Nüfuzlu “Financial Times” qəzetində David Gardner adlı müəllif Türkiyə və kürdlər haqqında geniş yazı yazıb. BBC-nin təqdim etdiyi yazıda Suriya, münaqişəsi və hazırda davam edən “Zeytun budağı” əməliyyatının Ankara və onun NATO müttəfiqləri ilə arasında soyuqluq yaratdığı qeyd olunur.
Müəllif yazır ki, 5 il əvvəl Türkiyənin hazırkı dövlət başçısı kürdlərlə anlaşmağa çalışsa da, indi tamamilə əksinə hərəkət edir. O, bu vəziyyətin xüsusilə İranın mövqelərini gücləndirdiyini iddia edir. Müəllif hesab edir ki, əgər Türkiyə kürdlərlə münasibətlərini davam etdirsəydi, indi daha möhkəm mövqedə olardı. Daha sonra isə yazar türklər və kürdlərin çox qüdrətli birlik ola biləcəyini yazır.
Amma doğrudanmı, belədir? Türkiyənin kürdlərlə “böyük ittifaqı” mümkündürmü? Məsələ ondadır ki, bir çox ekspertlərə görə, Ərdoğanın “kürd acılımı” siyasəti də məhz kürdlərin provokasiyası nəticəsində iflasa uğradı. Üstəlik, kürd məsələsi birbaşa Türkiyənin ərazi bütövlüyünü təhdid etdiyi üçün belə bir birliyin yaranması sual doğurur.
Siyasi şərhçi Şahin Cəfərli “Yeni Müsavat”a verdiyi açıqlamada kürd məsələsinin Türkiyə Cümhuriyyətinin qarşısında duran ən ağır və ən mürəkkəb problem olaraq qaldığını qeyd edib.
Onun sözlərinə görə, hələ cümhuriyyətin ilk dövrlərində, dövlətin möhkəmlənmədiyi və öz nüfuzunu ölkənin ucqarlarına yaya bilmədiyi vaxtlarda, 1925-ci ildə Şeyx Səid üsyanı, 1937-38-ci illərdə Dersim kimi kürd üsyanları baş vermişdi: “O zaman hələ PKK kimi siyasi proqrama və ideologiyaya sahib təşkilat yox idi və kürd üsyanları etnik separatizm təməlində deyil, Atatürkün inqilabi modernizasiya siyasətinə qarşı dini motivlərlə, eləcə də yerli əşirət ağalarının öz feodal strukturunu qorumaq niyyəti ilə baş verirdi”.
Ş.Cəfərlinin fikrincə, istər keçmişdə, istərsə də indi Türkiyənin işini çətinləşdirən başlıca amil kürd məsələsinin sadəcə ölkə daxilində mövcud olan lokal bir ixtilaf olmamasıdır: “Bu problem ölkə sərhədlərini çoxdan aşmış, regional ayaqları olan, qlobal güclərin də iştirakının olduğu və zaman-zaman yararlandığı qatı düyünə çevrilib. Məhz bu səbəblə, düyünü necə açmaq sualı və bu suala cavablar Türkiyədə xüsusən 1984-cü ildə PKK terrorunun başladığı dövrdən bu yana hər zaman aktual olub. Kamalist sistem problemi güc yolu ilə çözmək xəttinə üstünlük verib və həmsərhəd ölkələrdəki kürd fəallığına da potensial təhdid kimi baxıb. Ümumiyyətlə, kamalistlər bu məsələni “kürd problemi” deyil, “güney-doğu sorunu” adlandıraraq ölkədə etnik zəmində hər hansı narazılığın olmasını da inkar edirdilər. Lakin solçu (CHP nəzərdə tutulmur) və mühafizəkar siyasətçilərin sistemdən fərqli yanaşmaları olub. Detallara varmadan ümumiləşdirilmiş şəkildə desək, solçular marksist-leninçi partiya kimi ortaya çıxmış PKK ilə ideoloji yaxınlıqları səbəbilə bu problemin məhz ideoloji zəmində, sol ideyaların ölkədə bərqərar edilməsi və Qərb imperializminin siyasi-mədəni təsirlərinin aradan qaldırılması yolu ilə çözümə qovuşacağına inanıblar”.
Mühafizəkar dairələrdə isə kürd probleminə yanaşma fərqli, daha doğrusu ümmətçi nöqteyi-nəzərdən olub. Ş.Cəfərli deyir ki, Ərdoğanən fərqli siyasətinin kökü də burdan gəlir: “Məsələn, mərhum Nəcməddin Ərbakanın və onun davamçılarının yanaşması bundan ibarət idi. Rəcəb Tayyib Ərdoğan da İstanbul bələdiyyə başqanı olduğu dövrdə “kürd raportu” hazırlatdırıb, partiyanın lideri Ərbakana təqdim etmişdi. Orada kamalist sistemin və Ərdoğanın özünün hazırkı mövqeyindən radikal şəkildə fərqlənən təklif və təsbitlər yer almışdı”.
Ş.Cəfərli deyir ki, Türkiyəyə rəhbərlik etmiş şəxslər arasında kürd məsələsi üzərində ən çox düşünən, qeyri-standart ideyalar və fikirlər ortaya qoyan lider Turqut Özal olub.
Ekspertin sözlərinə görə, T.Özal İraqın şimalındakı kürdləri də əhatə edəcək bir federasiya qurulması ideyasını ortaya atıbmış: “Bu ideyaya görə, Kərkük və Mosul Türkiyənin tərkibinə qayıdacaq və kürdlər Türkiyə dövlətinin tərkibində yerli özünüidarə hüquqlarına malik olacaqdı. Lakin söhbət etnik kimliyə əsaslanan federativ quruluşdan deyil, Almaniya kimi əyalət sisteminin qurulmasından gedirdi. 1991-ci ildə 1-ci Körfəz savaşından sonra Səddamın zülmündən qaçan kürdlərə Türkiyə öz qapılarını açmışdı. Türkiyə dövləti o zamana qədər Təlabani və Bərzaniyə sıradan əşirət rəisləri kimi yanaşırdı və onları ciddiyə almırdı.
Lakin Özal hər iki şəxsi Ankaraya dəvət edərək onlara qırmızı pasport verdi və o vaxta qədər İraqdan çıxa bilməyən Tələbani ilə Bərzani türk pasportu ilə dünyanı gəzməyə başladılar.
Özalın bu addımı dövlətin ənənəvi siyasətindən fərqli bir siyasətin başlaması və ABŞ-ın İraqa müdaxiləsindən sonra bu ölkənin şimalında yaranaraq beynəlxalq koalisiya tərəfindən qorunan kürd strukturlaşmasının Ankara tərəfindən de-fakto tanınması, qəbul edilməsi mənasına gəlirdi. Bu siyasət davamlı olmadı və Özalın vəfatı ilə birlikdə sona yetdi. Lakin 2002-ci ildə sağ-mühafizəkar cinahın yeni lideri - Ədalət və İnkişaf Partiyasının iqtidara gəlməsindən bir müddət sonra Özalın vizyonu yenidən aktuallaşdı”.
Türkiyədə Kamalist sistem zəifləyib öz əvvəlki gücünü itirdikdən sonra AKP və onun lideri Rəcəb Tayyib Ərdoğan əvvəlcə ölkədə kürd probleminin mövcud olduğunu rəsmən etiraf edib, daha sonra isə buna uyğun yeni siyasət formalaşdırıb.
Ş.Cəfərli deyir ki, 2009-cu ildə “Milli birik və qardaşlıq projesi”, “Demokratik açılım”, “Kürd açılımı” şərti adları ilə təməli qoyulan bu proses 2013-cü ilin Novruz bayramından etibarən “çözüm sürəci” şəklində konkretləşdi. Bu proses, nəhayət, 2015-ci il fevralın 28-də İstanbulda, Dolmabahçe sarayında hökumətlə HDP arasında 10 maddəlik Deklarasiyanın elan olunması ilə öz zirvəsinə çatıb: “Türkiyə hökuməti paralel şəkildə bölgə kürdləri ilə əlaqələri də inkişaf etdirdi. Məsələn, İraqın şimalındakı kürd muxtar bölgəsində tikinti və yeni infrastrukturun qurulması işlərinin önəmli hissəsini Türkiyə yerinə yetirib. Türk iş adamlarının bu bölgədə ciddi yatırımları var. Son illərə qədər Ankaranın İraq siyasətində Bağdad deyil, Ərbil prioritet idi. Suriya ixtilafının ilk illərində Türkiyənin Suriya kürdləri ilə də problemi yox idi. Hətta kürdlərin əlindəki Kobaniyə İŞİD hücumunun dəf edilməsində Türkiyənin xüsusi rolu oldu.
Daha sonra Türkiyə Süleyman şahın türbəsini PYD-nin iştirakı ilə köçürdü. PYD-nin lideri Salih Müslüm Ankaraya dəvət olundu.
Yəni Ərdoğan müəyyən mənada Turqut Özalın siyasətini davam etdirirdi və regionun gələcəyi ilə bağlı onun vizyonuna bənzər fikirlərə sahib idi. “Neoosmanizm” bölgə kürdlərini də əhatə edən bir düşüncədir”.
Lakin Ş.Cəfərlinin fikrincə, “çözüm sürəci”nin sona yetməsi Türkiyənin siyasətində 180 dərəcəlik dəyişikliyə səbəb olub və ölkə daha sərt şəkildə kamalist sistem dövründəki siyasətə qayıdıb: ““Çözüm sürəci”nin hansı səbəbdən bitməsi ilə bağlı müxtəlif rəylər var. Mən burada hər iki tərəfin rolunun olduğunu düşünürəm. Əvvəla, PKK terror təşkilatı Öcalanın vəd etdiyi kimi, tərksilah olmağa razılaşmadı. Suriyada baş verən proseslər və İraqdan sonra ABŞ-ın dəstəyi ilə bu ölkədəki kürdlərin də ayağa qalxaraq təşkilatlanması PKK-nın eyforiyaya qapılmasına səbəb oldu. Bölgədə “kürd baharı”nın başladığını düşünən PKK liderləri güman etdilər ki, Suriyadakı prosesləri Türkiyənin cənub-şərqinə də keçirmək olar. Nəticədə “Xəndək savaşları” başladı və Türkiyə təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində bəzi qəsəbələri ələ keçirmiş terrorçuları təxminən 1 il davam edən çətin əməliyyatlar nəticəsində zərərsizləşdirdi.
Sülh prosesini bitirən konkret hadisə kimi isə 2015-ci il iyulun 22-də Şanlıurfa vilayətinin Ceylanpınar qəsəbəsində boyunlarından vurularaq öldürülmüş 2 türk polisinin meyitinin aşkarlanması olayı göstərilir.
Bundan bir gün sonra Türkiyə hərbi aviasiyası PKK-nın İraqdakı mövqelərini bombardman etdi. Ölkə daxilində isə PKK, İŞİD, DHKP/C terror təşkilatlarına qarşı genişmiqyaslı polis əməliyyatına start verilərək yüzlərlə terrorçu yaxalandı. “Çözüm sürəci”nin bitməsinin digər səbəbi isə bu idi ki, proses hakim partiyanın və şəxsən Ərdoğanın reytinqinə mənfi təsir göstərməyə başlamışdı. 2015-ci il 7 iyun parlament seçkilərində AKP 41%-ə yaxın səs alaraq təkbaşına hökumət formalaşdırmaq imkanını itirdi. Prezident Ərdoğan anladı ki, millətçi və ya milli məsələlərdə həssas olan elektoratı öz tərəfinə cəlb etmədən siyasi planlarını reallaşdıra bilməyəcək. PKK-nın tərksilah olmağı rədd edərək yenidən terrora başlaması bu baxımdan AKP-nin də işinə yaradı. Nəticədə seçkidən bir ay sonra, iyul ayında “çözüm sürəci” tarixə qovuşaraq silahlı toqquşmalar yenidən başladı.
Qeyd etdiyim kimi, kürd məsələsi çox ağır və çox mürəkkəb problemdir.
Hərbi yol istənilən nəticəni vermədi, siyasi yol da uğursuzluqla nəticələndi. Yəni məlum oldu ki, nə yalnız hərbi vasitələrlə, nə də təkcə siyasi üsulla bu məsələnin öhdəsindən gəlmək mümkün deyil. “Mərhum Özalın və daha sonra Ərdoğanın düşüncələri gerçəkləşsəydi, yəni bölgədə türk-kürd birliyi yaransaydı, bu gün biz tamam başqa bir mənzərənin şahidi olacaqdıq” fikri reallığı əks etdirən bir düşüncə deyildi. Çünki əvvəla, kürd separatizmi “müstəqil Kürdüstan” xəyalına əsaslanır, bu xəyaldan qidalanır.
Kürdlər bu xəyalı bəlkə müəyyən müddətə təxirə sala bilər, ancaq ondan vaz keçmələri mümkün deyil. İkincisi də, Orta Şərq miqyasında türk-kürd birliyi üçün qlobal və regional güclərin də razılığı, ən azı əngəl olmaması zəruri şərtdir. Bu da indiki dövrdə real görünmür, çünki istər ABŞ, istər Rusiya, istərsə də Avropa, İsrail və digər qüvvələr bu kartdan yararlanmaqdadır. Türkiyə daxilində problemin lokallaşdırılmasına gəldikdə isə, bu, mümkündür. Şəxsən mən düşünürəm ki, Türkiyə terror təşkilatına qarşı mübarizəni davam etdirməklə bərabər, daxildə demokratiyanı da inkişaf etdirməli və Avropa standartlarına uyğun, insan haqlarına əsaslanan cəmiyyət quruculuğuna geri qayıtmalıdır. Çünki insan haqlarının təmin olunduğu demokratik ölkələrdə separatçılıq üçün bəhanə tapmaq çətin olur. Əksinə, avtoritarizmin, diktaturanın mövcud olması və insan haqlarına məhəl qoyulmaması isə separatizmə müəyyən legitimlik qazandırır - İraq və Suriyada olduğu kimi... Təbii ki, çıxış yolu tapmaq Türkiyənin siyasi qüvvələrinin və liderlərinin vəzifəsidir. Lakin görürük ki, Türkiyədə bu məsələyə dair qafa qarışıqlığı davam edir, yəni heç kimin əlində konkret bir həll formulu yoxdur. İqtidarı tənqid edən müxalifət də hər hansı real proqram, konsepsiya ortaya qoya bilmir.
Bir sözlə, kürd məsələsi zaman-zaman səngiyərək və zaman-zaman aktivləşərək Türkiyənin başını ağrıtmağa davam edəcək”.
Kənan Rövşənoğlu,
“Yeni Müsavat”