Əhalinin banklara olan kredit borclarının silinəcəyilə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, millət vəkili Əli Məsimli parlamentdə “Müflisləşmə və iflas haqqında” Qanun layihəsinin müzakirəsi zamanı minlərlə sahibkarın bankrot olduğunu əsas gətirərək bu istiqamətdə addımların atılması vacibliyini qeyd edib.
Onun sözlərinə görə, hər hansı bankın lisenziyası alınırsa, sahibkar bundan əziyyət çəkir: “Əgər bankın lisenziyası alınıbsa, onu başqa banka keçirsinlər. Bu, yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər”.
Əli Məsimli həmçinin Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olmaq məsələsinə də toxunub. O deyib ki, 2015- ci il də səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi: “Onlara nə edəcəyik? Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik ödəniş barədə sərəncam imzaladı. Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, 3 min dollar qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın”.
Məlumat üçün qeyd edək ki, AXCP sədri Razi Nurullayev də prezidentliyə namizəd olduğu dönəmdə seçiləcəyi təqdirdə banklara olan kredit borclarının silinəcəyini bildirmişdi. Onun sözlərinə görə, insanların 3000-5000 dollar dəyərində olan kredit borcları bağışlanmalıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Şəmsəddin Hacıyev Cebhe.info-ya açıqlamasında deyib ki, komitə səviyyəsində bu məsələ bir neçə dəfə müzakirə olunub: “Məhz bir dəfə də müzakirə olunacaq. Təklif budur ki, komitə səviyyəsində buna ayrıca bir məsələ kimi baxılsın. Hesab edirəm ki, məsələ problem olaraq qalır. Bu istiqamətdə müəyyən addımlar atılmalıdır. İlk növbədə o borcların hamısının strukturlarına baxmaq lazımdır.
Kredit alan bunu nə üçün alıb, ona baxılmalıdır. Məsələn, krediti maşın və ya digər məsələlər üçün götürübsə, onlara yanaşma başqa cür olmalıdır. Kimlərsə çox məcburiyyət qarşısında qalıb kredit götürüblərsə, onlara bir qədər başqa rakusdan yanaşmaq lazımdır. Hər halda müzakirələr də bu aspektdə olmalıdır. Bilirəm ki, dövlət səviyyəsində də bu məsələ gündəmdədir. Amma qanunvericilik də var, onu da unutmayaq. Qanunvericilik, qanun mexanizmi, müqavilə və müqavilə şərtləri var. Bu məsələyə bir ara məhkəmələrdə də baxıldı. Elə şeylər var ki, onları keçmək mümkün deyil. Hər halda araşdırılmalıdır”.
Alçina Amilqızı
Cebhe.info