![](/uploads/posts/2018-01/thumbs/1515844307_trump-imza_1.jpg)
ABŞ “Altılıq” ölkələrinin və nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının tələblərini nəzərə alaraq İrana qarşı sanksiyaları ağırlaşdırıb.
Cebhe.info-nun məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mətts və bir sıra konqresmenlərlə məslətləşmələrdən sonra qərar qəbul edib.
Prezident Tramp İranın nüvə proqramı ilə bağlı 2015-ci ildə əldə edilmiş razılaşmaya görə, icrası dayandırılmış sansiyaları yenidən genişləndirmək barədə sənəd imzalayıb. Ağ Evdəki rəsmilərdən birinin yerli mediaya verdiyi açıqlamaya görə, Vaşinqton öz müttəfiqlərilə birgə qoşulduğu müqaviləni sonuncu dəfə dəyişdirmək qərarına gəlib. Sanksiyalar İranın 14 hüquqi və fiziki şəxsinə tətbiq edilib. ABŞ Maliyyə Nazirlyinin açıqladığı siyahıya insan haqlarının pozulmasına yol verdiyinə görə 9 təşkilatın və İranın raket proqramı ilə məşğul olan 5 sənaye müəssisəsinin adı daxil edilib. “Qara siyahı”ya salınanlar arasında İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaninin də olduğu bildirilir. S. Laricani İran parlamentinin spikeri Əli Laricaninin qardaşıdır.
“Sanksiyalar ciddi siyasi təzyiqlər göstərməlidir”-Ağ Ev Administrasiyasının nümayəndəsi belə deyib. Onun sözlərinə görə, bu sanksiyalar İranın ən yüksək rəhbərliyinə qədər təsir göstərəcək.
Qeyd edək ki, Tramp Administrasiyası ABŞ-ın 2015-ci il iyulun 15-də Vyanada İranın nüvə proqramına dair “Altılıq” ölkələri ilə imzaladığı müqavilədən çıxmasını təklif edir. Lakin bu məsələdə ABŞ-ın Avropadakı müttəfiqlərinin, o cümlədən Çin və Rusiyanın etirazı ilə qarşılaşması prezident Trampa öz istəyini həyata keçirməyə mane olur. Lakin görünür Ağ Evin rəhbəri sazişdən birtərəfli qaydada çıxa bilməsə də, müqaviləyə qədər qüvvədə olmuş sanksiyaları bərpa etməklə öz məqsədinə bir addım yaxınlaşmağa çalışır. ABŞ nüvə razılaşmasının müddətini uzatsa da, Tehrana qarşı tətbiq etdiyi qadağaları Vyana sazişindən əvvəlki səviyyəyə qaytardı. Ancaq Amerika hökumətindən alınan informasiyalar göstəri ki, D.Trampın əsas hədəfi müqavilənin pozulmasına nail olmaqdır. Birləşmiş Ştatlar bu mövqeyini Tehranın sazişdə göstərilən öhdəliklərə tam əməl etməməklə əsaslandırır və İslam Respublikası ilə oyun qaydalarını dəyişdirmək üçün zəmin yaradır.
Donald Tramp parlament üzvlərinə sözügedən razılaşmanı 60 gün ərzində təhlil etməyi təklif edib. Öz növbəsində isə Konqres ABŞ prezidentinə bu problemlə bağlı yekun qərar qəbul etmək səlahiyyəti verib.
“The Associated Press” agentliyi ABŞ Administrasiyasındakı mənbəyə istinadən prezident Trampın yaxın vaxtlarda nüvə razılaşmasını saxlamaqda davam etdirəcək. Dövlət katibi Reks Tillerson və hətta İrana qarşı sərt mövqeyilə seçilən prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster nüvə proqramına dair razılaşmanın davam etdirilməsinin tərəfdarıdır. Donald Tramp isə hələ prezident seçkilərindən öncə bəyan etdiyi kimi, Vayana razılaşmasından çıxmağı vacib hesab edir. Konqresdəki respublikaçılar isə hesab edir ki, nüvə sazişindən imtina etmək yox, ona yenidən baxmaq lazımdır. Onlar həmçinin, İranın ballistik raketlərin istehsalı və sınağından, həmçinin Livanın İsraillə sərhədində fəaliyyət göstərən “Hizbullah” radikal islam hərəkatına yardımına son qoymasını istəyir.
ABŞ-ın İranla müqavilə üzrə qalan oyunçuların hamısının maraqlarına qarşı faktiki olaraq öz mövqeyini qoymasına baxmayaraq, bu, Vaşinqtonu narahat etmir. Ağ Evin Avropadakı müttəfiqlərilə münasibətlərini gərgin adlandırmaq olar, amma Tramp Çin və Rusiyanı dünya nizamını dəyişməyə cəhd edən "revizionist dövlətlərin" siyahısına salıb.
Ancaq siyasi ekspertlərin fikrincə, ABŞ-ın nüvə razılaşmasından çıxması əks-nəticələr də doğura bilər. Belə ki, sazişin pozulması İran daxilində vəziyyətə təsir göstərəcək ki, bu da nəticədə mühafizəkar qrupların təzyiqi altında olan islahatçı prezident Həsən Ruhaninin mövqeyini zəiflədə bilər.
Müşfiq Abdulla
Cebhe.info