Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kürd dövrü qapandı: Ağ Ev müstəqillik ideyasının üstündən xətt çəkdi

24-01-2018, 14:48   

Kənan Rövşənoğlu: “İraqda da gördük ki, Vaşinqton dövlət maraqlarından çıxış edir, kürdlərin qarşısında hər hansı öhdəliyi yoxdur”

“Kürdlərin Suriyanın şimalında muxtariyyət qurması Amerikaya sərf edir”

Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyanın Şimal-şərq bölgəsində yerləşmiş PYD/YPG terror təşkilatları Afrinə doğru hərəkət edəcəkləri təqdirdə onlara dəstəyini kəsəcək.

Cebhe.info Türkiyə KİV-lərinə istinadən bildirir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

“Suriyanın Şimal-şərqindəki PYD/YPG silahlıları Afrinə doğru hərəkət edəcəkləri təqdirdə ABŞ-ın dəstəyini itirəcəklər”, - deyə açıqlamada bildirilir.

Pentaqondan sensasion qərar

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində YPG və PKK terror təşkilatlarının mövqelərinə qarşı hərbi əməliyyatlara başlayan andan etibarən ABŞ-ın YPG, yaxud PYD-yə verdiyi dəstəyi kəsdiyini bildirilir. Türkiyə KİV-ləri Pentaqondakı mənbələrə istinadən xəbər verirlər ki, Amerikanın hərbi-siyasi dairələri 4 gün əvvəl YPG-yə verilən dəstəyi kəsmək barədə qərar veriblər.

“Bu andan etibarən YPG-yə silah və digər yardımları dayandırmışıq. İndiyədək Şimali Suriyaya göndərdiyimiz silahlar İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya verilirdi. Bu silahların müəyyən qismi İŞİD-ə qarşı döyüşən YPG birləşmələrinə təslim edilirdi. Lakin yeni verilmiş qərara görə Suriyaya göndəriləcək silahlardan YPG-yə pay ayrılmayacaq. Bunlar suriyalı müxaliflət və AntiİŞİD koalisiyasına veriləcək”, - deyə Türkiyə KİV-ləri Pentaqondakı mənbələrə istinadən yazırlar.

YPG silah ala bilməyəcək

Məlumatda qeyd edilir ki, YPG-yə dəstək verməkdən imtina edən Pentaqon Suriyadakı müxaliflər və AntiİŞİD koalisiyasına veriləcən dəstəyi artırmaq barədə qərar qəbul edib. Lakin İŞİD-ə qarşı formalaşdırılmış koalisiya ABŞ-ın tələbi ilə qurulmuş Suriya Demokratik Qüvvələrinin birləşmələrindən biri sayılır. Birlik PYD-nin nəzarətindəki bölgələrin cənubunda, yaxud etnik tərkibi daha çox ərəblərdən ibarət olan bölgələrdə İŞİD-ə qarşı savaşmaq üçün qurulub. Bu qruplar arasında ən güclüsü isə sözsüz ki, YPG-dir. YPG-yə bağlı mənbələr də ABŞ tərəfindən koalisiya adına göndərilən silahların bütün qruplaşmalar tərəfindən istifadə edildiyini təsdiq edirlər. Pentaqondakı mənbələrə istinad edən Türkiyə KİV-ləri isə ABŞ-ın hanısa səbəbdən koalisiyaya göndərilən silahlardan YPG-yə pay ayırmaqdan imtina etdiyini iddia edirlər.



“Şərtlər dəyişsə, kürdlərə sahib çıxan olmayacaq”

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Pentaqon kürdləri İŞİD qarşı mübarizə üçün dəstəkləyib. Ekspert qeyd edib ki, Pentaqondan verilən rəsmi açıqlamada da bu öz əksini tapıb:

“Bu günə qədər də son 3 il ərzində də bu bölgədə yaşayan kürdlər Pentaqon tərəfindən İŞİD-ə qarşı dəstəklənib. ABŞ bildirir ki, kürdlər, yəni YPG və iki il əvvəl bir dam altında birləşən Suriya Demokratik Qüvvələri Amerikanın Suriyada İŞİD-ə qarşı savaşan quru qoşunlarını əvəz edib. Əslində bu, amerikalılar üçün uyğun variant idi, həm əsgər itkisindən, həm də böyük xərclərdən qaçırdılar. Bir amerikalı əsgərin bir aylıq Suriyada və başqa regionda savaşda iştirakı bəzi məlumatlara görə, ortalama 10 min dollara qədər gəlib çıxır. Daşıma xərcləri, sığorta, yüksək əməkhaqları, pensiya və sair, üstəlik təchizat və xidmətlər də bura daxildir. Amma kürdlər bunu daha aşağı “qiymətə” etdilər. Çünki onlar da özləri üçün dəstək axtarırdılar. Ancaq bu, təbliğ edildiyi kimi, amerikalıların kürdlərin əbədi müttəfiqi olması anlamına gəlmir. Hər kəs öz marağına oynayır. Kürdlərin Suriyanın şimalında muxtariyyət qurması Amerikaya sərf edir. Çünki bölgədə müttəfiqi yaranacaq, Suriya, Türkiyə və İraq kimi ölkələrə, o cümlədən İrana təzyiq rıçaqı olacaq. Buna görə də dəstək verir. Amma İraqda da gördük ki, Vaşinqton dövlət maraqlarından çıxış edir, kürdlərin qarşısında hər hansı öhdəliyi yoxdur, sabah şərtlər dəyişsə, kürdlərə sahib çıxan olmayacaq. Ancaq hələlik Vaşinqton belə bir fakt qarşısında deyil”.

Kənan Rövşənoğlu ABŞ-ın kürdlərə dəstəyini davam etdirdiyini diqqətə çatdırıb: “Bunun üçün əsas səbəb yenə də İŞİD-lə mübarizədir. Buna görə də dəstəyin kəsiləcəyini düşünmürəm, amma hər halda xbərdarlıq edilib. Bu o deməkdir ki, sabah şərtlər dəyişsə və Vaşinqton dəstəyini dayandırsa, bunun üçün artıq ortada “səbəb” var. Ancaq hələlik elə bir ciddi səbəb yoxdur”.

Mənsur Rəğbətoğlu

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar