. Ərəb demokratiyası modelini tətbiq etmək olar. Amma bu qadınlara seçki hüququ verən, küçələrdə edamların qarşısını ala bilən islahatlardan ibarətdir. Lakin ərəb ölkələrində Avropa modelini tətbiq etmək mümkün deyil”.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri hesab edir ki, Səudiyyə Ərəbistanında başlanan yeni siyasi proseslər İranın Yaxın Şərqdən, Suriya və Yəməndən çıxarılmasına, “Həmas” və “Hizbullah” təşkilatlarının fəaliyyətinə son verilməsinə gətirib çıxara bilər. Ekspert qeyd etdi ki, şahzadələrin və nazirlərin həbs olunması daha çox siyasi məsələdir: “Görünür, Mərkəzi Kəşfiyyat İdarəsi şahzadələrin, Yəmənlə, Qətərlə və ya Rusiya ilə gizli sövdələşmələrini ortaya çıxarıb. ABŞ da bununla rəsmi Ər-Riyadı məlumatlandırıb. Bu proseslərin böyüyərək digər ölkələrə də keçməsi istisna olunmur”.

Müşfiq Abdulla

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar