![](/uploads/posts/2017-12/thumbs/1514559890_38457593_303.jpg)
Mark Louen
“BBC” (Böyük Britaniya)
61 yaşlı professor “həyatını” qutulara yığıb, İstanbul Bilgi Universitetində tələbələri ilə vidalaşıb və Brüsseldə müəllim vəzifəsinə işə düzəlib. O, Türkiyə hakimiyyətinə qarşı çıxan və artan “beyin axını” üzvlərindən biridir.
"Hətta mühazirələrdə özümüzü təhlükəsiz hiss etmirik, – İstanbuldakı mənzilində rəfləri boşalda-boşalda deyir. – Dediyimizi eşitmək məcburiyyətindəyik. Bəzi tələbələr söhbətimizi yazır və hökumət mediasına ötürürlər. Sonra məlum olur ki, prezidenti təhqir etmişik, daha sonra təhdidlər və təhqirlər almağa başlayırıq".
O, mükafat almış elmi kitablarını başqa bir qutuya yığır, 2 min ədəd kitabdan seçdiklərini…
"Əvvəllər dindar tələbələrimlə çox sağlam münasibətlər qururdum, – deyə xatırlayır – Ancaq indi onlar elita olduqlarına inanır və bizim də paria (Hindistanda ən aşağı kasta – tərc.) olduğumuzu düşünürlər. İllər əvvəl onlar güc əldə etməyə çalışırdılar, indi o əllərindədir".
Türk elm xadimi Bülent Somay 2016-cı ildə Türkiyə hökumətini kürd separatçılarla silahlı qarşıdurmanı dayandırmağa çağıraraq, müraciətə imza atan 1.128 alimdən biridir.
Prezident Rəcəb Tayyip Ərdoğan onları xəyanətdə ittiham edib. Alimlər universitetlərdən xaric olunub. Bəziləri Türkiyəni tərk ediblər. Digərləri isə "terrorizm təbliğatı" ittihamı ilə mühakimə olunurlar.
260-dan çox insanın öldüyü 2016-cı ilin uğursuz çevrilişindən sonra Türkiyədən köç dalğası sürətlənib. Çevrilişdən sonra 60 min nəfər həbs olunub və 150 min nəfər vəzifəsindən uzaqlaşdırılıb.
Dindar millətçilik daha da gücləndiyi üçün ölkənin dünyəviçi ziyalıları arasında daha geniş köç var.
Miqrasiya axını ilə bağlı rəsmi statistik məlumat yoxdur.
2016-cı ildə müraciət imzalayan 698 türk alim xaricdə təhlükəsiz yerlərə köçmək üçün Nyu-York mərkəzli “Alimlər təhlükə altında” təşkilatına sığınıb.
Son beş ildə İngiltərəyə 17 min türk vətəndaşı gəlib, bunu Daxili İşlər Nazirliyinin rəqəmləri təsdiqləyir. Almaniyanın Statistika Ofisi bu dövrdə təxminən 7 min türkün Almaniyaya, Fransanın Daxili İşlər Nazirliyindən edilən şərhə görə, təxminən 5 min nəfər Fransaya köçüb.
Başqaları alternativ axtarır. Onların arasında İspaniyaya və Portuqaliyaya müraciət edən 4500-dən çox Türkiyə əsilli yəhudi var. Bunlar Türkiyənin kiçik yəhudi icmasının çox hissəsini təşkil edir.
Həmin iki ölkə 15-ci əsrdə inkvizasiya əsnasında yəhudilərin qovulmasını vətəndaşlıqla kompensasiya etməyi təklif edir. Bir çox qeyri-türk yəhudilər də ora köçməyə çalışırlar.
Daha çox adam hələ də Yunanıstana köçür. Sonrakı dörd ildə Yunanıstan hökuməti 430 Türk vətəndaşına “Qızıl Viza” verib. 250,000 € (221,000 £, 296,000 $) və ya daha çox əmlak alaraq bu imtiyazdan faydalanıblar.
Portuqaliyada və ya İspaniyada qiymət 350,000 € bu ölkələrdə vətəndaşlığı təmin edir.
Afina şəhərindəki “Selcan Türk” əmlak agentliyi yaxın vaxtlarda bir türk ailəsinə pəncərəsindən Akropola mənzərə açılan ev satıb. Keçən illə müqayisədə indi həftədə üç dəfə belə müştəriyə rast gəlinir.
…Türkiyə son onilliklərdə bir neçə miqrasiya dalğası görüb: 1960-cı illərdə yüz minlərlə adam Almaniyaya köçüb. İşəgötürənlər ucuz əmək qüvvəsi ilə bağlı ehtiyacları Almaniyaya köçən türklərin hesabına doldurub. Onların bəziləri sonradan Türkiyə iqtisadiyyatına qatqı verib və Ərdoğanın dindar hökumətinin qanadı altında özünü evdəki kimi hiss ediblər.
indi əhalinin digər qismi köçür: liberallar, ziyalılar və iş adamları.
Gələcək illərdə Türkiyə itkiləri sayacaq.
Tərcümə: Strateq.az